Onlar Bakıya nə zaman gədilər?

S.Mirmahmudova Sabunçu oykonimini etnonimik oykonim hesab edərək göstərir ki, tədqiqatçılara görə Sabunçu türk tayfasının adındandır. B.Budaqov və Q.Qeybullayev yazırlar ki, Sabunçu oykonimi türk mənşəli sabunçu tayfasının adını əks etdirir.

Azərbaycandakı Sabunçu (Zaqatala), Bakı şəhərində rayon və şəhər tipli qəsəbə Sabunçu toponimləri də sabunçu etnonimindən əmələ gəlmişdir. İndiki Ermənistan ərazisində tarixən mövcud olmuş Sabunçu oykoniminin sabunçu etnonimi əsasında əmələ gəlməsi doğrudur.

Onu da qeyd edək ki, indiki Ermənistan ərazisində Talin rayonundakı Sabunçu (25.01.1978, Hatsaşen) kənd adı, həmin rayondakı Sabunçu dağ adı, eyni zamanda İrəvan şəhərindəki məhəllələrdən biri olan Sabunçu məhəlləsinin adı da bilavasitə sabunçu etnonimi ilə bağlıdır. Sabunçu etnotoponiminin arealı genişdir.
Azərbaycanın Şəki şəhərindəki məhəllələrdən biri olan Savınçı, Dağıstanın Daxadayev rayonundakı Zubançı, Tatarıstan Respublikasının Almatyev, Elabuqa rayonlarındakı Sabançe yaşayış məntəqələrinin adı buna əyani misaldır. Sabunçu etnoniminin əsasında formalaşan Savınçı, Zubançı, Sabançe toponimləri Sabunçu oykoniminin fonetik variantlarıdır.

Bu coğrafi adın Zaqafqaziyanın tarixi ərazisinə tayfa adı kimi gəldiyindən sonra burada oykonim, oronim və hidronimə çevrildiyini təsdiq edən sənəd, səfəvi padşahlarından sultan Hüseynin (1694-1722) 1704-cü ilə aid fərmanıdır. Bu fərmandan anlaşıldığına görə o zaman Aranda, Muğanda və İrəvan (Yerevan) ətrafında yaşamaqda olan 36 türk tayfasından biri də Sabunçu adlanırdı.

Bu tayfa Abşerona XIX əsrdə ermənilərin deportasiyası nəticəsində Qərbi Azərbaycandan gəlmişdir. 1796-cı ildə tərtib edilmiş Abşeron kəndlərinin siyahısında Sabunçu adlı kənd olmamışdır. Deməli, Sabunçu tayfası Abeşerona XIX əsrdə gəlmiş, indiki Sabunçu qəsəbəsində məskunlaşaraq yeni yaşayış məskəninə də Sabunçu adı vermişlər. T.Musavəi göstərir ki, “sabunçu tayfasının Abşerona gəlməzdən əvvəl yaşadığı yerlər (1704-cü il) İrəvan (Yerevan) ətrafı idi”. Sabunçu tayfasının adı XVII əsrdə Anadoluda sabunlu, XIX əsrdə İranda sapunlu formalarında qeydə alınmışdır.

S.Ataniyazov türkmənlərdə də sabınlı tayfasının olduğunu göstərərək yazır ki, qədim türk tayfalarından olan sabın/sapm, qaraqalpaqlarda sapun formasında, Azərbaycanda isə sabınçı etnotoponimin tərkibində öz izini qoruyub saxlamışdır. Bu faktlar aydın şəikldə göstərir ki, sabunçu etnoniminin kökü sabun/sapan sözüdür.
Sabun sözü türk dilində “kotan” mənasında işlənən saban sözünün fonetik variantıdır. Demək, sabunçu etnonimi ilk əvvəllər sabançı//sapançı formasında olmuş, Azərbaycan dilinin qaydalarına uyğunlaşaraq (Azərbaycan dilində p>b, a>u səs əvəzlənmələri qanunauyğun haldır) sabunçu kimi sabitləşmişdir.

İstinad: “Qərbi Azərbaycanın toponimlər sistemi”, 2005

Comments are closed.