Cənubi Qafqaz albanları və Şimali Qafqaz alanları… Albanlar azərbaycanlıların və dağıstanlıların, alanlar isə qaraçaylıların, balkarların və osetinlərin əcdadı sayılırlar.
Albaniyanın adı əski salnamələrdə Albania (latın), Arianiya (qədim yunan), Arran (ərəb-pars), Aluank (qrabar) və başqa formalarda qeyd olunmuşdur.
Alaniyanın adı isə qədim mətnlərdə Alania (latın), Allan (ərəb), Alank (qrabar) və digər şəkillərdə göstərilmişdir. Nüfuzlu fransız linqvisti Emile Benveniste (1902–1976) hesab edirdi ki, Alaniya adı qədim pars dilindəki Ariana (Arran?) sözündən törəmişdir.

Mahmud Kaşğarinin (1029–1101) “Divani-lüğət-ət-türk” əsərindən məlumdur ki, türk dilində “alanq” sözü “düz” (hamar),
alban” sözü isə “dövlət vergisi” anlamını ifadə etmişdir. Saxa türkləri mərdlik və şücaət kimi keyfiyyətlərə “alban” deyirlər. Monqol dilində isə “alban” sözü “dövlət”, “qanun”, “vergi” mənalarında işlənir.
Quba rayonunun Alpan kəndi Azərbaycanın ən qədim yaşayış məskənlərindən biri və Qafqaz Albaniyasının yadigarıdır. Alpan toponimi özündə qədim alban tayfasının adını əks etdirir. Bu tayfa yalnız Azərbaycanda deyil, başqa ölkələrdə də yayılmışdır. Bugün təkcə Qazaxıstan Respublikasında 750.000 alban yaşayır. Özbək albanları sakau tayfasının, türkmən alpanları isə sakat və təkə tayfalarının tirələridir.

Tanınmış tarixçilər – fransız Lui Vivyen de Sen-Marten (1802–1897) və rus Sergey Pavloviç Tolstov (1907–1976) müasir türkmən xalqının təkə və qədim saka xalqının daha tayfalarını eyniləşdirmişlər. Alban və alpan adlı tirələri olan digər iki tayfanın da adlarına diqqət yetirək: sakau və sakat. Xatırladaq ki, Şimali Qafqaz alanları məhz qədim sakaların törəmələri idilər.
Azərbaycanın aşağıdakı yer adları isə, ola bilsin ki, alan etnonimi ilə bağlıdır:

  • Ağsu rayonundakı Sanqalan dağı və Sanqalan (sanq–alan-aluan-alban) kəndi;
  • Abşeron rayonunun Xırdalan (xırd–alan-aluan-alban) şəhəri;
  • Xəzər rayonunun Şüvəlan (şuv–alan-aluan-alban) kəndi;
  • Cəlilabad rayonunun Albalan (alp–alan-aluan-alban) kəndi;
  • Xızı rayonunun Əngilan (anq–alan-aluan-alban) kəndi;
  • Kəlbəcər rayonundakı İlandağ (alan–dağ) dağı;
  • Zəngilan (sanq–alan-aluan-alban) rayonu;
  • Culfa rayonundakı Əlincə (alan-aluan-alban) qalası, Əlincə dağı, Əlincə çayı və İlandağ (alan–dağ) dağı;
  • Ordubad rayonundakı Ələngəzdağ və ya Alangözdağ dağı;
  • Qəbələ rayonundakı Savalan (sav–alan-aluan-alban) dağ silsiləsi;
  • Füzuli rayonundakı Məngələnata (min, minq–alan–ata) dağı;
  • İranın Ərdəbil ostanındakı Savalan (sav–alan-aluan-alban) dağı;
  • Laçın rayonundakı Ağoğlan (ağ alan-aluan-alban) dağı, Ağoğlan çayı, Ağoğlan monastırı, Ağoğlan qalası və Ağoğlan kəndi;
  • Sədərək rayonundakı Ağoğlan (ağ–alan-aluan-alban) türbəsi;
  • Cəbrayıl rayonundakı Ağoğlan (ağ–alan) piri;
  • Yevlax rayonunun Qaraoğlan (qara–alan) kəndi;
  • Ağdaş rayonunun Qaraoğlan (qara–alan) kəndi.

    Göstərilən yer adları arasında müəyyən zahiri fərqlərin mövcudluğu onların əksəriyyətinin məhz alan–alban etnonimi ilə bağlılığı barədə fərziyyəmizi istisna etmir. Zaman və məkan kimi amillərin təsiri altında istənilən söz ilkin mənasını saxlamaqla müxtəlif formalara düşə bilər.
    Qubadlı rayonunun Əliyanlı mahalının adı da alan etnoniminə bənzərliyi baxımından maraq doğurur. Əliyanlı camaatı qaraçorlu tayfasının bir qolu hesab edilir. Tarixdən bəllidir ki, Qafqaz Albaniyasının Dərbənd şəhərindən Beşbarmaq dağınadək uzanan ərazisinin adı Çor olub.

    Əliyanlı mahalının Başarat və Armudlu kəndlərində alban məbədləri, Qafqaz Albaniyası dövründən qalmış digər abidələr vardır. Bunları nəzərə alaraq, ehtimal edə bilərik ki, əliyanlı adı, əslində, ilkin alban–aluan–alan adının bir forması, əliyanlı tayfası isə qədim albanların bir nəslidir.
    Bakı Dövlət Universitetinin müəllimi Qismət Yunusoğlu “Əliyanlı mahalının tarixi irsi və maddi abidələri” adlı məqaləsində yazır: “Pir dağının üstündəki alban məbədi V–VI əsrlərə aiddir. Xalqın qoruyub saxladığı müqəddəs ziyarətgahın uzunluğu 4 metr, eni 3 metr, hündürlüyü 2,5 metr, forması düzbucaqlı, üstü tağbənd şəkilli, materialı daşdan idi.

    Quzeyindəki giriş qapısının hündürlüyü 1,8 metr, eni 80 sm olardı. İçəridə hər iki divar boyunca 15-ə qədər taxça (40–60 sm) və yazısız iki məzar vardı. Başdaşı (60 sm hündürlüyündə) və sinədaşı kobud daşlardan yonulmuşdu. Günəş çıxanda pirin içərisi işıqlanırdı.
    Qapıdan aşağıda ardıc kollarının dibindən sərin sulu Pir bulağı axırdı, ətrafı çaşır bürümüşdü. Başarat kəndindən 6–7 km cənub-qərbdə, Albalı (alban?) yeri deyilən ərazidə romb formalı, üzərində mixi hərflərinə oxşar yazılar olan 10–15 qəbir daşı (boyu 1,5-2 metr) vardı. Başdaşlarının ortasındakı xaç işarələrindən, künclərindəki qızılgül təsvirlərindən bilinirdi ki, bunlar II–III əsrlər alban mədəniyyətinin nümunələridir. Ətrafda əlliyədək qədim yurd yeri görünürdü”.

    Müasir türkmənlərin olam və ulam tayfaları, eləcə də salur və yomut tayfalarının alam adlı tirələri alan əsillidirlər. Türkmənistanın bu tayfa və tirələrinin yaşadıqları ərazilərdə Alan qala və Qızıl Alan adlı qədim qalalar olmuşdur.
    Onu da qeyd etməliyik ki, qaraçaylılar və balkarlar bugün də özlərinə alan deyirlər. Xarəzm alimi Əbu Reyhan Muhəmməd ibn Əhməd əl-Biruni (973–1048) yazır: “Alanların və asların dili xarəzmlilərin və peçeneqlərin dilinə bənzəyir”.
    Ardı var…

    Müəllif: Milli Kimlik Araşdırmaları Qrupunun üzvü Araz Şəhrili

Comments are closed.