Bəhlul Əfəndi və Aşura

Bu gün bəzi çevrələr Aşuranın yalnız müəyyən bir məzhəbə aid olduğunu iddia edirlər. Halbuki Azərbaycan tarixində bunun əksini göstərən çoxlu nümunələr var.

Belə nümunələrdən biri də Zəngəzur qazisi, tarixçi və din xadimi Bəhlul əfəndi Behçətin fəaliyyətidir. Əhli-sünnə məzhəbinə mənsub olan Bəhlul əfəndi 1921–1922-ci illərdə Zəngəzurun sünni kəndlərini gəzərək insanları İmam Hüseynin (ə) matəminə qoşulmağa çağırırdı.

Onunla mübarizə aparmış bolşevik Nəzər Heydərov yazırdı:

“Bəhlul əfəndi deyirdi ki, Məhərrəm ayında Kərbəla şəhidləri üçün göz yaşı axıdan şəxsin son məkanı Cənnət olar. Bəhlul əfəndinin dəvəti qəbul edildi. Qubadlının sünni kəndlərində hər gün əzadarlıq mərasimləri keçirilir, kəndlilər sinə vurub mərsiyələr deyirdilər.”

Mənbəyə görə, Aşura günü sünni azərbaycanlılar dəstələr halında “Şah Hüseyn”, “Vay Hüseyn” nidaları səsləndirir, şəbih mərasimləri keçirirdilər. Dağ-Tumas, Sirik, Qazanzəmi, Maşanlı, Xanlıq, Çay-Tumas və Əfəndilər kəndlərinin əhalisi Bəhlul əfəndinin ətrafında birləşmişdi.

Sonradan həmin kəndlərin sakinləri sovet işğalına qarşı silahlı mübarizəyə qalxdılar. Üsyan məğlub oldu, Bəhlul əfəndi həbs edildi və 1938-ci ildə repressiya qurbanı oldu.

Bu hadisə göstərir ki, Azərbaycanda İmam Hüseynə (ə) sevgi və Aşura ənənəsi tarix boyu tək bir məzhəbin deyil, bütövlükdə xalqın mənəvi dəyəri olmuşdur.

📚 Mənbə: Nəzər Heydərov, *«В горах Зангезура»*, s. 165–188.

Araz Şəhrili

Write A Comment