Çox maraqlı məqamlar var, oxumağınız məsləhətdir!
Xacə Əli (1392-1429) və Şeyx İbrahim (1429-1447) dövrlərində Müsəlman Şərqinin ən böyük təriqəti halına gələn səfəviyyə Şeyx Cüneydlə birlikdə dövlət olmaq hədəflərini açıq bəyan etdilər.
Şeyx Heydərlə birlikdə qızılbaş adını alan hərəkat 50 ilə yaxın apardığı mübarizə nəticəsində Orta Şərqin ən böyük ictimai-dini və hərbi-mistik gücünə çevrilərək 1501-ci ildə Şah İsmayılla dövlət hədəfinə çatdı.
Onların başlıca simvolu halına gələn qızıl başlıq isə Şeyx Heydərin İmam Əlini yuxusunda görməsi hadisəsiylə formalaşdı. Bu başlıq türklərin geydiyi qırmızı külahlarla (tacı-duvazdex terk) eyniləşərək təkyə-yi türkmani olaraq adlanmağa başlandı.
Beləliklə, türk tarixində ilk dəfə türk xalq islam anlayışından qidalanan bir təriqət hərbi-siyasi gücə çevrilərək, geniş xalq kütləsini öz ətrafında birləşdirməklə dövlət oldu. O halda qızılbaşlıq:
- bir xalq hərəkatı;
- Azərbaycan, Anadolu, Suriya və Xorasan türklərinin maddi-mənəvi haqlarını müdafiə edə bilməyən zəif və köhnə iqtidarlar qarşısında dini-mistik bir təşkilatın siyasi gücə çevrilməsi;
- əsas milli-mənəvi gücü türklər olmaqla digər etnik (talış, tat, gilək, kürt, zaza, ərəb və d.), dini (xürufilik, ismaililik, şiəlik, məcusilik, hətta qnostik-xrisitian və b.) və mistik (qələndərilik, qarkınilik, babailik, yəsəvilik, heydərilik, vəfailik və b.) qüvvələri ətrafında cəmləşdirən güclü bir təşkilatlanma;
- türklərin alplıq ənənəsilə islamın qazi ruhunu özündə birləşdirən mistik-psixoloji döyüşçü missiyası;
- Qədim türk inancındakı qutlu şah (Tanrıdan qut alan hökmdar) inancı ilə islamiyyətdəki gələcək xilaskar imam (Mehdi) anlayışlarının harmonik ifadəsi;
- Siyasətnamə ənənəsinə (Nizamülmülk tərəfindən formalaşdırılan hakim xanədan və onun ətrafında yerləşən devşirmə hərbi və bürokratik idarə sistemi) qarşı şahnaməçi-dastanvari (qəhrəmanlıq və alplıq sistemi) ənənəyə əsaslanan boy-bodun-el (boy-millət-dövlət) cəmiyyət sistemi;
- İmperiya (qlobal-metafizik iqtidar mexanizması) prisinsiplərinə qarşı yurd (mərkəzində müqəddəs dərgah olan oğuzçuluq anlayışı) prinsipinə söykənən dünya təsəvvürü;
- Əhli-beyt haqları (imamət) ilə ədaləti təmsil edən xarizmatik hökmdara (Tanrının yer üzündəki ali nümayəndəsi olaraq şah) sədaqət düşüncəsinə bağlı dünya modeli idi.
- Səlcuqlu-Osmanlı nəsihət təməlli hikmət-hakimiyyət anlayışına qaşrı xəbərə (şeyx və şahların yuxu vasitəsilə alıdıqları ilahi mesaj) söykənən buyurucu hakimiyyət anlayışı.
Bunun qarşılığında qızılbaşlıq sisteminin iki əksik tərəfi vardı: - Kitab əsaslarına söykənən hüquq (fiqhi) anlayışının olmaması;
- Zəif xarakterli hökmdarların hakimiyyəti zamanı daxildə idarə edici gücdən (hikməti-hökumət/ dövlət ağlı) məhrum olması.
Bu iki mühüm boşluğu zamanla məzhəbçilik və tayfaçılıq zehniyyəti doldurmağa çalışdı. Müqəddəs şah kimliyinin zəifləməsi ilə Səfəvilər dövləti daxilində meydana gələn rumlu, şamlı, ustaclı, təkəli tayfaları arasındakı mübarizə, şah ailəsinin
ortadan qalxması ilə əfşarlar, zəndilər, əfqanlar, abdallar, qılzailər, qacarlar və xanlıqları təmsil edən tayfalar mübarizəsinə çevrildi.
Digər tərəfdən Səfəvilərin dini-hüquqi (şərii) əsaslarını təşkil edən məzhəblərin (əxbari-isnəəşəri) siyasi baxımdan formalaşma prosesi, ancaq dövlətin yıxılmasından sonra başa çatmış və nəticədə XIX əsrdə dini-məzhəbi üləma bürokratiya üzərində nəzarəti ələ keçirmişdir.
Mənbə: “Azərbaycan Milli kimliyin tarixi məsələləri” (Məqalələr toplusu)
Comments are closed.