Şərqin sonuncu fatehi, Hindistandan Mərkəzi Asiya, Şimali Qafqaza qədər ölkələri fəth edən sərkərdə Nadir Şah Əfşarın doğum günüdür.
Nadir şah Əfşar 1688-ci il (bəzi mənbələrdə 1689-cu il) oktyabr ayının 22-də Xorasan vilayətinin Dərəgəz mahalının Dəstgird kəndində anadan olub. Onun mənsub olduğu tayfanın Səfəvilər dövründə Azərbaycandan Xorasana köçürüldüyü bildirilir. Əfşar tayfasının Qırxlı boyundan olan Nadirin taleyi Çingiz xanın taleyi ilə oxşardır.
Çingiz xan kimi Nadirin də uşaqlığı çətin keçib, yeniyetmə olduğu zaman anası ilə birlikdə Xarəzm özbəklərinə əsir düşür, bir müddət əsirlikdə qalır. Daha sonra əsirlikdən qaçaraq Xorasana qayıdır və burada Əbivərd hökmdarı Baba Əli bəyin yanında xidmət etməyə başlayır. Tezliklə başına dəstə toplayaraq silahlı birlik yaradan Nadir vilayətdə tanınmağa başlayır.
Daha sonra Səfəvi hökmdarı II Təhmasib Nadir bəyi Xorasanda canişini təyin etmiş, bundan sonra Nadir özünə Təhmasibqulu xan adını götürüb.
Nadirin ilk böyük döyüşü 1729-cu ilin 30 sentyabrında Mimandost çayı sahilində baş verir. Bu döyüşdə parlaq qələbə qazanan Nadir tezliklə İranda işğalçı qüvvələrə qarşı mübarizənin başına keçir. Çox tez bir zamanda əfqan və Osmanlı birləşmiş qüvvələrini məğlub edərək Şah Təhmasibin tac qoymasını təmin edən Nadir bununla da dayanmır və 1732-ci ildə Azərbaycanın cənub əyalətlərini, sonrakı illərdə isə şimal əyalətlərini Osmanlı ordusundan azad etmək üçün müharibəlrə aparır. Qafqazda böyük Omsanlı orduları ilə girdiyi döyüşlərdə ağılasığmaz qələbələr qazanan Nadirqulu xan 1735-ci ildə bütün Azərbaycan, eləcə də Şərqi Gürcüstanı azad edir.
Bakıxanovun yazdığına görə, Nadirqulu xanın sərkərdəlik istedadı Gəncənin mühasirəsi zamanı özünü daha parlaq bir tərzdə göstərmişdi. O zaman Gəncədə türk qarnizonu otururdu. Mühasirə tamam daralsa da, qarnizon Abdulla paşadan kömək gələcəyi ümidi ilə təslim olmurdu.
Abdulla paşa Qarsda idi və özünün vədləri ilə mühasirədəkilərə ruh verirdi. Nadir qoşunların bir hissəsini Gəncə qalasında qoyaraq, 15 minlik döyüşçü götürüb, Dağıstan yolunu bağlayır və Qars üzərinə hücuma keçir. Abdulla paşa öz sərkərdəlik məharəti ilə ad çıxarmış Nadirlə döyüşə girməkdən boyun qaçırır və qalaya girib, uzunmüddətli mühasirəyə hazırlaşır.
Hadisələri sürətləndirmək məqsədi ilə Nadir belə bir fənd işlədir: gecənin birində mühasirəni götürüb tələsik geri çəkilir. Aldanmış Abdulla paşa 100 minlik qoşunu ilə qaladan çıxaraq, Nadiri İrəvana qədər təqib edir. Eçmiədzinin cənub-qərbində qəflətən qoşunu geriyə döndərən Nadir türklərlə ölüm-dirim savaşına girir. Qəfləti döyüş türk qoşununda vahimə yaradır və Nadirqulu xan bu dəfə də tam qələbə qazanır. Bundan sonra İrəvan və Tiflis qalalarındakı türk qarnizonları ona döyüşsüz təslim olurlar.
1735-ci ildə bağlanmış Gəncə müqaviləsinə görə, Rusiya hələ I Pyotrun tutduğu Bakı və Dərbənd şəhərlərini bu şərtlə güzəştə getmişdi ki, Nadir Türkiyə ilə mübarizəsini dayandırmayacaq və onunla separat sülhə girməyəcəkdi. Lakin Nadirqulu xan bu şərtləri pozur və 1736-cı ildə Osmanlı ilə sülh sazişi imzalayır. Sazişə görə, Türkiyə 1722-ci ilə qədər Səfəvilərə məxsus olmuş bütün torpaqları Nadirə qaytarır.
Uzun illər ərzində ilk dəfə olaraq Azərbaycanın geniş hüdudları inzibati qaydada bir şəxsin idarəsinə verilir. Artıq Səfəvilərin sərhədləri təqribən tamamilə bərpa olunub və qarşıda onun dağılmış təsərrüfatını dirçəltmək vəzifəsi durur.
Nadir xan 1736-cı ildə indiki Sabirabad (Suqovuşan) ərazisində türk tayfalarının 100 minlik qurultayını çağırır.
Muğanda məscid və bazarlar da daxil olmaqla ağac və qamışdan 12 min müvəqqəti evlər tikilir. Novruz bayramı günü, 1736-cı ilin 21 martında Nadirqulu xan qurultaya iştirakçılar arasından yeni şah seçmək təklifi verir. Sözlərini bununla əsaslandırır ki, III Şah Abbas hələ ki, uşaqdır, Nadir özü isə işləməkdən yorulub və hakimiyyətdən imtina edir.
Qurultay Nadiri şah olaraq seçir. Yalnız etiraz edən Gəncə və Qarabağ bəylərbəyi olur ki, daha sonra cəzalandırılır.
Taxta çıxdıqdan sonra da uğurlu yürüşlərini davam etdirən Nadir şah 1737-ci ildə üsyan edən əfqan tayfalarına qarşı çıxış edərək Herat və Qəndəharı tutur. Daha sonra yürüşü davam etdirərək qaçqın əfqanlara sığınacaq verən Hindistana hücum edir.
1739-cu ilin 24 fevralında böyük Moğol sülaləsindən Məhəmməd şahın ordusunu darmadağın edərək, martın 20-də Dehlini tutur. Böyük Moğol dövləti üzərinə pulla altı milyon rupilik, qiymətli daş-qaşla 500 milyon rupilik xərac qoyulur. Alınmış hərbi qənimət 700 milyon rupi dəyərində hesablanırdı.
Ödəncin həmin qismində dünyanın ən iri brilyantı sayılan “kuhi-nur” (“nur dağı”) adlanan daş da vardı.
Hindistanı tutduqdan sonra Nadir Sindi özünə tabe edir və Orta Asiyaya yürüş edir. Güclü müqavimətə baxmayaraq, Nadir şah 1740-cı ildə Buxara və Xivə xanlıqlarını öz dövlətinin tərkibinə qata bilir.
Tutduğu ölkələrdə silahlı qarnizonlar saxlayan Nadir 1741-ci ildə Dağıstan üzərinə yeriyir. 1743-cü ilə qədər Nadir Şahın ordusu Dağıstanda bir neçə qələbə qazansa da, ciddi müqavimətlə qarşılaşır.
Sonrakı illərdə o, ərəb İraqını ələ keçirmək üçün Osmanlı ilə müharibə aparır, 1746-cı ildə Osmanlı ilə köhnə sərhədlər üzərində sülh müqaviləsi bağlayır və Bəhreyn, Oman kimi ölkələrə yürüş edir.
Ancaq bu illərdə həm də daxildə üsyanlar baş verir və bu üsyanlar sərt şəkildə yatırılır. Kütləvi cəzalandırma sarayda da Nadirə qarşı gizli müxalifətin yaranmasına və son nəticədə 1747-ci ilin iyununda Şaha qarşı sui-qəsdə səbəb olur. Nadir şahı öz çadırında qətlə yetirirlər.
Nadir Şah Şərqin sonuncu fatehi, istedadlı və cəsur sərkərdə kimi tarixə düşüb. Etdiyi böyük yürüşlərdə qələbə qazanıb, ən gözlənilməz hərbi fəndlərlə düşməni aldadaraq meydan qələbəsi qazanıb. Ancaq hakimiyyətdə olduğu 11 il ərzində yalnız müharibələr edən, hətta Çinə yürüş planı quran Nadirin ciddi siyasi islahatlara gedə bilməməsi, dövlətin möhkəmləndirilməsi istiqamətində əməli işlər görə bilməməsi son nəticədə ona və dövlətinə baha başa gəlib.
Əgər Nadirin taxta çıxana qədər apardığı müharibələr ölkəsinin işğalçılardan azad edilməsi, dövlətin qurulması üçün idisə, sonrakı müharibələr daha çox qurduğu dövləti genişləndirmək, daha böyük ərazilər tutmağa xidmət edirdi. Nəticədə dövlət zəiflədi. Bu mənada Nadir Çingiz xan qədər qalıcı bir dövlət qura bilmədi.
Çingiz xanın məşhur kəlamı “at üzərində dünyanı zəbt etmək olar, amma idarə etmək olmaz” deyirdi. Nadir isə hər iki işi at üzərində etməyə çalışdı. Amma nəticə özü üçün faciəli oldu. Ancaq bütün bunlara baxmayaraq Nadir şah tarixdə Napoleonun haqqında heyranlıqla bəhs etdiyi, heyrətamiz cəsur, ağıllı və bacarıqlı sərkərdə kimi qalacaq.
Kənan Rövşənoğlu
Comments are closed.