Xəlifənin Babəki öldürtməkdə tələsməməsinin səbəbi!
Təbərinin yazdığına görə, Babək miladi tarixlə 838-ci il yanvar ayının 4-də xilafətin o zamankı paytaxtı Samirə şəhərinə gətirilib və bir-iki gün Afşinin əl-Mətirədəki sarayında saxlanılıb.
Xəlifənin sarayına aparılmazdan öncə, hələ Babək paytaxta yeni gətirilərkən əvvəlcə Abbasi dövlətinin baş qazısı, daha sonra isə xəlifə Mötəsim özü dözməyərək atını minib və tanınmaz biçimdə Babəki görmək üçün yola çıxıb.
Ertəsi gün bəzək-düzəkli bir filin üstündə oturdulmuş halda Babək Afşinin sarayından xəlifə Mötəsimin hüzuruna gətirilib, xəlifənin ona verdiyi müxtəlif suallara heç bir cavab verməyib susduğuna görə o, qəzəblənmiş xəlifənin zindanına atılmışdır.
Mənbələr dəqiqliklə bildirir ki, Babək miladi tarixlə 838-ci il martın 14-cü günündə Samirə şəhərində edam edilmişdir.
Mənbə məlumatları bizə bu fikri təlqin edir ki, Babək əl-Hürrəmi əsir alınıb Samirə şəhərinə gətirilənədək xəlifə Mötəsim-billahın onu öldürmək fikri var idisə də, böyük tərddüdlərlə müşayiət olunurdu.
Qızıl möhürlü aman məktubu, Babəkin xüsusi bir təmtəraqla Samirəyə gətirilməsi (hər halda, Mötəsim onu bədnam etmək istəsəydi, Babəki bu sayaq təmtəraqla gətirtməz, alçaldılmış və bədnam edilmiş bir halda gətirilməsini əmr edərdi), Mötəsimin bu əsnada Afşinə Babəki əfv edib xilafət ordusuna qoşun sərkərdəsi təyin etmək istədiyini söyləməsi və bu kimi digər məqamlar Babəkin öldürülməklə cəzalandırılması kimi bir planın olmadığını təxmin etməyə əsas verir.
Ortaya maraqlı və indiyədək tarixçilərin cavabını verə bilmədikləri suallar çıxır:
Babəkin iki ay on gün xəlifənin zindanında saxlanmasının səbəbi nə idi və xəlifə Babəki öldürtməkdə niyə tələsmirdi?
Əgər Babək kafir birisi olmaqla İslama qarşı çıxış etmişdisə, niyə Samirəyə gətirildikdən sonra dərhal edam edilməyib?
Xəlifənin zindanında saxlanıldığı bu 2 ay 10 gün ərzində Babəklə hansı söhbətlər olub? Onun yanına kimlər gəlib-gedib?
Xəlifə ondan nələri öyrənmək istəyirdi? Bu sualların cavablarını tapa bilmək üçün rəsmi tarixə, mənbə məlumatlarına müraciət etmək faydasızdır. Bu sualların cavabı, zənnimcə, dəmir məntiq və güclü intuisiyanın köməyilə, məxsusi tədqiqat aparılması yolu ilə üzə çıxarıla bilər.
Hələlik bu haqda yalnız onu söyləmək mümkündür ki, Babək zindanda olduğu müddətdə məhz Abbasi sarayının ondan umduqlarını və istədiklərini vermədiyinə görə qəzəbdən ağlını itirən xəlifənin əmrinə əsasən edam kürsüsünə çıxarılmışdır.
Araşdırmaçı, Ceyhun Bayramlı
Comments are closed.