1160-ci ilin payızında İraq Səlcuqlu Sultanı Süleymanşah həbs edildi.
Həmin ilin sonlarına yaxın Atabəy Eldəniz 20 minlik ordu ilə Həmədana daxil oldu. Onu Əmir İnancdan başqa dövlətin bütün əmirləri və məmurları qarşıladılar. Təntənəli şəkildə Həmədana gətirilən Arslanşah böyük sultanlıq taxtına oturduldu.
Bir zamanlar saraya qul kimi alınan Eldəniz, hökmdar və əmirlərin süfrəsinə nəzarət edən arıq, sısqa bir adam indi dövlətin cilovunu əlinə keçirmiş, hakimiyyətin zirvəsin də qərar tutmuşdu.
20 il Səlcuqlu sarayının xidmətçisi olan, təxminən bir o qədər müddətdə əyalət idarəçisi vəzifəsini yerinə yetirən Eldəniz indi – düz 50 yaşında iqtidar iyerarxiyasının həlledici fiquruna çevrilmiş, an yüksək məqamında əyləşmişdi. Artıq o, qarabuğdayı qul deyildi, Böyük Atabəy idi.
Səlcuqlu tarixində ondan əvvəl heç bir əmir və atabəy bu qədər geniş səlahiyyətlər aldə edərək kağız üzərində iqtidarın ortağı, realliqda isə iqtidar sahibi elan olunmamışdı. Tarixçi Bundari belə yazır: «Atabəy Eldəniz tale yollarında iri addımlarla irəlilədi… Böyüklər onun yanında kiçildilər, əmirlər ona boyun əydilər».
Eldəniz süqutun bir addımlığında olan idarəçilik sistemini əlinə almışdı. İraq Səlcuqlu sultanlığı vassal bir dövlət olaraq ortaya çıxmışdı. Onun Eldənizə qədərki 40 illik dövrü siyasi xaos içində keçmişdi. Sultanlığin bu hala düşməsinin başlıca səbəbkarı, şübhəsiz ki, Sultan Səncər idi.
Çünki o,özünün mütləq hakimiyyətini qoruyub saxlamaq üçün İraq Səlcuqluları taxtına həmişə azyaşlı, təcrübəsiz, əyləncə və zövq düşkünü qardaş oğlanlarını çıxarmi bununla da faktiki olaraq dövləti əmirlər arasında bölmüş və onların daim bir-biri ilə çəkişməsinə şərait yaratmışdı. Eldəniz isə içindən çıxdığı bu sistemin bütün zəif nöqtələrini yaxşı bilirdi.
İndi Eldənizin özü Səlcuqlu dövlətində mütləq siyasi güc kimi səhnəyə çıxmışdı.
Eldənizin taleyi onda gətirmişdi ki, o, bir zamanlar qulam olsa da, sarayda yetişmişdi, üstəlik, hakim xanədana mənsub sayılırdı – taxta çıxartdığı Səlcuqlu şahzadəsinin – Arslanşahın ögey atası idi.
Eldəniz Səlcuqlu tarixində, bəlkə də, yeganə atabəy idi ki, vaxtilə sultan xanımı olmuş bir qadınla evlənmişdi. Həyat yoldaşı Möminə xatunun diplomatik bacarığa sahib əsilzadə bir ailədən gəldiyini nəzərə alsaq, Eldənizin Səlcuqlu aristokratiyası ilə qohumluq bağının olduğunu söyləmək mümkündür.
Ziya Bünyadov Şəmsəddin Eldənizin hakimiyyətdəki ilk illərini belə xarakterizə edir:
«Bu dövrdən başlayaraq Atabay Eldənizin bütün fəaliyyəti yeni dövlət hakimiyyetinin nüfuzunu möhkəmləndirməyə yönəldi. İraq Səlcuqlu sultanlığının tərkibinə daxil olan vilayətlərin və ölkələrin bütün hakimləri, o cümlədən onun bütün vassalları Sultan Arslanşaha və Böyük atabəyə sədaqət andı içdilər.
Ara müharibələri bir müddət dayandı və mənbələrin göstərdiyinə görə xalq haqq-ədalət və sakitlik içərisində yaşamağa başladı».
Tarixçi Ravəndinin dediyi kimi, “Atabək-i əzəmin zehnindəki doğru fikirlər sayəsində cahan parlaqlıq tapdı, yəni aydınlıq qazandı. Əyalət hakimləri xidmətdə yarışmağa başladılar, xalq ədalət və yaxşı xidmətin kölgəsi altında rahatlığa qovuşdu və səltənət taxtı Arslan ilə bəzəndi”.
Bəli, Eldəniz oğulluğunu taxta çıxardıqdan sonra dövlət idarəçiliyini tamamilə özünün nəzarəti altına aldı. Bu məqsədlə sədaqətinə inandığı, güvəndiyi adamları mühüm vəzifələrə təyin elədi. İki oğlunu hacib və silahdar vəzifələrinə gətirdi, bununla da onları yeni sultanın lap yaxınına yerləşdirdi, beləcə, Arslanşahın özünü belə öz nəzarətində saxlamağa başladı.
Mənbələrdə deyildiyi kimi, «Sultan Arslanşah atabəyin müti icraçısı idi. Onun sultanlıq şərəfi ancaq adına pul kəsilməsindən və xütbə oxunmasından ibarət idi.»
Ardı var…
Mənbə: Əkbər N.Nəcəf, “Şəmsəddin Eldəniz”
“Böyüklər onun yanında kiçildilər, əmirlər ona boyun əydilər “- Böyük Atabəyin yüksəlişi
In
Tarix
Comments are closed.