Azərbaycan Cümhuriyyətinin Əksinqilabla Mübarizə Təşkilatının rəisi, Nağı bəy Şeyxzamanlının 1954-cü ildə Türkiyənin “Vətən” qəzetinin müxbiri Sadun Tanjuya verdiyi müsahibəni ilk dəfə olaraq təqdim edir:
“Beriya məiyyətimdə çalışmışdı!”
“Çox tolerantsınız! Bu hərəkətinizlə söylədiyiniz qədər rus düşməni olmadığınızı göstərirsiniz!” – Bunları mənə 1919-cu ildə tabeliyimdə bir məmur – Beriya söyləyirdi. Mən o zamanlar Bakı Əmniyyət müdiri idim. Beriyanı da senzura idarəsi başçısı təyin etmişdim.
Qosqoca bir rus imperiyasına qarşı istiqlalını yeni qazanmış bir ölkədə təhlükəsizlik təşkilatına gələn işlərin necə əhəmiyyətli olduğunu siz də qəbul edərsiniz. Hərarətli bir fəaliyyət içərisində idik.
Beriyanın başçılığını həyata keçirdiyi senzura idarəsi də təşkilatımızda ən böyük məsuliyyətlərdən birini daşıyırdı. Beriya vəzifəsini o qədər ləyaqətlə görürdü ki, onu ən nümunəvi məmurlarımdan biri kimi tanıyır və etimad edirdim.
“İxtilal başlayınca qeyri-rus millətlər fürsətdən istifadə edərək, çara qarşı istiqlallarını elan etdilər. Bu arada Azərbaycan da istiqlalına qovuşdu. Çarın generalları Moskvanın üzərinə yürüş etməkdənsə, Qafqaza hücum etməyi nəticəyə aparacaq ən qısa yol hesab etdilər.
Şimali Qafqazı işğal edərək Azərbaycan hüduduna qədər gələn çar ordularının başında general Denikin vardı. Bütün Azərbaycan partiyaları, millətçisi, sosialisti çar təhlükəsinə qarşı birləşmişdi. Bu əsnada dövlət başqanının rəyasətində 4 nəfərlik bir milli əmniyyət komissiyası təşkil edildi. Mən də Əmniyyət təşkilatının başına gətirildim.
Beriyanı da senzura idarəsi başçılığına təyin etdim. Beriya vəzifəsində qısa zamanda seçildi. Ondan çox razı idim. Ciddi, dürüst və çalışqan idi. Xüsusilə hər gün verdiyi raportlar nəzər-diqqətimi çəkirdi. Raportlarında çox açıq şəkildə rus düşmənçiliyi, təşkilatımızı qüvvətləndirmək üçün böyük əmək sərf etdiyi görünürdü.
O günün şərtləri içərisində fikirlərimizdə tam bir uyğunluq vardı. O da mənim kimi bir qafqazlı idi və hər qafqazlı kimi çara və rus millətinə qarşı kin, qəzəb, intiqam arzuları ilə doluydu.
Bir müddət sonra General Denikinin ordusu bolşeviklərin hücumuna məruz qaldı və darmadağın oldu. Azərbaycan çar ordusunun təhlükəsindən qurtulduğuna sevinərkən birdən bolşevik təhlükəsi ilə qarşı-qarşıya qaldığımızı gördük.
İçəridə də sosialist hökumətçilər milli partiyaların əleyhinə fəaliyyət və təbliğata başladılar.
Bütün bu həngamənin ortasında günlərin bir günü Beriya işə gəlmədi. Bir müddət sonra öyrəndik ki, Tiflisə qaçıb…Sonrası məlumdur. Bolşevik orduları Azərbaycanı işğal etməyə müvəffəq oldular. Müsavat Partiyasının bütün öndə olan şəxsləri ya qaçdı, ya gizlənməyə nail oldu, yaxud da tutulub ÇK həbsxanalarına salındılar. Mən Tiflisə qaçmaq fürsətini əldə etmişdim.
Bir gün Tiflisdə Beriya ilə üz-üzə gəldik, salamlaşdıq. “Üzr istəyirəm” deyərək sözə başladı: “Qaçmağa məcbur idim. Çünki biz bolşeviklər üçün Azərbaycanda təhlükə yaranmağa başlamışdı. Hətta bəzi kommunistlərin tutulması bizi belə bir qərar almağa sövq etdi. Həm artıq sizinlə anlaşa bilmirdik. Çünki siz bolşeviklərin Qafqaz üçün çar ordularından başqa bir şey olmadığını qəbul edirsiniz. Bolşeviklər tam mənası ilə demokratiyanı tətbiq edəcəklər. Siz isə buna inanmırsınız.
Beriyaya dedim ki, inanmamaqda haqlıyam, çünki kommunist pərdəsi altında hər şey keçmiş kimliyini mühafizə edir. Bizim milli şairimiz Əhməd Cavadın da dediyi kimi, “sosialist gürcü hökuməti ilə belə anlaşa bilməyən bir qırmızı Moskvadan nə gözləyə bilərik ki?”
Məni axıradək dinlədikdən sonra:
“Sizi sevdiyim üçün söyləyirəm buranı tərk edin. Kommunistlərə qarşı sizi müdafiə etmək imkanına təəssüf ki, malik deyiləm. Onlar sizi bir nömrəli düşmən olaraq tanıyırlar, tövsiyəmə əməl edin, buradan qaçın!”
“Allaha əmanət ol” dedim.
Beriya ilə birlikdə çalışdığımız iki il ərzində ona o qədər güvənmişdim ki, günün birində qan axıtmaqdan, zülm etməkdən zövq alan bir sadist olacağı ağlıma da gəlməzdi. Halbuki o, ÇK-dakı fəaliyyəti ilə istər Qafqazda, istərsə də 1943-cü ildəki inquş, osetin, kalmık, krımlıların məhv edilməsində “Karatelni otryad” adı verilən məhvetmə qruplarını idarə etməsi ilə qan tökməkdə zirvəyə çatmışdı.
Comments are closed.