M. V. Lomonosov adına Moskva Dövlət Universitetinin kimya üzrə, Harvard Universitetinin biokimya üzrə professoru, yeni “DNK – genealogiya” elmi istiqamətinin müəllifi  A. A. Klyosov apardığı biokimyəvi və geneoloji tədqiqatlara istinadən qeyd edir ki, Azərbaycanın əhalisi bir neçə çox qədim miqrasiyaların nəsillərindən ibarətdir. Azərbaycanlıların ulu babalarının birinci miqrasiyası 9-10 min il əvvəl, ikinci miqrasiyası 7-8 min il əvvəl baş vermişdir və onlar Şumer dövlətindən köçənlər idi. Üçüncü miqrasiya təqribən 4,5 min il əvvəl baş vermiş, onlar isə Avropadan köçmüşlər. Böyük ehtimalla Şumer dövləti qədim türklər tərəfindən yaradılmışdır, zira prototürk dillərinin çox qədim tarixə malik olması danılmaz həqiqətdir.

A. A. Klyosov qeyd edir ki, azərbaycanlılar Qafqazın ən qədim əhalisidirlər. Üstəlik, azərbaycanlıların yarısı Aralıqdənizi və Yaxınşərq qalo- qrupuna malikdirlər belə ki, təxminən 7000 il əvvəl həmin regionların bir neçə xalqları silah hazırlamaq üçün zəruri olan metal, digər faydalı qazıntılar arxasınca Qafqaza, əsasən də müasir Azərbaycana yönəlmişlər. Beləliklə, türk xalqlarının Qafqaza X-XI əsrlərdə gəlmələri barədə Altay nəzəriyyəsi heç bir tənqidə tab gətirmir və kökündən yanlışdır.

Azərbaycanlıların əsas hissəsi onlara skif əcdadlarından, qismən də dünyada ən qədim dövlətlərdən olan Şumer dövlətini yaradan prototürk xalqlarından gəlib çatan türk dilində danışırlar. Təqribən 7000 il əvvəl müasir azərbaycalıların əcdadları Şumerdən və Yaxın Şərqdən Qafqaza köç etməyə başlamışlar. Ondan əvvəl indiki Əfqanıstan, Hindistan və Pakistan ərazilərində yaşayan xalqlar bura köç etmişlər. Dünyanın müxtəlif regionlarından Qafqaza köçən qədim türklər, Azərbaycanın torpaqları bərəkətli olduğuna görə əsasən onun hüdudlarında məskunlaşmışlar.

Professor A. A. Klyosov deyilənləri yekunlaşdıraraq qeyd edir ki, bu vaxta qədər Azərbaycanda ciddi DNK tədqiqatları aparılmamışdır, ona görə də Azərbaycanda DNK analizləri götürülməli və ciddi tədqiq olunmalıdır:
“Azərbaycanda bu zəngin tarixi və heyranedici qədim mədəniyyəti olan ölkədə təxirə salınmadan DNK-materiallarının toplanması üzrə layihəyə start verilməlidir.”

Write A Comment