Milli hərəkatın mərhələlərini ( Söhbət Miroslav Xroşun kiçik millətlərin millət inşası prosesinin fərqliliyini açıqlamaq üçün milli hərəkat olaraq adlandırdığı prosesindən gedir) araşdırarkən həmin mərhələlərin əhəmiyyətini tam açıqlamaq üçün hər prosesi həmin dövrün bir maarifpərvəri ilə təhlil etməyə çalışdıq. Bu çərçivədə:
- A mərhələsində Mirzə Fətəli Axundzadə,
- B mərhələsində Əli Bəy Hüseyinzadə,
- C mərhələsində isə Məhəmməd Əmin Rəsulzadə ön plana çıxarılmışdır.
Azərbaycanın millətləşmə prosesini Xroşun modeli çərçivəsində araşdırdığımızda , Axundzadə, Hüseyinzadə və Rəsulzadənin A, B, C mərhələlərinin açıqlanması məqsədi ilə seçilən başlıca ziyalılar olduğunu gördük. Yəni, millətləşmə prosesi – ənənəvi anlayışın tənqidi, ana dilinin ortaya çıxması, milli varlığın və kimliyin yaranması, ana dilində mətbuat, məktəb, siyasi tələb və s.-in olması – Xroşun modeli ölçü alınaraq, Azərbaycanın üç maarifçi şəxsiyyəti ətrafında öyrənilmişdir.
A Mərhələsi: Mirzə Fətəli Axundzadə
Müasir Azərbaycan kimliyinin formalaşmasında Axundzadənin rolu və təsiri haqqında ortaq bir qənaətdən bəhs edildiyi halda, onun millətləşmə prosesindəki yerini müəyyən etmək mümkün deyildir. Ayrıca, Axundzadənin millətləşmə/müasirləşmə prosesindəki rolu indiyə kimi hələ də yetirincə qiymətləndirilməyib. Halbuki, müstəmləkəyə rəğmən Axundzadə, müasirləşmə yoluyla müsəlmanların “xilas”ına və tərəqqisinə cəhd etmişdir.
Axundzadənin müasir Azərbaycan məfkurə tarixindəki rolu və yeri düzgün dəyərləndirilməyib. Belə ki, bu istiqamətdə aparılan tədqiqatlar həmişə və hər kəs tərəfindən müəyyən bir ideologiya prespektivindən təhlil edilmişdir. Lakin millətləşmə prosesi kiçik millət modeli çərçivəsində ələ alındığı təqdirdə, Axundzadənin çarlığın Qafqaza aid kolonyal müasirləşmə təşəbbüsü nəticəsində ortaya çıxdığı aydın olur.
Axundzadə institusional olaraq filosof, tarixçi, din alimi və s. olmadığı halda, müxtəlif sahələrdə biliyə malik olduğu üçün yazdığı əsərlərdə, xüsusən də, “Məktublar”da onun dünyagörüşünü və intellektual, ideoloji fəaliyyətlərini politik çərçivəyə əsasən təhlil etmək lazımdır.
Axundzadə, məğlub olmuş bir mədəniyyəti və ya müsəlmanları xilas etməyə çalışır. Bu məqsədlə, ilk növbədə ənənəvi inancları özünəməxsus bir üslubla mühakimə etməyə başlayır.
Beləliklə, A mərhələsini, əsasən ənənəvi anlayışın mühakimə edildiyi mərhələ olaraq qavramaq mümkündür. Başlıca əsəri olan “Kəmalüddövlə məktubları”nı yazmasının səbəbi, fanatizmə qarşı mübarizədir.
Yəni, Axundzadə müsəlmanların tərəqqəsinə nail olub onları cəhalətdən, qaranlıqdan çıxarmaq istəyir. Bunun üçün də, dində islahatların vacib olduğuna inanır.
Nəticə etibarı ilə, Axundzadənin “millətçi”, “türkçü” və s. kimi ideoloji qayğılardan hərəkət etmədiyi aydındır. Axundzadə, həm də sistemli bir filosof olmadığı kimi, nə tam olaraq materialist, nə də dindar idi.
Axundzadənin xidmətini, müsəlmanları milli kimliyini formalaşdıracaq qərbin dünyəvi dəyərləri ilə tanış etməsi və bu dəyərlərin ənənəvi məkanlarda müzakirəsinə səbəb olmasında axtarmaq lazımdır.
Yəni, Axundzadənin xidmət cəhdini insanın ənənəvi iyerarxik anlayışa qarşı özünü tapmasında, əxlaqi baxımdan ilahi dəyərlərə bağlı olan müsəlmanlara yeni bir yol göstərməsində görmək lazımdır.
Lakin bu cəhdiylə Axundzadə öz cəmiyyəti üçün, sadəcə, əxlaq anlayışını deyil, həm də birbaşa varlıq anlayışını mübahisəli hala gətirmişdir. Bu mənada, Axundzadənin fikirlərini və millətləşmə prosesindəki rolunu anlamaq üçün əsas diqqəti, onun ənənəvi anlayışa qarşı verdiyi mübarizəyə yetirmək daha faydalı olar. Belə ki, Axundzadə əqli bir varlıq olaraq insanın fərdiliyinə diqqət çəkməyə çalışmışdır.
Türkçülük ideologiyası ideoloqlarından olan Ziya Göyalp “Türkçülüyün əsasları” adlı əsərində türkçülüyə tərif verərkən, onu bilavasitə, türkçülüyün ucaldılması olaraq tərif etmişdir. Türkçülüyün ucaldılması özündə siyasi bir məqsəd daşıyırdı.
Lakin çarlıq dövrü Azərbaycanında müasirləşmə prosesini intellektual çərçivədə başladan Axundzadə üçün türklük siyasi bir problem kimi görünmürdü.
Beləliklə, müasirləşdirmə təşəbbüsü milli hərakatın başlanğıcı olduğu üçün Axundzadəni millətləşmə prosesindən tamamilə ayırmamaqla yanaşı onun əsas rolunu maarifçilik və müasirlik çərçivəsində açıqlamaq daha doğru olardı. Digər tərəfdən, milli hərəkatın A mərhələsinin sonu və B mərhələsində Rusiya müsəlman aydınları millətçiliyin vacibliyini anlamağa başladıqlarında, Rusiya Müsəlmanlarını ortaq bir dəyərdə, mədəniyyətdə birləşdirmək məsələsində islamdan başqa heç bir referans qaynaqları yox idi.
Axundzadənin tərəqqinin qarşısında əsas maneə olaraq görüb tənqid hədəfində tutduğu din və din adamları, millilik anlayışı inşa edilərkən birləşdirici rol oynamışdılar. Çünki Rusiya müsəlmanları siyasi asılılıqda dövlətçilik ənənələrini itirmişdilər.
Ardı var..
Mənbə: “Azərbaycan milli kimliyin tarixi məsələləri” (məqalələr toplusu)
Comments are closed.