Ağqoyunlu imperiyasının yenilməz bahadırı Həsən padişah Bayanduri özünün qüdrətiylə deyil, həm də dövrünün mədəniyyətinə, alimlərinə, pirlərinə və seyyidlərinə qayğı ilə yanaşan bir şəxs idi. Təbrizdə möhtəşəm bir saray təşkilatı qurmuş, ülamə, şüara və mütəsəvvüfləri ətrafında toplamağa çalışmış, bunlarla elmi mübahisələr və elmi münaqişələrdən böyük zövq almışdır. Bu mənada hər tərəfdən gələn elm, fikir və sənət adamları onun ətrafında toplanmışdır. Tarixi məlumatlar sübut edir ki, dövrünün digər hökmdarları kimi Həsən padişah və oğlu Sultan Yaqub savaşlara verdikləri önəmdən heç də geri qalmayacaq dərəcədə mədəniyyət aləminin yaradıcılarına; alim, şair və sənətkarlara dəyər vermiş, bu sahədə dövrün digər hökmdarlarıyla yarışa girmişdilər.

Həmin dövrlərdə Herat, İstanbul, Qahirədən geri qalmamaq üçün zamanın inciləri sayılan şəxsləri bol hədiyyələrlə və vədlərlə öz saraylarına yığmağa çalışmışdılar. Həsən padişahın dərvişliyə meylli bir şəxs olduğu qeyd olunur. Hətta bildirilir ki, o, təsəvvüfə meylliliyinin sonucu olaraq Səfəviyyə təriqəti şeyxlərinə dərin maraq göstərmiş, bu təriqəti qəbul edərək Şeyx Cüneydin müridi olmuşdur. O, tez-tez Şeyx Səfiəddin dərgahını ziyarətə gələrdi. Döyüş qabağı və döyüşdən sonra istər Həsən padişah Bayanduru, istərəsə də Sultan Yaqub yaxınlıqda olan müqəddəs şəxslərin və övliyaların məzarlarını ziyarətə gedər və dualar edərdilər.

Şah İsmayıl Xətai apardığı bütün müharibələr öncəsi və sonrası müqəddəs insanların, övliyaların məzarlarını, türbələrini ziyarə edər və zikrə oturardı. Dini ideologiyanı, xüsusilə də sufiliyi əldə rəhbər tutaraq, öz səltənətini müqəddəslik örtüyünə bürüməyə çalışan İsmayıl bu mənada ibadətə xüsusi fikir verirdi. Onun İraqdakı Kərbəla, Nəcəf, Kazimeyn, Samirə ziyarətgahlarında, İmam Rzanın Məşhəddəki məqbərəsində xüsusi rituallar həyata keçirdiyi məlumdur. O, hətta Nəcəfdəki Həzrət Əli məqbərəsində saatlarla təkbaşına ibadət etmişdi.

Bəzi vaxtlarda isə bütün gecəni oyaq qalaraq, münacatla məşğul olurdu. Kərbəlada İmam Hüseyn (ə) dərgahını ziyarəti haqqında yazılır ki, dəgaha beş yüz metr qalmış atdan enir və bütün qoşuna atdan enməyi əmr edir. Ağ kəfən geyir və dizin-dizin sürünə-sürünə dərgaha doğru sürünməyə başlayır. Ona bunu irad tutanlara isə, “bir də bu sözləri dilinizə gətirsəniz, qılıncdan keçirərəm” deyir. Daha sonra əlavə edir: “Burada Yerin-Göyün sərvəri yatır, Şahı yatır, mən onun atının ayığının tozuyam”.

Azərbaycan Səfəvilər dövlətinin ən uzun dövrü ərzində hökmdarlıq etmiş Şah Təhmasib görkəmli sərkərdə, diplomat olduğu kimi, imanlı bir şəxs olmuşdur. Səfəvi dövrü mənbələri onu dindar, şəriətpərvər, ədalətli, Allahın köməyinə arxalanan bir insan kimi təsvir edirlər. Ziyarətgahlara böyük önəm verən, hər zaman oraları ziyarət edən Təhmasib şah onların həm də himayəçisi idi. O, din xadimlərinə xüsusi qayğı ilə yanaşırdı. Təhmasib şah dövrünün məşhur din xadimi Mühəqqiq Hilliyə böyük etimad bəsləmişdir. Dövrün böyük ilahiyyatçılarından olan Mirzə Abdullah İsfahani özünün təlif etdiyi «Riyazul-uləmə» adlı kitabda Təhmasib şahın onun barədə verdiyi hökmü olduğu kimi təqdim edir. «Bağışlayan və mehriban Allahın adı ilə. İmam Sadiq (ə) buyurur: Öz aranızdan olan, hədislərimizi nəql edən, halal və haram etdiklərimizə diqqət yetirən şəxsə baxın. Mən onu sizin aranızda hakim qərar verdiyim kimi, siz də onu hakim qərar verin…

Peyğəmbərin şəriətini qoruyan müctəhidlərin hökmü ilə müxalif olanlar sözsüz ki, müşriklərlə eyni dərəcədədirlər. Bir sözlə, müctəhidlərin sonuncusunun, peyğəmbərlərin, imamların və onların naiblərinin hökmünə qarşı çıxan və onların fətvalarına tabe olmayan şəxslər dindən çıxmış məlunlardırlar»
Başqa bir məktubda Şah Mühəqqiq Kərkiyə bir çox səlahiyyətlər verdiyi və ölkə ərazisində bütün yüksək rütbəli dövlət adamlarını onun verdiyi hökmlərə tabe olmağa çağırdığı göstərilir. Bütün bunlarla yanaşı, dini sahələrdə çalışan bütün məmurların təyin və çıxarılmasını da ona həvalə edir. Dini sahələrə isə adətən qazilik, vəqf, dini elmlərin tədris olunması, mədrəsələr, yaxşı işlərə dəvət və pis işlərdən çəkindirmək daxil idi. Şah verdiyi bu hökmü İmam Zaman (ə)-ın zühur etməsi üçün müqəddimə hesab edərək yazırdı :

«Peyğəmbərlər ağasının dinini yaşatmaq, səhər tək aşkar olan məsum imamların təriqətini zahir etmək və müxaliflərin qubar və zülmətini aradan qaldırmaq ədalət günəşinin zühur etməsi üçün bir müqəddimədir. Dinin qorunması və onun öz nurunu hər yana saçması din alimlərinin davamçılarının vəzifəsidir».

Təhmasib şahın özünün hakimiyyət dövründə gördüyü tədbirlərdən biri də bir çox imamzadələrin üzərində gözəl məqbərələr tikməsi və beləliklə, əhali ilə ziyarətgahlar arasında sıx əlaqə yaratması olmuşdur. Bu vaxtadək sünni sufi olan fars və türklərin bir çoxu yalnız öz sufi şeyxlərinin ziyarətinə gedirdi. Lakin bundan belə imamzadələrin kütləvi ziyarəti başlanır. İndinin özündə də əgər İran ərazisindəki imamzadələrin üzərindəki kətibələrə nəzər salarıqsa, orada Təhmasib şahın adını görə bilərik. Əlbəttə, sufi şeyxlərinin də bəzilərinin ehtiramı gözlənilirdi. Belə ki, daha çox əhəmiyyət kəsb edən Şeyx Səfiyəddin Ərdəbilinin qəbri sufilər tərəfindən ziyarət olunurdu. Biz həmən dövrün tarixi abidələrinə nəzər saldıqda Şeyx Səfiyəddin Ərdəbilinin qəbri üzərində də gözəl məqbərənin ucaldığının şahidi oluruq.

İmamzadələrlə yanaşı, həmən dövrdə üzərində Təhmasib şahın adı həkk olunmuş bir çox gözəl məscidlər də tikilir. Təhmasib şah dini ehkamlara böyük hörmət bəslədiyi üçün həcc ziyarətinə xüsusi diqqət yetirmiş və istər Osmanlılarla bağladığı sazişdə, istərsə də sonrakı yazışmalarında onlardan yolu açmalarını və Azərbaycanla və Orta Asiya zəvvarların təhlükəsizliyini təmin etmələrini istəyir. Tərəflərarası sülh sazişi imzalandıqdan sonra Səfəvi zəvvarların Məkkə və Mədinəni ziyarət etmələrinə şərait yaranır.

Ziyarət məqsədilə olunan səfərlərdə Səfəvi dövlətinin bəzi dövlət məmurları da iştirak edir. Orta Asiya zəvvarları da Həcc ziyarətinə getmək üçün Səfəvi ərazisindən ötüb keçməli idilər. Onlar Qəzvində şəxsən Təhmasib şah tərəfindən qarşılanır və sonra Hicaza göndərilirdilər.
Orta Asiya zəvvarları da Həcc ziyarətinə getmək üçün Səfəvi ərazisindən ötüb keçməli idilər. Onlar Qəzvində şəxsən Təhmasib şah tərəfindən qarşılanır və sonra Hicaza göndərilirdilər.

İlahi İsfahani özünün «Xuldbərrin» adlı kitabında Təhmasib şahın gördüyü işlər haqqında ümumi məlumat verərək yazır : «Hər cür tərifə layiq olan padşah Qəzvində olduğu müddətdə (şah on doqquz il Qəzvində olmuş və bu müddət ərzində oranı tərk etməmişdir) daim əhalinin nizam-intizamına, dinin inkişafına, habelə Peyğəmbər ağası Həzrəti Məhəmməd (s) və pak ailəsinin sünnətinin yaşadılmasına xüsusi diqqət yetirmişdir. Alim və seyidlərin məqamını uca tutur və elmin tərəqqisinə, habelə Məşhəd, Təbriz, Səbzivar, Qum və Ərdəbil seyidlərinə ayrıca pay ayırırdı.

Səfəvi şahları işərisində Şah I Abbasın dini ziyarətgahlara münasibəti xüsusilə seçilir. Həzrəti Əli (ə)nin hədsiz aşiqi olan Şah I Abbas özünü Həzrəti Əli (ə)nin iti adlandırırdı. O, şeirlərində də bunu ifadə edirdi. Yazırdı ki, sanki Həzrəti Əli (ə)nin yola çıxdığı karvan uzaqdan gedir. Mən də balaca bir it bu karvanı salamlayır, quyruğumu sevinclə bulayıram. Özünün Həzrəti Əli (ə) itinin olmasından qürur duyurdu. Səfəvi mənbələrində yazılır ki, Şah I Abbas ata-babaları kimi dərvişliyə, zahidliyə, din yolunda çalışmağa xüsusi önəm verərdi.

Ziyarətgahlarda saatlarla ibadət edər, zikrə oturardı. O, daha çox İmam Rzanın hərəmində olmağı sevər və bir neçə Quran da ora hədiyyə etmişdi. Onlardan biri 1600-cü ildə hədiyyə edilmiş bu Qurandır. Bu Quran kufi xətti ilə yazılıb. . Ümumilikdə muzeydə saxlanan Quran nümunələrinin böyük əksəriyyəti I Şah Abbas dövrünə aiddir. Həmçinin o da məlumdur ki, İmam Rzanı (ə) ziyarət edənlərə “Məşhədi” deyilməsi göstərişini ilk dəfə Şah Abbas verib.

Azərbaycan hökmdarları arasında Nadir şah Əfşar dini ocaqlara, dini müansibətlərə xüsusi qayğı ilə yanaşıbdır.
O, Məşhəddə İmam Rza məqbərəsini genişləndirib, məscidin Şah kitabxanasına ən çox ianə verib və bura 400 əlyazma bağışlayıb. Ölkənin xristian təbəələrinə çox dözümlə yanaşıb, onların azad etiqad hüququna hörmət edib. İncil, Tövrat və Quranın müəyyən qisimlərini türk dilinə təcrümə etdirib. Nadir Şah Məşhəddə ikinci minarəni tikdirir və tapşırıq verir ki, o, köhnədən fərqlənməsin. Həmçinin ziyarətgahın “Eyvani-Abbasi” hissələrinin də bəzədilməsini tapşırır. “İnqilab eyvanı”ndakı türbə də Əfşarın nadir əsərlərindən biridir. O, həm də Məşhədi özünə paytaxt edir. Onun yerinə keçən nəvəsi Şahrux Mirzə məqbərəni sapfir, yaqut və zümrüdlərlə bəzədilməsinə göstəriş verib.

Qacar şahı Fətəli Qacar da “Darul-Ziyafəh” eyvanını tikdirib və üçüncü dəfə qəbir üzərindəki örtüyü dəyişdirərək poladdan bir zərih hazırlatdırıb. O həmçinin sonradan tamamlanan “Azadlıq” eyvanını da qurub və Nasir əl-Din Qacar onu tamamlayıb. Ziyartgahın daxili və xarici hissəsi Qacar dövründən bir xatirədir.

Müəllif: Millikimlik Araşdırmaları qrupunun üzvü, Dilavər Əzimli.

Write A Comment