Bugün Çaldiran döyüşünün 507-ci ildönümüdür. 1514-cü il avqustun 23-də Azərbaycanın Maku şəhəri yaxınlığındakı Çaldıran düzündə Səfəvi ordusu ilə Osmanlı ordusu arasında həlledici döyüşlərdən biri baş vermişdir. Osmanlı mənbələrinə görə, Sultan Səlimin ordusunun sayı 100.000, qızılbaşların sayı isə 40.000 nəfər idi. Səfəvi mənbələrinə əsasən, Şah İsmayılın döyüşçülərinin sayı 20.000 nəfərdən artıq deyildi.
Türkiyə tarixçisi Riza Yıldırımın “Turkomans between Two Empires” (İki imperiya arasındakı Türkmanlar) əsərindən: “(Qızılbaşların sayı) 20.000 nəfər olsa da, onların hər biri savaşda on döyüşçüyə bərabər idi”.

Döyüş qızılbaşların şiddətli həmlələri ilə başlanmış, üstünlük uzun müddət Səfəvi cəngavərlərinin (o dövrdə Səfəvi süvariləri cəngavər adlandırılırdı) tərəfində olmuşdur. Vəziyyətin hədsiz dərəcədə ağır olduğunu görən Sultan Səlim savaş meydanına özünün xüsusi təyinatlılarını – yeniçəriləri göndərdi. Lakin şanlı yeniçəri döyüşçüləri də qızılbaş bahadırlarının qılınc və nizə zərbələri altına düşdülər. Dəhşətli bir qırğın başlandı. Venesiyalı Katerino Zeno döyüşü belə təsvir edir:
“Adamlarının tələf olduğunu görən Sultan Səlim geri çəkilməyə başladı. O, döyüş meydanından qaçmağa hazırlaşdı. Lakin bu kritik anda Sinan paşa özünü yetirərək əmr etdi ki, topları irəli çəkib bir-birinə qarışmış döyüşçülərə – həm yeniçərilərə, həm də qızılbaşlara atəş açsınlar.
Topların – bu cəhənnəm maşınlarının gurultusunu heç vaxt eşitməmiş atlar qorxuya düşüb qaçmağa başladılar. Qızılbaş süvariləri nə qədər çalışsalar da vahimələnmiş heyvanları ram edə bilmədilər. İddia edirlər ki, əgər topların atları dəhşətə gətirən atəşi olmasaydı, şübhəsiz ki, qızılbaş süvariləri bütün ordunu məğlub edib qılıncdan keçirəcəkdilər”.
Şah İsmayıl Səfəvi bu döyüşdə şəxsən iştirak etmişdi. O, osmanlıların ən qüvvətli pəhləvanlarından olan Tur Əlı bəy Malkoçoğlu ilə qarşılaşmışdı. Şah bir qılınc zərbəsi ilə Tur Əli bəyi, faktiki olaraq, iki hissəyə bölmüşdü. Tur Əlı bəyin qardaşı Əli bəy Malkoçoğlu da bu savaşda həlak olmuşdu. Maraqlıdır ki, onların atası Balı bəy Malkoçoğlunun 1513-cü və ya 1514-cü ildə öldüyü ehtimal edilir.

Malkoçoğlu nəslinin əsasını XIV əsrdə yaşamış, serblərin Malkoviç nəslindən olan, İslam dinini qəbul edərək türklərin tərəfinə keçmiş Malkoç bəy qoymuşdur. Malkoçoğulları Osmanlı imperiyasının apardığı, demək olar ki, bütün müharibələrdə iştirak etmişdilər. 1389-cu il iyunun 15-də türklərlə serblər arasında baş vermiş Kosovo döyüşündə türk ordusunun sol cinahının komandiri serb Malkoç bəy idi. Bu savaşda o, böyük qəhrəmanlıq göstərmişdi. Malkoç bəyin oğlu Mustafa bəy də Kosovo savaşında fərqlənib serblərə ağır zərbələr vurmuşdu. Mustafa bəy Malkoçoğlu 1400-cü ildə Osmanlı ilə Əmir Teymur arasında müharibədə həlak olmuşdur. Malkoç bəyin digər oğlu isə Şah İsmayılla təkbətək döyüşü uduzmuş Tur Əli bəyin atası Balı bəy idi. Bu nəsildən olan digər Balı bəy Malkoçoğlu Yəhyapaşzadənin (1495–1555) obrazını “Malkoçoğlu” serialında tanınmış türk aktyoru Cüneyt Arkın, “Möhtəşəm yüz il” serialında isə Burak Özçivit canlandırmışlar.
Bunu da qeyd etməyi vacib bilirik ki, həm yeniçərilər, həm də Osmanlı ordusunun akınçıları (həmlə dəstələrinin döyüşçüləri) özünün şəxsi keyfiyyətlərinə – sərkərdəlik məharətinə, igidlik və cəsarətinə görə Şah İsmayıl Səfəviyə rəğbət bəsləyirdilər.

Müəllif: Milli Kimlik Araşdırmaları Qrupunun üzvü Araz Şəhrili

Write A Comment