Şah İsmayıl və Səfəvilərdən əvvəl də, Azərbaycanda 12 İmam şiəliyi mövcud olmuşdur. Azərbaycan türkləri bu Əhli-beyt məktəbini öz içlərində qorumuşlardır.

Bu yazıda görəcəksiniz ki, qızılbaşları, başda Şah İsmayıl olmaqla “bölgəyə şiəliyi gətirdi”, “yaydı”, “əvvəl belə məzhəb yox idi” kimi ittihamlarla, həm şəxsi fəaliyyətinə, həm qurduğu dövlətə kölgə salmaq absurddur.

Monqol-Elxanlılar və Türk əsilli Nəsirəddin Tusi kimi böyük alimlər zülm görən Əhli-beyt nəslinə və 12 İmam əqidəsinə mənsub olanlara sahib çıxmışdır.

«Hüləgü xanın dini məsələlərdə ən təsirli siyasəti İsnaəşəriyyə (12 İmam-Cəfəri) şiələrinə dəstək verməsi oldu. İran, Azərbaycan, Xorasan, İraq və Anadoluda şiəliyin sürətlə yayılması Hüləgi’nin apardığı siyasətin nəticəsidir. Demək olar ki, Büveyhilər sonrasında Orta Şərqdə şiəliyin yenidən təşkilatlanma mərhələsinin memarı Hüləgü oldu.

Bölgədə şiə məzhəbinin yüksəlişə keçməsinin altında Hüləgünün başlatdığı siyasətin yatdığını danmaq mümkün deyildir. Anlaşılan Hüləgü Qızıl Orda və Məmlüklərə qarşı Şiə İslam dünyasının təşkilatlanmasına cəhd etmişdir. Bu məqsədlə Hüləgü sufi, mövləvi, qələndəri kimi təriqətlərə də sərbəst fəaliyyət imkanı sağlamış, xüsusilə də dərvişlərə hörmət edilmişdir.

Hüləgü və davamında digər Elxanlar dövründə şiələr üçün yaranan əlverişli siyasi-sosial-mədəni mühit şiəliyin məzhəbi inkişafına yol açmış, köklü islahatların gerçəkləşməsinə şərait yaratmışdır. Şiəliyin ən böyük müctəhidləri İbn Tavus, Nəsirəddin Tusi, İbn əl-Əlkami, Mühəqqiq Hilli və Əllamə Hilli Elxanlılar dövründə yetişdilər. Xüsusilə də Əhli-beyt ailəsinə mənsub olanlara böyük hörmət göstərən Hüləgü nəinki onlara aid müqəddəs məkanlara toxunmamış, təmir və bərpa edilməsi üçün dövlət xəzinəsindən pul ayırmışdır.

Nəcəfdə bir sıra şiə imamlarının məqbərəsini təmir etdirmiş, xüsusilə də İmam Əlinin məqbərəsi böyük ölçüdə inşa olunmuşdur. Hüləgü xan dövründə böyük hörmət görən [Şiə alimi] İbn Tavus ailəsi elə bu moğol hökmdarın vaxtında (1262-ci ildə) Əhli-beyt mərkəzlərinin «Nikabət üt-talibiyyin» vəzifəsinə gətirilmiş, Hüləgü və Abaqa tərəfindən yaxşı qarşılanmışdır.

Hələ Çingiz xan dövründə İmam Əli soyundan gələnlər vergidən azad edilmişdilər. Onun kimi, qazılar, fəqihlər, dərvişlərdən də vergi alınmırdı. Bu dövrdə seyyid və ələvi adları tez-tez səslənməyə başladı. Bir çox müsəlman bu ayrıcalıqdan istifadə etmək üçün doğru və ya yanlış, özlərini seyyidlərə bağladılar.»

Mənbələr: Əkbər N.Nəcəf, “Moğol şahmatı – Hüləgü Xan”, səh. 202-203
Haykıran Kemal Ramazan, “İlhanlı Hakimiyeti ve İmamiye Şiileri”, Milel ve Nihal, 17, 1, 2020, s. 94-95

Vahid İbayev

Comments are closed.