XIII-XIV əsrlərin mənbələrində Azərbaycan adı bu anlayış çərçivəsində türk kimliyi ilə izah edilməyə başlandı. Fəzlullah Rəşidəddin “Oğuznamə”də Azərbaycan adını birbaşa Oğuz Xaqanla əlaqəli açıqlamışdır: “Orada (Azərbaycanda) olduqları vaxt o (Oğuz xaqan) əmr elədi ki, təpə yaratmaq üçün hərə bir ətək torpaq gətirib bir yerə töksün. Əvvəl o özü ətəyində torpaq gətirib tökdü. Bunu görən bütün döyüşçülər də onun kimi bir ətək torpaq gətirib tökdülər. Böyük bir təpə düzəldi və adını Azərbayqan qoydular”.
Orta əsrlər mənbələrində Azərbaycanın “darüs-səltənət” (səltənət evi) olaraq xatırladılması həmin inancın dini-mistik forma aldığını əks etdirirdi. Eyni inancın Şah İsmayıl tərəfindən təkrar səsləndirilməsi oğuzçuluq ənənələrinin öz varlığını hakimiyyət düsturu olaraq hələ də davam etdirdiyinə işarədir.
Belə ki, Gülüstan qalasının “mühasirəsi zamanı qeyb aləmindən gələn səs, o, həzrətə Azərbaycanın səltənət və padşahlıq taxtının müjdəsini verdi. Röya aləmində (İsmayıla) işarə etmişdilər ki, səadət səmasında uçan şahinə kiçik sərçə ovlamaq layiq deyil. O həzrət (İsmayıl) büyük əmirləri yanına çağırıb dedi: Sizə Gülüstan qalası lazımdır, yoxsa Azərbaycan taxtı?”.
Toğrul bəyin qardaşı oğlu Yaquti ibn Çağrı bəy tərəfindən Səlcuqlu dövlətinin bir qolu olaraq qurulan Yaqutilər (1043-1103) Azərbaycanda yaranan ilk oğuz siyasi təşkilatı idi.
Onların missiyasını sıra ilə Aran məlikliyi (1103-1119), Aran Atabəyləri (1119-1153),302 Azərbaycan Atabəyləri – Eldənizlər (1136-1225),303 Marağa Atabəyləri – Ağsunqurilər (1132-1232) və Əhər Atabəyləri – Piştəginlər (1155-1231) davam etdirdilər.
Xüsusilə də, Atabəy Eldəniz (1136-1175) və onun iki oğlu Məhəmməd Cahan Pəhlivan (1175-1186) və Qızıl Arslan (1186-1191) bütün İraq Səlcuqlu coğrafiyasını ələ keçirən Eldənizli atabəyləri bölgənin mədəni, iqtisadi və elmi inkişafında misilsiz rol oynadılar. Lakin Eldənizli atabəylərinin Səlcuqlu siyasi mirasını ələ keçirmək təşəbbüsü Səlcuqlu siyasi bütünlüyünün parçalanmasına yol açdı. Artıq atabəylər sultanlar kimi hərəkət etməyə, ələ keçirdikləri ərazilərin faktiki hakimləri olmağa başladılar. Bunun nəticəsində beş xanədan dövlətə –
(Yaqutilər, Kirman Səlcuqları, İraq Səlcuqları, Suriyə Səlcuqları, Anadolu Səlcuqları), daha sonra çox sayda atabəyliyə (Mosul Atabəyləri – Zəngilər (1127-1232), Dəməşq Atabəyləri – Toğtəginlər, Xuzistan Atabəyləri – Əfşarlar, Ərbil Atabəyləri – Göybörülər, Yəzd Atabəyləri – Kəngərlilər (1141-1318), Luristan Atabəyləri – Xəzərəsblərə (1148-1424) və b.) parçalandılar. Ayrıca Səlcuqlu coğrafiyası daxilində Xarəzmşahlar (1091-1220), Əyyubilər (1186-1250), Qurlular (1186-1215).
Ərmənşahlar, Danişməndilər, Məngücüklər, Saltuqlular, Artuqlular, Dəmləçoğulları və Yınaloğulları kimi müstəqil və yarı müstəqil oğuz dövlətləri də yarandı.
“Azərbaycan tarix metafizikası”, Əkbər N. Nəcəf, (səh: 132-133)
Milli Kimlik Araşdırmaları Qrupunun üzvü Kənan Rövşənoğlu
Comments are closed.