Seyid Cəfər Pişəvərinin 1 il davam edən Azərbaycan Milli Hökumətinin Təbrizdəki fəaliyyəti
Təbrizdə Azərbaycan Milli Hökuməti və ya 21 Azər Hərəkatının yaranmasından 77 il ötür. 1945-ci il dekabrın 12-də Təbriz şəhərində elan olunmuş Seyid Cəfər Pişəvərinin rəhbəri olduğu Azərbaycan Milli Hökuməti Cənubi Azərbaycanda son 100 ildə baş vermiş ən mühüm siyasi hadisələrdən biri hesab olunur.
Azərbaycan Milli Hökuməti bir illik fəaliyyəti dövründə Azərbaycan dilində təhsil, savadsızlıqla mübarizə, Təbriz Universitetinin yaranması, torpaq islahatları, fəhlələrin hüquqlarının qorunması və qadınların kişilərlə eyni haqların verilməsi kimi mühüm işlər görülüb.
Azərbaycan Milli Hökuməti və ya 21 Azər Hərəkatı -1945-ci il dekabrın 12-dən 1946-cı ilin dekabrınadək İran Azərbaycanında fəaliyyət göstərən muxtar sosialist hökumət olub. Paytaxtı Təbriz şəhəri olan hökumətə Seyid Cəfər Pişəvəri rəhbərlik edib.
XX əsrdə Təbriz şəhəri İranda bir neçə inqilabın mərkəzi olub. Məşrutə hərəkatından sonra 1918-ci ildə Seyid Məhəmməd Xiyabaninin rəhbərlik etdiyi inqilabdan sonra Təbrizdə ən böyük siyasi hərəkat 21 Azər hərəkatı olub. Bu hərəkat İkinci Dünya Müharibəsinin gedişində İran uğurunda dünya güclərinin apardığı mübarizənin fonunda azərbaycanlıların müstəqillik arayışının növbəti səhifəsi olub.
Tarixdən bəlli olduğu kimi, 1941-ci ildə SSRİ şimaldan, Böyük Britaniya isə cənubdan hücum edərək İranı işğal etdi. Bu işğalın bir səbəbi İran şahı Rzanın Almaniya ilə isti münasibətləri idisə, digər səbəbi ABŞ-ın SSRİ-yə hərbi yardımlarının ötürülməsi üçün təhlükəsiz dəhlizin yaradılması idi. Beləliklə zəif İran ordusu cənubdan ingilislərin, şimaldan isə sovetlərin qarşısında tab gətirə bilmir və tezliklə ölkənin böyük hissəsi işğal olundu, Rza şah taxtan salınaraq Cənubi Afrikaya sürgün edildi.
Ancaq işğal eyni zamanda İranda milli hərəkatların alovlanmasına, siyasi canlanmaya səbəb oldu. Ən böyük siyasi hərəkatlardan biri də qaynar siyasi proseslərin baş verdiyi Təbrizdə oldu. Sovet qoşunlarının Təbrizdə olması, üstəlik SSRİ rəhbərliyinin dəstək verməsi Təbrizdə siyasi hərəkatın tezliklə böyüməsinə öz təsirini göstərdi. Bir sıra təşkilatların birləşməsindən yaranan Azərbaycan Demokrat Firqəsinə (Partiyası) Təbrizdən olan qəzet redaktoru Seyid Cəfər Pişəvəri rəhbərlik etməyə başladı.
1945-ci il oktyabrın 2-də ADP-nin Təbrizdə ilk qurultayı keçirildi. İki ay sonra, dekabrın 12-də isə Təbrizdə Azərbaycan Milli Hökuməti quruldu. Hökumətin başçısı, baş nazir Seyid Cəfər Pişəvəri olur. Azərbaycan Milli
Hökuməti kabineti 12 nəfərdən ibarət olur:
1) Baş nazir-Seyid Cəfər Pişəvəri;
2) Daxili İşlər naziri-Salamulla Cavid;
3) Xalq qoşunları naziri-Cəfər Kavian;
4) Kənd təsərrüfatı naziri-doktor Mehtaş;
5) Maarif naziri-Məhəmməd Biriya;
6) Səhiyyə naziri- doktor Urəngi;
7) Maliyyə naziri- Qulamrza İlhami;
8) Ədliyyə naziri-Yusif Əzima;
9) Poçt-teleqraf naziri-Mirzə Rəbi Kəbiri;
10) Ticarət və İqtisad naziri-Rza Rəsuli;
11) Ali Məhkəmənin sədri-Zeynalabidin Qiyami;
12) Baş prokuror-Firudin İbrahimi.
Azərbaycan Milli Höküməti xalqın böyük dəstəyilə dövlətin bir sıra mühüm işlərini həyata keçirib.
Təhsil islahatları çərçivəsində Təbriz Dövlət Universiteti və çoxlu sayda orta məktəblər yaradılıb.
Bundan başqa Təbrizdə Milli teatr, Mili filarmoniya, Milli kitabxanalar açılıb.
Azərbaycan İncəsənət və Rəssamlıq Məktəbi (19 yanvar 1946 ), Dövlət Teatrı (23 mart 1946), Azərbaycan Radioverilişləri Agentliyi (4 iyul 1946) və Təbriz Dövlət Universiteti (6 iyun 1946) açılması Milli Hökumətin ən mühüm addımları olub.
Həmçinin Milli Hökumət və Baş nazir Seyid Cəfər Pişəvərinin rəhbərliyi altında bir il ərzində torpaq islahatını həyata keçirdi, iri bankları milliləşdirdi, dövlət məmurlarının rüşvət almasını əngəlləyən ciddi qanunlar qəbul olundu, şəhərlərlə yanaşı, kəndlərdə xidmət göstərən səyyar xəstəxanalar və sağlamlıq klinikaları yaradıldı.
Milli Ordu yaradılması
Azərbaycan Milli Hökumətinin əsas silahlı gücü 1946-cı ildə yaradılmağa başlayıb. Ordunun əsasını könüllülərdən ibarət fədai dəstələri təşkil edib, eyni zamanda 1946-cı ildə Təbrizdə hərbi kadrlar hazırlayan məktəb yaradılıb.
Sovet Azərbaycanının rolu
Təbrizdə ictimai-siyasi canlanmada SSRİ-dən gedən azərbaycanlıların böyük rolu olub. Sovet ordusu ilə birlikdə Təbrizə gedən azərbaycanlı şair və yazıçılar Təbrizdəki inqilabi proseslərdə, siyasi canlanmanın yaranmasında iştirak edib.
Sovet hərbi hissələrinin tərkibində Təbrizə getmiş Azərbaycanın yazıçı, şair ədəbiyyatşünas və publisistləri – Süleyman Rəhimov, Süleyman Rüstəm, Məmməd Rahim, Osman Sarıvəlli, Əvəz Sadıq, Cəfər Xəndan, Abbas Zamanov, Qulam Məmmədli, İsrafil Nəzərli və başqalarının fəaliyyəti sayəsində Təbriz ədəbi mühitində böyük bir canlanma yaradıb.
1945-1946-cı illərdə Azərbaycanın Güneyində müxtəlif mətbuat orqanları, o cümlədən “Vətən yolunda”, “Azərbaycan”, “Fəryad”, “Azad millət”, “Qələbə”, “Yeni Şərq”, “Maarif”, “Demokrat”, “Fəlahət” (Təbriz), “Cövdət” (Ərdəbil), “Urmiyyə”, “Qızıl əsgər” (Urmiyə), “Vətən” (Miyana) qəzet, jurnal və məcmuələr nəşr olunmuş, bu mətbuatın səhifələrində ölkənin ictimai-siyasi və ədəbi-kulturoloji həyatı təcəssümü tapmışdır.
Ancaq müharibənin başa çatması ilə İranda siyasi vəziyyət dəyişir. İran hakimiyyəti ABŞ-la sürətlə yaxınlaşır və Qərbdən ciddi dəstək alan Tehran hakimiyyəti ölkə ərazisindəki sovet qoşunlarının çıxarılması, o cümlədən Təbrizdə mərkəzi hakimiyyətin bərqərar edilməsi üçün fəaliyyətini artırır. 1942-ci ildə SSRİ, Böyük Britaniya və İran arasında imzalanmış sazişə əsasən müharibə bitdikdən 6 ay sonra müttəfiq qüvvələr İranı tərk etməli idi. Bu səbəbdən də Tehran Moskvadan ordunu İrandan çıxarmağı tələb edir.
Sovet rəhbərliyi ilk vaxtlarda prosesi ləngitsə də, 1946-cı il aprelin 4-də SSRİ və İran hökumətləri arasında sovet ordu hissələrinin çıxarılması barədə saziş imzalandı və may ayında sovet ordu birlikləri İran ərazisindən çıxarıldı.
Bundan sonra mərkəzi İran hakimiyyəti Təbrizdəki milli hökuməti ləğv etmək üçün hərbi qüvvə tətbiq etməyə başlayır.
Nəhayət ki, sosial-iqtisadi islahatların surətli bir şəkildə həyata keçirildiyi bir dövrdə Milli Hökümət İran fars rejiminin əlilə 12 dekabr 1946-cı ildə süquta uğradıldı.
Qeyd edək ki, bir qədər öncə İran mərkəzi hökuməti Azərbaycan Milli Hökuməti ilə saziş imzalamasına rəğmən Təbrizə ordu yeridərək şəhəri nəzarətə götürmüş, ardınca Milli Hökumətin üzvləri və fəallarına qarşı cəza tədbirləri həyata keçirmişdi. Bəzi mənbələrə görə bu əməliyyat zamanı 30 mindən çox təbrizli öldürülmüşdür. İran ordusu Təbrizdə minlərlə insanı qətlə yetirmiş, AMH üzvlərini edam etmiş. Bir çox insanı isə sürgünə göndərmişdir.
21 Azər Hərəkatının faciəli nəticələnməsindən sonra qırğından canlarını qurtara bilən fəallar o zaman hələ sərhədləri açıq olan Azərbaycan Sovet Respublikasına keçiblər. Başda S.C.Pişəvəri olmaqla minərlə təbrizli sovet Azərbaycanına pənah gətirib. Ancaq Pişəvəri bir il sonra Yevlax şəhəri yaxınlığında Xaldan qəsəbəsi ərazisində müəmmalı avtoqəzada həlak olur.
Lakin Bakı və ölkənin ayrı-ayrı regionlarında məskunlaşan güneylilər Azərbaycanın quruculuq işlərində, təsərrüfatın bütün sahələrində çalışıblar.
Təkcə elm sahəsində 200-dən çox təbrizli alim yetişib.
Qeyd edək ki, müstəqillik dövründə 21 Azərb Hərəkatına birmənalı münasibət olmayıb. Bir çoxları bu hərəkatı SSRİ-nin hazırlayıb həyata keçirdiyi siyasi proses adlandıraraq barmaqarası yanaşırlar. Ancaq hər dövrün və şəraitin öz şərtləri olur.
Seyid Cəfər Pişəvəri və onun hərəkatçı dostları o dövrün şərtlərində ölkəsi və xalqı üçün uyğun bildiyini edib və bu yolda ən böyük itkiləri verib. Əlbəttə, bu günün şərtlərindən baxanda fərqli siyasi baxışları olan insanların bu hərəkata birmənalı münasibət bəsləməməsi başa düşüləndir. Bu mənada hər bir tarixi hadisədə həmin dövrün şərtlərini nəzərə alaraq qiymət verilməsi daha doğru olardı. Bu mənada Pişəvəri və 21 Azər hərəkatına o dövrün şərtlərindən qiymət verilməsi daha doğru olardı.
Milli Kimlik Araşdırmaları Qrupunun üzvü Kənan Rövşənoğlu
Comments are closed.