İslam dininə, Peyğəmbərə və onun Əhli-Beytinə (ə) həsr olunmuş onlarla tarixi dastanlarımızın olduğunu bilirdinizmi?

“Həzrət Fatimə dastanı”

Tariximiz və kimliyimizin əsas tədqiqat tarixi sovet dövrünə düşdüyü üçün xalqımızın dini tarixi ilə bağlı bir çox mövzular qəsdən diqqətdən kənar qoyulurdu. Təəssüf ki, o ənənə qismən indi də davam edir. Dədə Qorqud, Koroğlu haqda dastanlarımız hamıya məlum olduğu halda, bu dastanlarla eyni və ya daha qədim dövrə aid onlarla dini-qəhrəmanlıq dastanlarımız araşdırılma növbəsini gözləyir.
Bu gün, Xanım Fatimeyi-Zəhra (s.a) şəhadəti ilə bağlı olaraq, , onlardan biri – “Hz.Fatimə dastanı” haqqında qısa söhbət açacağıq.

Bu dastan oğuz dastanlarından olub, Hz. Fatimənin həyatı, şəxsi keyfiyyətlərinin vəsfi, atası Peyğəmbər, həyat yoldaşı Əli, oğulları Həsən və Hüseynə həsr olunub. Real tarixi hadisələrin bədiiləşdirilmiş və mifikləşmiş təsviri formasındadır.
Tədqiqatçılara görə, bu dini-tarixi dastanın yazı üslubu və motivləri, onun əsasən Şərqi Anadolu və Azərbaycan türklərinə aid olmasını göstərir.

Tədqiqatçılara görə dastan 15-ci əsr və sonrasına aid edilir və qədim oğuz türkcəsinin tipik bir nümunəsidi. Dastan xalq arasında geniş yayılmış, xalq toplantılarında, xüsusi mərasimlərdə oxunurmuş. Bunu, həmin dastanın dəfələrlə üzü köçürülməsi də təsdiq edir. Hal-hazırda, “Hz.Fatimə dastanı” nüsxələri Türkiyə kitabxanalarında saxlanılır və bu dastana bir neçə araşdırma həsr olunub.

Qeyd edək ki, Peyğəmbərə və Əhli beytinə aid onlarla dastanımız var ki, onlardan bəzisi AMEA-nın Əlyazmalar İnstitutunda da mövcuddur, amma kifayət qədər tədqiq olunmayıb. Gələcəkdə bu dastanlar haqqında daha geniş məlumat veriləcəkdir.
Bu gün isə bu dastan haqda məlumat verməklə, fürsətdən istifadə edib bütün müsəlman xalqını Xanım Fatimə (s.a.) şəhadəti ilə bağlı dərin hüznlə baş sağlığı veririk.

Comments are closed.