
Əmirlərin sayına diqqət yetirin
Səfəvi dövrünün qaynaqlarından İsgəndər bəy Münşi Türkmanın “Tarix-i aləm aray-i Abbasi” əsərində türk və qeyri-türk tayfaları və onların mərkəzi, yerli idarələrdə qulluqda olan əmirlərin sayı haqqında 1576-cı və 1628-ci illər üzrə ayrı-ayrılıqda iki siyahı vardır.
Bu siyahılar üzrə hərtərəfli müqayisəli təhlillər tarixşünaslıqda bugünədək XVI əsrin sonu – XVII əsrin əvvəllərində Qızılbaş dövləti quruluşunda türksoylu qızılbaşların sıxışdırılması və qeyri-türk elementlərinin rolunu artması ilə bağlı olan fikrin əksini göstərir.
Bu, Şah I Abbasın kadr siyasətinin sadəcə dövlət hakimiyyətinin möhkəmləndirilməsi məqsədi güddüyünü isbat edir. İsgəndər bəy Münşinin Səfəvi dövlətinin idarəçilik və dövlət quruluşunda önəmli rola malik olmuş tayfalar, onların əmirlərinin siyahısı Qızılbaş dövlətinin tarixini araşdırmış tədqiqatçılardan V.Minorski və İ.Petruşevskinin diqqətindən kənarda qalmamışdır.
Qeyd etmək lazımdır ki, hər iki tarixçinin İmperiyanın sosial-iqtisadi və siyasi quruluşuna həsr etdikləri elmi monoqrafiyaların elmi əhəmiyyəti az deyildir. Ancaq müəlliflərin hər ikisi 1576-cı il siyahısını təhlil edərkən müəyyən xətalara yol vermişdir.
Belə ki, İsgəndər bəy Münşinin əsərindəki 1576-cı il siyahısı üzrə apardıqları təhlilə əsasən, V.Minorski türk əmirlərinin sayının 59, İ.Petruşevski isə 61 nəfər olduğunu qeyd etmişdir. Halbuki aparılan düzgün hesablamalar nəticəsində müəyyən edilmişdir ki, siyahıda göstərilən 114 nəfər əmirdən 84 nəfərin adı qeyd olunmuşdur; onlardan 72 nəfəri türk, 12 nəfəri isə talış, kürd və lur olmuşdur.
İ.Petruşevski 1628-ci ilə aid ikinci siyahını təhlil edərək “ümumi sayı 90 nəfər olan əmirdən yalnız 35 nəfəri qızılbaş idi” – deməklə yenə də səhvə yol verirdi. Əvvəla, İsgəndər bəy Münşi sonuncu siyahıda əmirlərinin sayının 90 nəfər yox, 92 nəfər olduğunu yazmışdır.
İkincisi isə, siyahıda 92 əmirdən 76 nəfərin adı yazılmışdır. Bu əmirlərdən 35 nəfəri yox, 54 nəfəri türk olmuşdur. Ancaq onu da göstərmək lazımdır ki, birinci siyahı kimi, ikinci siyahı da yarımçıqdır; 1628-ci il siyahısında mərkəzi və yerli idarələrdə müxtəlif vəzifələrdə çalışan əmirlərin ümumi sayı əks olunmamışdır.
Beləliklə, İsgəndər bəy Münşinin əsərində 1628-ci il siyahısı üzrə vəzifələrə təyinatla bağlı məlumatların obyektiv təhlili Şah I Abbasın dövründə Qızılbaş dövlətinin milli mahiyyətinin guya dəyişməsi və burada türk-qızılbaşların hakimiyyətinin zəifləməsi haqqında bugünədək tarixşünaslıqda mövcud olan fikirlərin yanlış olduğunu təsdiq edir.
Mənbə: Zabil Bayramlının “Səfəvi dövlətinin etnik mənsubiyyətinə dair” adlı məqaləsi.
Müəllif: BDU-nun Tarix Fakültəsinin tələbəsi Tural Qaffarov.
Comments are closed.