Şəkilə tıklayıb yazının video formatına keçid edə bilərsiniz


Səfəvilərin etnik kimliyi ilə bağlı ən çox mübahisə mövzusu olan Safvətüs-səfa əsərində yer alan kürdlük iddiasıdır.

Səfəviyyə ocağı Şeyx Heydər dönəmində ən güclü dönəmini yaşayırdı. Bəs bu ocağın dövlətləşməyi kimləri təhdid edirdi?

Ali Rıza Özdemir, “Türk Hakanı: Şah İsmail” kitabında bu suala belə cavab verir – Əlbətdəki müridlərinin ən çox yayıldığı dövlətləri.. Prof. Dr. Yusuf Küçükdağın dediyinə görə, Ağqoyunlu sultanı Yaqubun zamanında kitabın çoxaldılmasına başlanılır. Təhriflər edilir. “Sincarlı Kürd” uydurması əlavə olunur.

Qeyd olunan əsər, Şeyx Sədrəddin Səfəvinin istəyi ilə özünün və atası Şeyx Səfiəddin Səfəvinin təlimləri, dünya görüşləri və soy kökləri haqqında İbn Bəzzaz tərəfindən yazılmış əsərdir. Səfəviləri kürd kökənə bağlayan yeganə qaynaq bu əsərdir.

1357-ci ildə yazılıb, ancaq hazırda bu əsərin orijinalı qalmayıb. Əldə olan ən qədim nüsxə 1485-ci ildə üzü köçürülmüş Leyden nəşridir. İkinci qədim nüsxə isə Süleymaniyyə kitabxanasının Ayasofya bölümündə saxlanılan 103099 nömrəsi ilə qeydiyyatda olan nəşrdir.

Məhz Ayasofyada saxlanılan nəşrdə Səfəvilərin ulu babalarının kürd olduğu iddia edilir. İddia edilir ki, məhz Ayasofya nəşrində Səfəvi şahı Təhmasib tərəfindən dəyişiklik edilərək Səfəvilərin seyid olması ilə bağlı qeydlər əlavə edilib. Ancaq Ayasofya nəşrinin 1491-ci ildə (başqa mənbədə 1508-ci ildə) qələmə alındığını nəzərə alaraq mütəxəssislər bu ehtimalı rədd edir. Çünki hətta 1508-ci ildə belə Təhmasib hələ dünyaya gəlməmişdi, yəni nüsxəyə dəyişiklik edilməsi iddiaları əsassızdır.

Səfvetus Səfa əsəri 1543-cü ildə türkcəyə tərcümə olunub və “Şeyx Səfi Təzkirəsi” adı ilə dərc olunub.

Ayasofya nüsxəsində Şeyx Səfinin kürd əsilli Firuzun (Piruz) nəslindən olduğu, əslən Səncardan gəlmiş bir kürd sünni şeyxi olduğu qeyd olunur. Bu hekayədə Firusun İbrahim Ədhəmin oğlanlarından biri olması və Azərbaycanı ələ keçirib İslamı yayması qeyd edilir. Ancaq burda tarixi yanlışlıq var. Çünki 11-ci əsrdə ölən Firuzun 7-ci əsrin əvvəlində Azərbaycanda islamı yayması inandırıcı deyil.

Bundan başqa “Səfvatüs Səfa” əsərinin hazırda mövcud olan ən qədim nüsxəsi Leyden nüsxəsində Səfəvü sülaləsinin kürd olması haqda heç nə yoxdur, əksinə, Şeyx Səfiyə “Türk Şeyxi” “Türk qaplanı” deyə xitab edilir. eyni zamanda bu nüsxədə Firuz şahın Xorasandan olduğu qeyd edilir.

Ancaq Ayasofiya nüsxəsində isə Firuz şahın Sincardan olan kürd olduğu qeyd edilir. Bundan başqa 11-ci əsrdə yaşamış Firuz şahın 8-ci əsrdə yaşamış ərəb İbrahim Ədhəmin oğlu olması mümkün deyil.

Həmçinin Ayasofya nüsxəsində Firuz şahın “kürdi və Səncanlı” olduğu yazılır. Burda da qeyri-müəyyənlik var. Çünki Səncan Orta Asiyada – Mərvdə yerləşir və orda kürd yaşamayıb, Türkmənlər yaşayıb. Sincar isə İraqdadır və burda əsasən – indi də – yezidi kürdlər yaşayır.

Bu mətndə yer alan digər uyğunsuz faktları nəzərə alan mütəxəssislərin fikrincə, Ayasofya nəşri məqsədli şəkildə təhrif olunub. Çünki Ayasofya nəşrinin yazıldığı 1491-ci ildə Səfəvi sülaləsinin lideri Şeyx Heydər və onun varisi, Şah İsmayılın qardaşı Sultanəli öldürülmüş, ailənin digər üzvləri isə İstəxr qalasında həbs edilmişdi. Ağqoyunlu hökmdarı Yaqub isə Səfəvi ordenini dağıtmaq və zəiflətmək üçün Qızılbaşlara qarşı kütləvi təqib həyata keçirilirdi.

Belə bir tarixi dövrdə yazılmış nüsxədə Səfəvilərin soyunun yezidi kürdü olduğu göstərilməsi Ağqoyunlu sarayının sifarişi ola bilərdi. Çünki türkmən Qızılbaş tayfaları yezidi kürdü olan Səfəvi şeyxlərinə tabe ola bilməzdi. Görünür ki, əsərin təhrifinin məqsədi də elə bu olub.

Nəticə etibarı ilə tarixi mənbələr sübut edir ki, Mərvdə Səncan bölgəsində kürdlər yaşamayıb və Səfəvilərin kürd olması sadəcə sonradan ortaya atılmış iddiadır. Bunun daha bir nümunəsi isə Şah İsmayılın dövlət qurarkən kürdlərlə ittifaq bağlamaması, əksinə, onlarla düşmən olması idi. Əgər iddia edildiyi kimi, Səfəvilərin babası Firuz şah kürd olsaydı o zaman məntiqlə kürdlər Səfəvilərin yanında yer almalı idi. Necə ki, türkmən və talışlar Şah İsmayılın yanında yer aldı.

Bir-biriləri ilə əlaqəsi olmayan bir çox şəxs, bir çox məkanda Şeyx Səfiəddinə “Ey Türk Piri” deyə müraciət olunur. Şeyx Səfi, Türkcə danışır, sonradan farsca və ərəbcə, hətta moğolca öyrənmiş, lakin kürd bir ailədən gəldiyi iddia edilən bu Şeyx, kürdcə bildiyi heç bir yerdə yazılmamışdır!…”

Belə görünür ki, qədim dövrdə də mənbələrlə oynamaq, təhrif etmək vərdişləri olub. Təəssüf ki, bu vərdişlər davam edir.

Kənan Rövşənoğlu

İstifadə olunan mənbələr: “Şeyx Səfiyəddin Ərdəbilinin etnik kökü və inancı haqqında bəzi dəyərləndirmələr” və “Türk Hakanı: Şah İsmail” Əli Rza ÖZDEMİR; “Səfəvi təriqətinin kökü” Nyana Stilinski, “Səfəvi xanədanının kökü: Təriqətdən Səltənətə gedən yol”, Doç. Dr. Namiq MUSALI

Comments are closed.