Bir dövlətin ruhunu göstərən and

1919-cu ilin avqustunda AXC parlamentində vətəndaşlıq barədə qanun layihəsi müzakirə olunurdu. Bu zaman vətəndaşlığa qəbul edilən şəxsin and içməsi ciddi müzakirə mövzusuna çevrilmişdi. Mustafa bəy Vəkilov andın vacibliyini vurğulayaraq demişdi:

“…Bir azərbaycanlı üçün bundan müqəddəs, bundan artıq, bundan əziz bir şey olmaz ki, öz vicdanı ilə and içəcək ki, mən vətənimi müqəddəs bilirəm. Ona görə də iman gətirib and içirəm”.

Yekunda “Azərbaycan Vətəndaşlığı haqqında” qanun layihəsi qəbul edildi. Onun VI maddəsində dövlətə sədaqət andı barədə yazılmışdı. Andın mətni belə idi:

“Mən (adı və soyadı) Azərbaycan vətəndaşları sırasına daxil olarkən qadir Allah və öz vicdanım qarşısında söz verir və and içirəm ki, Azərbaycana sədaqətimi müqəddəs və sarsılmaz tutacaq, bundan sonra ondan başqa Vətən tanımayacaq, Azərbaycan vətəndaşının bütün vəzifələrini dönmədən yerinə yetirəcək və Azərbaycan Cümhuriyyətinin səadəti naminə canbaşla qulluq edəcək, onun üçün nə gücümü, nə əmlakımı, nə də lazım gələrsə, həyatımı belə əsirgəməyəcəyəm. Qoy bu andı yerinə yetirməkdə Allah mənə yar olsun”.

Maraqlıdır ki, and anlayışını qəbul etməyən şəxslərin də hüquqları tanınmışdı. Onlar bu məzmunda, ancaq “and içirəm” ifadəsi olmadan təntənəli surətdə söz verirdilər.”

📚 Ayaz İlyasov, “Azərbaycan Xalq Cümhuriyyəti haqqında ən maraqlı 100 fakt”

Write A Comment