1989-cu il dekabrın 30-da qədim Gəncə yenidən öz adına qovuşub. Buna qədər isə şəhər Kirovabad adlanıb.
Qədim Gəncə bir neçə dəfə öz tarixi adından məhrum edilib. Birinci dəfə işğaldan dərhal sonra, 1804-cü ildə Rusiya çar müstəmləkə idarəsi Gəncənin adını Yelizavetpol olaraq dəyişib. Şəhər 114 il bu adla çağırılıb. Ancaq 1918-ci ildə Xalq Cümhuriyyətinin qurulması ilə Gəncə yenidən öz tarixi adına qovuşub. AXC-nin ilk paytaxtı Gəncə olub.
Ancaq qədim şəhərin öz adı ilə çağırılması uzun sürməyib. Bu dəfə bolşeviklər Gəncənin adına “göz dikiblər”. 1935-ci il fevralın 22-də Gəncənin adı yenidən alınıb və şəhər başqa bir rus işğalçısının Kirovun adı ilə adlandırılıb. 54 ildən sonra 1989-cu ildə isə şəhər yenidən 3-cü dəfə öz tarixi adına qovuşa bilib.
1989-cu ilin 29 noyabrında Kirovabad Şəhər Xalq Deputatları Sovetinin sessiyasında sözügedən məsələ müzakirə olunub. Gəncə adının bərpası təklifi qəbul edilib və ertəsi gün qərar verilib. Həmin ilin 30 dekabrında Azərbaycan SSR Ali Sovetinin Rəyasət Heyəti bu qərarı təsdiq edib.
Qərarda deyilirdi:
“Gəncənin tarixi adını bərpa etmək haqqında şəhər vətəndaşlarının, əmək kollektivlərinin və respublikanın geniş ictimaiyyətinin çoxsaylı müraciətini, Kirovabad Şəhər Xalq Deputatları Sovetinin xahişini nəzərə alaraq və Azərbaycan SSR Konstitusiyasının 114-cü maddəsinə (18-ci bənd) uyğun olaraq “Kirovabad şəhəri Gəncə şəhəri adlandırılsın”.
Gəncənin adına qarşı bu qədər qısqanc münasibət digər şəhərlərdə müşahidə olunmayıb. Məsələn, digər iri şəhərlərin adına toxunulmayıb. Bunu isə bir neçə amillə izah etmək olar. Gəncə birinci rus işğalı dövründə Azərbaycanın ən iri şəhərlərindən biri olub. İkincisi, strateji əhəmiyyətə malik olub, əsas yolların üzərində yerləşib. Bu səbəbdən də ruslar bu şəhərə çox diqqət ayırıblar. Nəhayət, ən əsas amil Gəncənin müqaviməti olub. Həm çar Rusiyası orduları, həm də bolşevik qüvvələri Gəncədə ciddi müqavimətlə üzləşib.
Gəncə şəhəri 1804-cü ilin yanvarında böyük müqavimətdən sonra, rusların ağır itkilər verməsi nəticəsində işğal olundu. Bu səbəbdən də çar generalı Sisianov Gəncədə qanlı qırğın törətdi və ardınca bu şəhərin tarixi adını dəyişərək rus çariçasının adını verdi. Bununla da həm də Gəncədən mənəvi qisas almağa cəhd etdi. Rus müstəmləkə idarəsi Gəncə adına qarşı o qədər nifrət bəsləyirdi ki, bu adı işlədənə cərimə tətbiq edirdi.
Ancaq hər qaranlıq gecənin bir gündüz olduğu kimi, çarlıq idarəsinin də sonu gəldi və 1918-ci il iyulun 30-da AXC iqtidarı paytaxt Gəncənin adını dəyişərək tarixi adını özünə qaytardı. Yeri gəlmişkən, həmin gün daha bir ad dəyişikliyi olub, Karyagin qəzasının adı Cəbrayıl olaraq dəyişdirilib.
Ancaq cəmisi iki il sonra Azərbaycan yenidən rus işğalı ilə üzləşdi. Bu dəfə “qırmızı” ruslar Azərbaycanı ələ keçirdi. Bu dəfə də ən ciddi müqavimət Gəncədə oldu. 1920-ci il mayın 28-də Cümhuriyyətin ildönümündə Gəncədə AXC zabitlərinin rəhbərliyi ilə üsyan baş verdi. Bolşevik qüvvələri yalnız əlavə kömək gəldikdən sonra Gəncə üsyanı yatırıldı. Bu üsyan zamanı və ondan sonrakı günlərdə 10 mindən çox insan şəhid edildi.
Bu dəfə bolşeviklər Gəncədən “qisas aldılar”. Şəhərin tarixini adını bolşevik 11-ci ordunun komandiri Kirovun adına verdilər. 1935-ci ildə Gəncə Kirovabad adlandırıldı.
Maraqlıdır ki, 1952-ci ildə Azərbaycan SSR iki vilayətə bölünüb və onlardan biri Gəncə vilayəti olub. Digəri isə Bakı vilayəti. Ancaq vilayət bölgüsü uzun davam etməyib və bir neçə ildən sonra vilayətlər ləğv olunub.
1980-ci illərdə Gəncənin adının bərpası məsələsi yenidən gündəmə gəlir. Yerli ziyalılar bu barədə çağırışlar edir, yazılar yazırdılar.
İlk dəfə 1987-ci il fevralın 13-də Bakıda keçirilən Azərbaycan jurnalistlərinin VII qurultayında çıxış edən “Kirovabadskiy raboçiy” şəhər qəzetinin redaktor müavini Nüşabə Məmmədli hərtərəfli əsaslandırmaqla Gəncə adının bərpa olunmasını təklif etmişdi.
Daha sonra bu fəaliyyətlər artır və 1989-cu ilin sentyabr-oktyabr aylarında şəhərin adının dəyişdirilməsi məqsədi ilə şəhər əhalisindən 60 minə yaxın imza toplanır.
1989-cu il dekabrın 9-da Kirovabad şəhər Xalq Deputatları Sovetinin sessiyasında şəhərin adının bərpası məsələsi müzakirə olunur və qərara alınır ki, bununla bağlı yuxarı instansiyalara məktub yazılsın, bu iş üçün lazım olan vəsait toplansın.
1989-cu ilin 29 noyabrında növbəti dəfə Kirovabad Şəhər Xalq Deputatları Sovetinin sessiyasında sözügedən məsələ müzakirə olunur və səhəri gün Gəncə adının bərpası təklifi qəbul olunur. 30 dekabrda isə Azərbaycan SSR Ali Sovetinin Rəyasət Heyəti qərarı təsdiq edir.
Beləliklə, Azərbaycan rəsmən müstəqil olmamışdan əvvəl Gəncənin tarixi adı özünə qayıdır, tarixi ədalət bərpa olunur. Bu dəfə əbədi olaraq.
Milli Kimlik Araşdırmaları Qrupunun üzvü Kənan Rövşənoğlu
Comments are closed.