Tarix təkrarlanır. Müzəffər Azərbaycan ordusu doğma torpaqlarımızı qarış-qarış erməni qəsbkarlarından təmizləyərək 30 illik həsrətə son qoymaqdadılar.
Ancaq bu Azərbaycan xalqının Qarabağ uğurunda ilk savaşı deyil. 100 il əvvəl Qarabağ uğrunda gedən döyüşlərdə misilsiz şücaət göstərən, xalqımızın azadlıq ideallarına sadiq, Azərbaycanın vətənpərvər və döyüşkən oğullarından biri də, AXC ordusunun ilk baş qərargah rəisi, Əsgəran savaşının qəhrəmanı kimi tanınan Azərbaycan generalı Həbib bəy Səlimov idi. Həbib bəy Azərbaycan Xalq Cümhuriyyətinin Hərbi naziri, tam artilleriya generalı Səməd bəy Mehmandarovun 26 fevral 1919-cu il 30 əmri ilə Bakının azad edilməsindəki xidmətlərinə görə general-mayor rütbəsi ilə təltif olunub. 1919-cu ilin iyul ayında Səlimovun rəhbərliyi altında hərbi dəstə Muğan və Lənkərana bolşevik (əsasən ruslar) qiyamını yatırmaq üçün göndərildi və o bu vəzifənin öhdəsindən uğurla gəldi. Həmin ilin avqustunda Naxçıvanda Azərbaycan qoşunlarına komandanlıq etdi. 24 mart 1920-ci ildə Hərbi Nazir, Mehmandarovun əmri ilə Ordu Baş Qərargah rəisi general-mayor Səlimov Qarabağdakı Azərbaycan qoşunlarının birləşmiş dəstəsinin komandiri təyin edildi.
Aprelin 5-dək Azərbaycan qoşunları Daşbaşı, Yengicə Mehtikənd, Qayabaşı, Baluca, Xanazax, Kyatik, Aran-Zəmin və Naxçıvanik kəndlərini düşməndən təmizlədi. Elə həmin gün general Səlimov Hərbi Nazirliyə 3 düşmən batalyonunun və başqa hissələrin döyüşdə iştirakının dəqiqləşdiyini məruzə etdi. Böyük dairəvi xəndəkdə, Kürd-Xanabad kəndində gedən döyüşlərdə özünü Qarabağ qoşunlarının baş komandanı adlandıran Deli Kazar öldürüldü. Əsgəran ətrafında gizlənən general Dro Kanayanın piyada alayları isə səngərlərini atıb qaçmağa başladılar. Beləliklə, Dəli Kazar və “General Dro” nun komandanlığı altında erməni birliklərini məğlub edərək Şuşa və Xankəndini azad etdi.

Bununla da Qarabağ dağlarında yenidən Azərbaycan bayrağı dalğalandı. Həmin vaxt cəbhəyə gələn hərbi nazir Səməd bəy Mehmandarov xain düşmən üzərində çalınan qələbəyə görə əsgərlərimizi təbrik edərək deyir: “Qəhrəman əsgərlər, mən şəxsən Almaniya cəbhəsində bir çox döyüşlərdə olmuşam. Fəqət, sizin qədər qəhrəman əsgərlərə az- az təsadüf etmişəm. Siz mənim ümidlərimi qüvvətləndirdiniz. Siz canınızla gənc Azərbaycan ordusunun namusunu müdafiə etdiniz”.
1 sentyabr 1920-ci ildə Həbib bəy Səlimov Bakıda Sovet rejiminə qarşı üsyan hazırlamaq ittihamı ilə həbs olunub və 30 dekabr 1920-ci ildə güllələnib. Bu gün Qarabağda gedən döyüşlərdə cəsur generallarımızın, əsgərlərimizin davamçıları Əsgəran, Şuşa və Xankəndinin azadlığı uğrunda döyüşürlər və öz qələbələri ilə bu yolda vuruşmuş, şəhid olmuş döyüşçülərin ruhunu sevindirəcəklər.
Qələbə bizimlədir. Eşq olsun Azərbaycan ordusuna!

Write A Comment