Hərbi nazir general Mehmandarov, 1919-cu il dekabrın 8-də piyada və süvari alayları, əlahiddə taborlar və hərbi məktəb üçün döyüş bayraqlarının təsviri barədə qərar imzalamışdı. Maraqlıdır ki, hamı üçün eyni döyüş bayrağı təsdiqlənmişdi. Yəni bir alayın bayrağı digərindən fərqlənmirdi.

Döyüş bayrağı mavi rəngli idi. Lentləri isə qırmızı və yaşıl rənglərdən hazırlanmışdı. Bu üç rəng dövlət bayrağımızı simvolizə edirdi. Döyüş bayrağının yuxarı sol küncündə gümüşü saplarla səkkizguşəli ulduz və aypara çəkilmişdi. Maraqlıdır ki, Səməd bəy Mehmandarov əmrdə səkkizguşəli ulduzu “Azərbaycan ulduzu” adlandırmışdı.

Bayrağın bir üzündə ərəb əlifbası ilə “Azərbaycan” sözü, o biri üzündə isə “Quran”dan ayə – “Allahdan kömək olarsa, qələbə yaxındır” yazılmışdı.

P.S. Yeri gəlmişkən, bu Quran ayəsinə həm Şah İsmayılın, həm də Qacar dövrünün bayraqlarında rast gəlinir. Eyni zamanda Şah İsmayılın bayrağında “Azərbaycan ulduzu” da yer almışdı.

Bu təsadüfdürmü? Xeyir, buna tarixi yaddaşın və dövlətçilik ənənəsinin davamlılığı demək olar.

📘Ayaz İlyasovun, “Azərbaycan Xalq Cümhuriyyəti haqqında ən maraqlı 100 fakt” kitabından

Write A Comment