1966-cı ilin yazında Fransa prezidenti Şarl De Qollun (1959-1969) SSRİ-yə səfəri nəzərdə tutulur.
Səfərin müddətinə az qalmış Fransa prezidentinin protokol xidmətindən Kremlə növbəti teleqram daxil olur. Teleqramda bildirilir ki, Şarl De Qoll səfəri zamanı SSRİ vətəndaşı olan, özünə dost və silahdaş saydığı Armed Mişellə görüşməyi arzulayır və istəyir ki, hava limanında qarşılanma mərasimində bu şəxs də iştirak etsin.

Bu haqda Brejnevə (1966-1982) məlumat verilir. SSRİ rəhbəri dərhal həmin şəxsin tapılmasına göstəriş verir. Lakin Armed Mişel adlı şəxs tapılmır. Məsələ Brejnevi və bütün Kremli narahat edir.
Təsadüfən Mərkəzi Komitədə çalışan bir makinaçı bir neçə il bundan öncə belə bir ada rast gəldiyini xatırlayır.
Məlum olur ki, həmyerlimiz 3-4 il bundan öncə də Kremldə olub. Onun haqda Leonid İlyiçə belə məlumat verilir:

” O, Azərbaycanda yaşayır. Çox qəribə adamdır. Müharibə vaxtı fransızların partizan dəstələrində olub, qəhrəmanlıq göstərib. Günlərin birində fransızlar ona 100 min dollar pul göndərmişdilər. Bu azərbaycanlı pulları qəbul etmək istəmirdi. Biz onu təcili Kremlə çağırtdırıb, dedik ki, pulu geri qaytarmaq olmaz. Nəhayət onu razı saldıq ki, pulları Sülh fonduna köçürək. Və beləliklə Şəkidən olan Əhmədiyyə Cəbrayılov(1920-1994) tapılır.
Nəhayət, səfər günü gəlib çatır. SSRİ rəhbərləri hava limanında ali qonağı qarşılamaq üçün sıraya düzülürlər. Fransa prezidenti isə Brejnevlə görüşdükdən sonra ətrafa göz gəzdirir və köhnə dostunu görən kimi ona tərəf addımlayır. Əhmədiyyə Cəbrayılov da həyəcanla dostuna sarı irəliləyir və cəbhə dostları bir-birini bağrına basır. Protokol qaydalarına zidd olan bu mənzərə SSRİ rəhbərlərinin təəccübünə səbəb olur.

Əhmədiyyə Cəbrayılov 1990-cı ildə Şarl De Qollun anadan olmasının 100 illiyinə həsr olunmuş mərasimdə iştirak etmək üçün fəxri qonaq qismində Parisə dəvət olunur. Həmin mərasimdə 10 dəqiqəlik çıxış edir. 1994-cü il yanvarın 6 da isə Əhmədiyyə Cəbrayılova “Fəxri Legion” ordeni təqdim edilir.

Mənbə: M.F.Axundzadənin ev muzeyi 

Write A Comment