Şah İsmayıl və şəhidlik anlayışı

ŞƏHİD – Allah, din, peyğəmbər, imam yolunda, müqəddəs dəyərlərin qorunması uğrunda savaşıb həlak olan şəxs.

Digər təbəqələr kimi, şəhidlik təbəqəsi də dərəcələrə bölünür. Din uğrunda aparılan cihadda öldürülən, peyğəmbəri və imamı qorumaq yolunda canını verən şəxs ən yüksək şəhidlik dərəcəsinə mənsubdur. Öz vətənini, ailəsini, namusunu, müsəlman qardaşını, hətta əmlakını qorumaq uğrunda qətlə yetirilən şəxsə də şəhidin savabı qədər savab verilər.

Hədislərdə hətta elm öyrəndiyi halda vəfat edən, suda batan insan, doğuş vaxtı rəhmətə gedən qadın da şəhidlərin sırasına aid edilib. Şiə və qızılbaş inancına görə, şəhidlərin sərvəri (başçısı) İmam Hüseyndir (ə).

Səfəvi qoşununun əsasını təşkil edən qızılbaşlar şəhidliyin uca məqamını dərk edir və bu məqama çatmaq üçün can atırdılar. Onlar ölümdən qorxmur, onu şəhidlik məqamını qazanmağın vasitəsi kimi qəbul edirdilər. Səfəvi salnamələrində düşmənlə savaşda həyatını itirənlər şəhid adlandırılır. Səfəvilər nəslinin ən böyük şəhidləri Şeyx Cüneyd və Şeyx Heydər sayılırdı.

Səfəviyyə təriqətinin nizamnaməsi sayılan, Şeyx Səfiəddin Ərdəbilinin öyüdlərini özündə ehtiva edən “Qara məcmuə”yə görə Allaha sevgi duyaraq bu əqidə ilə dünyasını dəyişən şəxs şəhiddir:

📜 “Hər kim Dost (Allah) eşqində ölə, şəhid olmuş olur.”

Şah İsmayıl Xətainin şeirlərində də şəhidlik motivinə tez-tez rast gəlinir:

Yarın yolunda xəstə Xətai yoruxmə tiğ,
Olgil şəhidi-dəşti-biyabani-Kərbəla.

Biz imam qullarıyüz sadiqanə,
Şəhidlik, ğazilik nişanımızdır.

Yolumuz incədir, incədən-incə,
Bu yolda baş verək ərkanımızdır.

Qeybi-mütləqdən təmaşayi-rüxi, ziba üçün
Bu şəhadət mülkinə seyranə gəlmişlər-dənüz.

📜İstinad: “Qızılbaş Ensiklopediyası”

Write A Comment