Tarixçilər nədənsə Səfəvilərin Şah İsmayıl Xətai hakimiyyəti illərindəki dövlət bayrağı barədə yekdil fikirdə deyillər. Bu, əsasən həmin dövrə aid miniatürlərdə Səfəvi-Qızılbaş ordusunun bayraqlarının müxtəlif şəkildə təsvir edilməsi ilə əlaqədardır. Ümumən parlaq yaşıl rəngli parça üzərində Aypara təsviri ilə olan bayraq Səfəvilər dövlətinin rəsmi bayrağı kimi qəbul edilir, halbuki mənbələr bizə bundan bir qədər fərqli məlumatlar verir. Bəzi araşdırmaçılar bu günkü Azərbaycan Respublikasının və 1918-1920-ci illərdə mövcud olmuş ADR-in dövlət bayrağındakı ay-ulduz simvolikasına Osmanlı imperiyasının da dövlət bayrağında rast gəlindiyini bildirərək bu rəmzlərin Azərbaycan bayrağına Osmanlı dövlətinin dövlət atributlarından keçdiyini söyləyirlər.

            Əvvəla, bunu qeyd etmək lazımdır ki, yeniyetmə İsmayıl qızılbaş müridləri ilə özünün ilk möhtəşəm tarixi yürüşünə çıxarkən Qızılbaş qoşununun bayrağı qismində üzərində Ələm şəkli olan al qırmızı parça qəbul edilmişdi, bunu miniatürlərdən də görmək mümkündür. Səfəvilər dövlətinin qurulması ilə üzərində aypara və səkkiz guşəli böyük ulduz olan parlaq yaşıl rəngli parça dövlət bayrağı kimi qəbul edilib. Məlumatlardan aydın olur ki, bu bayraq Şah I Təhmasibin hakimiyyət illərinə qədər dövlət bayrağı kimi qalıb, I Təhmasibin zamanında dövlət bayrağı kimi eyni yaşıl rəngli parça üzərində üzü sola doğru olan qızıl qoç və arxa fonda səkkiz guşəli iri gözlü Günəş təsviri qəbul edilib. I Şah Abbasın dönəmində artıq Səfəvilər dövlətinin bayrağında bizlər şiru-xurşid təsvirinə (ön planda yumruğunu düyünləmiş aslan və arxa fonda Günəş) rast gəlirik.

            Göründüyü kimi, Qızılbaşlıq ideologiyasının təşəkkül tapdığı dönəmdən bu yana Qızılbaşların bir neçə rəsmi və qeyri-rəsmi bayrağı olub. Bunlardan hansının məhz Şah İsmayıl Xətai dövrünə aid olduğunu araşdırarkən ortaya ilginc faktlar çıxır.

            “Cahanarayi-Şah İsmayıl Səfəvi” adlı tarixi mənbədə I Şah İsmayılın 1508-ci ildə Bağdada varid olması bu cür qeyd olunub: “Şah İsmayıl ay-ulduz bayrağı altında Bağdada yaxınlaşdı. İraq əhalisi sürətli addımlarla onu qarşılamağa çıxdı.”

            Aypara və səkkiz guşəli ulduz simvolikası barədə Misir Mərdanov özünün “Azərbaycan Respublikasının dövlət rəmzləri” adlı kitabında müəyyən elmi-tarixi əsaslara söykənərək onu qeyd edir ki, burdakı səkkizguşəli ulduz sırf Günəş təsviridir. Bizlər Qobustan qayalıqlarında eyni rəmzlərlə üzləşirik və aydın olur ki, ay və günəş simvolları azı 8-10 min il əvvəl bu torpaqlarda qutsal simgələr kimi qəbul edilib, eradan əvvəl XXI əsrdə (III minilliyin sonu) isə Azərbaycanın Quti (Oğuz) adlı tayfalar birləşməsi İkiçayarasında hakimiyyəti ələ keçirdikdən sonra Ay-ulduz rəmzləri bu ərazidə geniş yayılmağa başlayır. Aypara və günəşi ifadə edən böyük ulduz simvolu eyni zamanda qədim Azərlərin (Oğuzların) dini-astroloji görüşləri ilə də sıx bağlıdır. Yəni qədim Azərbaycan qamları həm göy qübbəsi haqda, həm planetimizə birbaşa təsir göstərən günəş və ay barəsində, həm astronomiya və astrologiyaya dair geniş bilgilərə sahib idilər. İslam alimləri bir məsələdə yekdil fikirdədirlər ki, eradan əvvəl III minilliyin sonunda İkiçayarası xalqı aya, günəşə və ulduzlara tapınmaqla onları simgələşdirmişdi. Əlbəttə, burda o zaman həmin ərazilərin şəksiz sahibi olan qədim Qutilərin (Oğuzların) dini-astroloji görüşlərinin danılmaz rolu var. Qədim türk dövlətlərinin və oğuz boylarının başlıca simgələri arasında ayparaya və günəşi ifadə edən səkkizguşəyə rast gəlinməkdədir. Eyni simvollar qədim türk-oğuzların qəbirləri üzərindəki sinə daşlarında da qarşımıza çıxır. Sözügedən simvolların ilkin və daha qədim məna yozumu Oğuz Xaqanın oğulları, bu günkü Azərbaycan və Anadolu Türklərinin mifik babaları hesab olunan Ay Xan və Gün Xan ilə bağlıdır. Ağa Məhəmməd şah Qacarın Osmanlı sultanına yazdığı məktubda şah Qacar xanədanının Ay Xanın, Osmanoğullarının isə Gün Xanın övladları olduğunu qeyd edir və fəxrlə “gündüzlər dünyanı işıqlandırmağa nə var, oğul istəyirəm ki gecələr cahanı aydınlatsın” deyir.

            Allah-təalanın bəşəriyyətə göndərdiyi son din olan İslamın təşəkkülü və yayılması türk-oğuzlara məxsus Aypara və Günəş simvollarının yeni məna kəsb etməsinə gətirib çıxardı, “şəmsü-qəmər” ifadəsi yazılan əsərlərdə yer aldı. Bu dönəmdən başlayaraq Azərbaycanın dahi şair və mütəfəkkirlərinin əsərlərində ay-ulduzla bağlı çoxmənalı sitatlar özünə yer tutmağa başlayıb. Bu, bir çox səbəblərlə yanaşı həm də Qurani-Kərimdə günəş və ay barədə düşündürücü ayələrin olması ilə də bağlı idi (xatırlada bilərik ki, Qurani-Kərimdə həm əş-Şəms, həm də əl-Qəmər adlı surələr var). Əş-Şəms surəsi aşağıdakı ayələrlə başlayır:

“1 – And olsun günəşə və onun işığına (günəşin qalxdığı vaxta);
 2 – And olsun (günəşin) ardınca çıxan aya!”

            Həqq-Təalanın müqəddəs kitabında ay və günəşin and obyekti kimi göstərilməsi öz-özlüyündə İslam mütəfəkkirlərinin əsərlərinə öz təsirini buraxdı. Nizami Gəncəvinin “Səadət günəşi birlikdən doğar” fikrində “birlik” sözü məhz İslam birliyini və onu təmsil edən Ayparanı ifadə edirdi. Hürufiliyin ideyavericisi Seyyid İmadəddin Nəsiminin qəzəllərində də ay-ulduz, ay-günəş təsvirlərinə geniş yer verilib – bəzi yerlərdə sırf astronomik və astroloji, bəzi məqamlarda isə dərin sətiraltı məna çalarları ilə. Qızılbaş düşüncə sistemi bu simvolları Həzrəti-Mühəmməd (s) və Həzrət Əli (ə) ilə bağlayırdı. Şah İsmayıl Xətainin aşağıdakı misrası buna bariz nümunədir:

            Xətai der rəhm etməzəm yalana,

            Özün təslim edər özü gələnə,

            Ay Əlidir, Gün Mühəmməd, bilənə,

            Bax nəzər eylə də həmən arif ol.

Yeri gəlmişkən, ay və günəş rəmzlərinin islami anlamda işlənməsi öz-özlüyündə bir sıra astronomik biliklərlə uzlaşır. Belə ki, Həzrət Əli (ə)-ı ifadə etdiyi bildirilən Ay özünün bizə görünən işığını, nurunu məhz Həzrəti-Mühəmməd (s)-in bənzədildiyi Günəşdən alır. Və İslam simvolikasında günəşi ifadə edən ulduzun Ayparanın içinə yaxın təsvir edilməsi İslam peyğəmbərinin ən yaxın köməkçisinin Tanrı elçisini hər addımda qoruması motivi ilə uyğun gəlir.

Bütün bunlardan daha bir ilginc nəticə hasil etmək olar: müstəqil Azərbaycan Respublikasının dövlət bayrağındakı ay-ulduz rəmzləri məhz Şah İsmayıl Səfəvidən qalmadır. Və Azərbaycan bayrağının ilk ideyavericisi olmuş dahi ideoloqumuz Əli bəy Hüseynzadə, eləcə də Azərbaycan Demokratik Cumhuriyyətinin dövlət bayrağının yaradıcıları olmuş milli təfəkkür sahibi insanlar ay-ulduz simvolunun qeyd edilən məna yozumlarını bilirdilər.

Müəllif: Milli Kimlik Araşdırmaları qrupunun üzvü Ceyhun Bayramlı

Write A Comment