Azərbaycan türklərinin yaşadığı ölkələrdən biri də Əfqanıstandır. Bütün dünya onları belə tanıyır, araşdırma materiallarında, rəsmi sənədlərdə onlar “qızılbaş”, “Azərbaycan türkləri” kimi təqdim olunurlar.


Məlumat üçün qeyd edək ki, Qızılbaşlar Əfqanıstanda əsasən Kabil və ətrafında, habelə Heratda. Qəznə vilayətində yaşayırlar. Əfqanıstanın ərazisi 647,5 min kv.km-dir. Mərkəzi Asiyada dənizə çıxışı olmayan əsasən dağlıq ərazilərdən ibarət Əfqanıstanda əhalinin 99 faizi müsəlmanlar təşkil edir. Etnik tərkibi zəngin olan Əfqanıstanda əhalinin 42 faizini pəştunlar, 27 faizini taciklər 9 faizini xəzərlər, 9 faiz özbəklər, eləcə də aymaklar, türkmənlər, bəluclar və başqa xalqların nümayəndələri təşkil edir. Rəsmi dil dari və puştu dilləridir. Dövlət quruluşu – İslam Respublikasıdır.

37 milyon əhalisi olan Əfqanıstanda 500 min nəfərə yaxın “qızılbaş” türklərin yaşadığı güman olunur. Ancaq Taliban dövründə etnik və məzhəbi təqiblər səbəbindən bir çox qızılbaş özünü tacik kimi təqdim edərək gizlənib. Ancaq buna baxmayaraq həm Kabil şəhərində. Həm də məşhur Baqram hərbi aerodromunun yerləşdiyi eyni adlı bölgədə milli kimlik və dillərini qoruyub saxlamış qızılbaş azərbaycanlılar çoxdur. Yeri gəlmişkən, Əfqanıstanda iki fərqli ərazidə Qarabağ adlı rayon mövcuddur. Burada yaşayanlar özlərini “Cavanşirlər” adlandırır. Məşhur Qarabağ xanları ailəsi də Cavanşir tayfasından idi.

Ümumilikdə isə Əfqanıstanda Əfşar, Cavanşir, Muradxanlı, Bayat, Şahsevən, Şamlı, Ənsarlı, Şahağası və digər Qızılbaş tayfalarının nümayəndələri yaşayır.

Əfqanıstan qızılbaşları

Azərbaycanlı qızılbaşların Əfqanıstana yerləşməsi ilə bağlı iki əsas versiya var. Daha doğrusu, iki dövrdə gəldikləri güman edilir. Birinci mərhələ 11-ci əsr Səlcuqlar dövrü hesab olunur. Ehtimal olunur ki, türkmən tayfalarının Əfqanıstana ilk gəlişi 11-12-ci əsrlərdə Səlcuqlar dövründə olub.

İkinci gəliş isə nisbətən daha gec, 18-ci əsrdə olub. Güman olunur ki, Qarabağlı tayfalar da məhz 18-cə əsrdə Nadir şah zamanında qızılbaş türkmən tayfaları Əfqanıstan ərazisinə köçürülüb. Ehtimal olunur ki. Nadir şahın təşəbbüsü ilə Qarabağ, Urmiya və Həmədan bölgələrindən qızılbaş türkmən tayfaları Əfqanıstanın Kabil, Herat, eləcə də Qəndəhar vilayətlərinə yerləşdirilib. Yeri gəlmişkən, məşhur azərbaycanlı islahatçı Cəmaləddin Əfqaninin də doğum yeri bir mənbəyə görə, Kabilin şərqində, Konar çayının sahilində, Pakistan sərhədi yaxınlığında yerləşən Əsədabad kəndindəndir. Maraqlıdır ki. daha bir Əsədabad kəndi İran ərazisində Həmədan vilayətində yerləşir. İran tarixçiləri Əfqaninin bu kənddən olduğunu iddia edirlər. Bu faktın özü də Əsədabad kəndinin Həmədanla bağlılığını göstərir. Güman ki, Əfqanıstandakı Əsədabad kəndini Nadir Şahın İrandan köçürdüyü əsədabadlılar salıb. Güman ki, dövlətinin sərhədlərini Hindistana qədər genişləndirən Nadir şah qızılbaş tayfalarını məhz şərq sərhədlərini qorumaq üçün Əfqanıstana yerləşdirib. Bu gün də Əfqanıstanda yaşayan Qızılbaşlar üçün Nadir şah xüsusi hörmətlə yad edilir.

Əfqanıstan qarabağlıları

Ümumiyyətlə, azərbaycanlı jurnalistlərin səfər edib reportajlar hazırladığı Əfqanıstan qarabağlıları haqqında bilinən odur ki. bu ölkədə iki fərqli regionda Qarabağ adlı yaşayış məntəqəsi mövcuddur. Ümumilikdə isə Əfqanıstanda Qarabağ, Qarabağbazar, Qarabağpalan, Qarabağbibi kimi yer adları var.

Bundan başqa hazırda Əfqanıstanda Əfşar, Əfşar-təpə, Əfşar-nənəkçi, Bayat, Şahağası, Otuzikilər, Şahsevən kimi yer adları mövcuddur.

Əfqanıstanda hazırda mövcud olan Qarabağ adlı iki yaşayış məntəqəsindən biri Kabil şəhərindən 60 km şimalda, Baqram aviabazasının 20 km cənub-şərqində yerləşir. Burada təxminən 20 min insan yaşayır.

İkinci Qarabağ rayonu isə Kabildən cənub-şərqdə Qəzni vilayətinin eyni adlı mərkəzindən cənubda yerləşir. Qəzni vilayətinin 19 rayonundan biri olan Qarabağ rayonunda 60 minə yaxın insan yaşayır.

Qeyd edək ki, Əfqanıstan qızılbaşları bu ölkəyə dövlətin əsas dayağı və hərbi gücü kimi yerləşdirilib. Uzun müddət. Əfqanıstanda məzhəbçilik və tayfa davaları başlayana qədər qızılbaşlar bu ölkədə əsas dövlət postlarında təmsil olunub. əhalinin savadlı və döyüşçü təbəqəsi hesab olunub. Hazırda da Əfqanıstan hökumətində orta və yuxarı məmur təbəqəsi içərisində Qızılbaş əsilli şəxslər üstünlük təşkil edir.

Yeri gəlmişkən, uzun illərdir müharibə və iğtişaşlardan əziyyət çəkməsinə baxmayaraq Əfqanıstan Qarabağ münaqişəsi zamanı hər zaman Azərbaycana dəstək verib. Vətən Müharibəsi başladığı ilk günlərdə Azərbaycana ilk açıq və birmənalı siyasi dəstək verən ölkələrdən biri də Əfqanıstan olub. Burda da müəyyən mənada tarixdən gələn doğmalığın rolu vardır.

Müəllif: Millikimlik Araşdırmaları qrupunun üzvü, Kənan Rövşənoğlu

Write A Comment