Səfəvi təriqətinin geniş coğrafiyaya yayılması təriqətin şeyxi Xacə Əli ləqəbi ilə məşhur olan Əlaəddin Ərdəbili və oğlu İbrahimin dövrünə təsadüf edir. Xacə Əli 1392-ci ildə vəfat edən Səfəviyyə şeyxi Sədrəddin Ərdəbilidən sonra təriqətin lideri məqamına yüksəlir.

Səfəviyyə təriqəti Xacə Əli zamanında çox genişlənir. Şeyx Əlinin dərin dini-fiqhi bilikləri və sufi kəramətləri bütün İslam dünyasında məşhurlaşır. Ankara (Çubuk) müharibəsindən qayıdarkən Əmir Teymur 1402-ci ildə Ərdəbilə gələrək Xacə Əlini ziyarət edir. Bu zaman Əmir Teymur Ərdəbil və ətraf kəndləri Səfiyyə təriqətinə vəqf edir. Eyni zamanda Teymurun Anadoludan əsir alıb gətirdiyi 30 min türk əsir də Xacə Əlinin xahişi ilə azad edilir. Bu insanlar Səfəviyyə təriqətinə qoşulur, bəziləri isə daha sonra Anadoluya geri qayıdaraq Səfəvi təbliğatçısı olur.

Anadoluda Hamidoğlulları, Karamanoğlulları kimi bir çox böyük və nüfuzlu türk tayfalarından çoxlu sayda insan Səfəvi təriqətinə qoşulur. Bundan başqa Talvar, Həmədan və daha bir neçə bölgədə böyük ərazilər Səfəvi təriqətinə vəqf edilir. Əmir Teymurdan sonra 1420-ci ildə oğlu Şahrux Mirzə də Ərdəbilə gələrək Şeyx Səfinin məzarını ziyarət edir və Xacə Əli ilə görüşərək ondan tövsiyələr alır.

Xacə Əlinin həyatının bir dövrü isə Yaxın Şərqlə, konkret olaraq Qüdslə bağlıdır. Həcc ziyarəti məqsədi ilə səfərə çıxan Xacə Əli səfər boyunca Suriya, daha sonra isə Qüdsə gedir. Məhz bu səfər nəticəsində Suriyada və Qüdsdə məşhur islam alimləri də daxil olmaqla çoxlu sayda tərəfdar qazanır. Xacənin dərin savadı və sufi kimi məşhurluğu səbəbi ilə insanlar onun ətrafına toplanırdı.

Xacə Əlinin Anadoludakı ən məşhur xəlifələrindən biri də Kamal Ummi adlı şəxs olub. Daha bir Anadolu xəlifəsi isə Bayramiyyə təriqətinin qurucusu Hacı Bayram Vəlinin mürşidi “Somuncu Baba” ləqəbi ilə məşhur olan Həmiduddin Aksarayi olub.

Maraqlıdır ki, Bayramiyyə və Cəlvətiyyə tariqəti silsilələri Hacı Bayram Vəli, Somuncu Baba və Xacə Əli vasitəsi ilə Səfəvi təriqətinə bağlanır. (Türkiyə Diyanet Vəqfi İslam Ensiklopediyası, Səfəviyyə məqaləsi).

Xacə Əlidən sonra Ərdəbil təkkəsinə oğlu “Şeyx Şah” ləqəbi ilə tanınan İbrahim keçir. İbrahim zamanında Səfəvi təriqəti Azərbaycan əraziləri ilə yanaşı Anadolunun şərqi, Suriyanın şimalında yaşayan türkmənlər də daxil olmaqla geniş coğrafiyaya yayılmışdı. Ümumilikdə Səfəvi təriqəti Azərbaycandan başqa Gilan, Təbəristan (Mazandaran), Xorasan, Buxara, Türkmənistan, Türküstan, Karakitay, Çin Türküstanı, Hindistan, Sərəndib (Seylan), İran, İraq, Suriya, Livan, Hicaz, Anadolu və Balkan regionunda yayılıb, bu regionlarda minlərlə təkkə və müridləri olub.

Yeri gəlmişkən, Şeyx İbrahimin bir oğlu Əbu Yəhya Məhəmməd isə Suriyanın Hələb şəhərində yaşayıb. Ulduz şəklində dəmir mismarlar düzəltdiyi üçün Kəvakibi ləqəbi ilə tanınıb. Daha sonra onun nəsli Hələb və ətrafında Kəvakibzadələr (Əbdülbaki Gölpınarlıya görə) olaraq yaşayıb.

Mənbə: Millikimlik Araşdırmaları qrupunun üzvü, Kənan Rövşənoğlu

Write A Comment