Quba rayonunun Alpan kəndindəki XVI əsrin yadigarı – Subaba türbəsi Şah I İsmayıl Səfəvinin (1487–1524) Dərbənd yürüşü zamanı (1504) burada şəhid olmuş qızılbaş döyüşçüsü Sufi Mikayılın məzarı üzərində inşa edilmişdir.

Digər ehtimala görə, Sufi Mikayıl Şah İsmayıl Səfəvinin babası Şeyx Cüneyd Səfəvinin (1429–1460) müridlərindən olmuş, Şirvan müharibəsində (1460) şəhadətə yetmişdir. Türbənin divarları yumurta ağı ilə hörülmüşdür. Əvvəllər bu türbənin adı Sufi baba olmuş, zaman keçdikcə həmin ifadə dəyişərək Sufibaba–Sufbaba–Subbaba və nəhayət, Subaba formasını almışdır…

1918-ci ilin mart soyqırımı zamanı bədnam Bakı Kommunasının əsasən ermənilərdən ibarət qoşun hissələri Digah istiqamətindən Alpan kəndinə hücum etmişdilər. Bəybala bəyin dəstəsi onlara inadlı müqavimət göstərmişdi. Ağır döyüşlərdən sonra zəif silahlanmış bu kiçik dəstə geri çəkilməyə məcbur olmuşdu.
Ermənilər Alpana daxil olub kənddən çıxmağa macal tapmamış sakinləri şəhid etmişdilər. Vəhşiləşmiş ermənilər Subaba türbəsini, digər tikililəri dağıtmış, kənd məktəbini yandırmış, başqa cinayətlər də törətmişdilər. Türbə ətrafındakı qədim qəbir daşlarında erməni vandalizminin izləri – mərmi və güllə yerləri qalmışdır.

Subaba türbəsinin hazırkı vəziyyəti ürəkaçan deyildir. Baxımsızlıq üzündən aşınmaya məruz qalmış türbə – tarixi irsimizin qiymətli bir nümunəsi – yox olmaq təhlükəsi qarşısındadır. Türbənin üstünə vurulmuş lövhədə 299 inventar nömrəsi ilə qeydiyyata alındığı və qorunduğu göstərilmişdir. Hazırda pir kimi ziyarət edilir…

Qeyd: Qafqaz Albaniyasının yadigarı olan Alpan kəndi Azərbaycanın ən qədim yaşayış məskənlərindən biridir. Kəndin ərazisində aşkarlanmış artefaktlar (saxsı küp, dəmir alət, Albaniya dövrünə aid boyalı qabın qırıntıları, mis pullar və s.) göstərir ki, insanlar bu yerlərdə çox əski zamanlardan – e.ə. IV–II minilliklərdən yaşayırlar. Alpan toponimi özündə qədim alban tayfasının adını əks etdirir.

Bu tayfa yalnız Azərbaycanda deyil, başqa ölkələrdə yayılmışdır. Bu gün təkcə Qazaxıstan Respublikasında 750.000 alban yaşayır. Özbək albanları sakau tayfasının, türkmən alpanları isə təkə və sakat tayfalarının tirələridir…
Haşiyə: Albaniya (Şimali Azərbaycanda və Şimali Qafqazda mövcud olmuş qədim dövlət) – Alpan (Quba rayonunda əhalisi azərbaycanlılardan ibarət kənd) – aluank, alban (Şimali Azərbaycanın qədim xalqı) – alban (qazax, özbək, qırğız, qaraqalpaq tayfa və tirələri) – alpan (türkmən tayfası) – Alban (Nepalda şəhər) – Aluan (Hindistanın Pəncab ştatının Patiala dairəsində və Qərbi Benqal ştatının Medinipur dairəsində iki kənd) – alban (İtaliyanın qədim xalqı, romalıların əcdadı) – Alban, Albano (İtaliyada dağ silsiləsi, göl, şəhər)

– Albaniya, alban (Avropada ölkə və öz adı şqipetaret olan xalqın ekzoetnonimi) – Albaniya (Şotlandiyanın qədim adı) – alban (qədim türk və müasir monqol dillərində dövlət, vergi) – alban (saxa dilində igidlik) – Saint Alban (Böyük Britaniyanın ilk xristian müqəddəsi) – Dumanlı Albion (Böyük Britaniyanın poetik adına çevrilmiş qədim adı).
P.S. Subaba piri Azərbaycan xalqının birliyinin, bütövlüyünün, Şah İsmayıl Səfəviyə məhəbbətinin rəmzidir. Belə ki, Subaba pirinin yerləşdiyi Alpan kəndinin əhalisi qədim zamanlardan əhli-sünnə etiqadında olan Azərbaycan türkləridir. Onların bugünədək xatirəsini əziz tutduqları Sufi Mikayıl isə qızılbaş hərəkatının fəal iştirakçılarından, Səfəvi şeyxlərinin sədaqətli və fədakar müridlərindən biri olmuşdur.

Bu fakt həm də onu göstərir ki, Şah İsmayıl Səfəvinin başladığı hərəkat Azərbaycana və Səfəvilərin hakimiyyəti altında olan digər ölkələrə tolerantlıq, ədalət və inkişaf gətirmişdir. Azərbaycan xalqı Şah İsmayıl Səfəvidən miras qalmış gözəl ənənələri bugün də yaşatmaqdadır.

Müəllif: Milli Kimlik Araşdırmaları Qrupunun üzvü Araz Şəhrili

Comments are closed.