Kolanılar ən əski türk boylarından biridir. Çox geniş ərazidə yayılmışlar.
Bu gün təkcə quzey Azərbaycanda deyil, eləcə də güney Azərbaycanda, İraqda, Misirdə, Suriyada, Əfqanıstanda, Özbəkistanda, Türkiyədə, hətta Almaniyada və digər ölkələrdə ümumilikdə 100 minlərlə kolanı türkü yaşamaqdadır. Tarixi qaynaqlarda və son yüz ilin arxiv materiallarında Kolanı adı keçən xeyli sayda bəlgələr var. Eləcə də son illər kolanı türkləri ilə bağlı bir neçə araşdırma yazısı qələmə alınıb.
Ancaq indiyə qədər bu əski türk boyu haqqında ayrıca monoqrafiya yazılmayıb.


Kolanıların tarixi, mədəniyyəti, etnoqrafiyası, onların ümumtürk tarixindəki yeri və rolu hərtərəfli, əhatəli şəkildə araşdırılmayıb. Bu səbəbdən də Kolanıların tarix səhnəsinə çıxışı, kolanı sözünün etimologiyası və digər tərəfləri ilə bağlı əksər araşdırmaçıların razılaşa biləcəyi ortaq fikir hələ ki yoxdur.Kolanlılarla bağlı aşağıdakı faktlar – Qarabağ Kolanılarında olmuş Qaraqoyunlu Mirzəxanlı obası, İğdır vilayətinin tarixi sakinləri olan Kolanlıların Qaraqoyunlu hesab olunması və eyniadlı ərazidə yaşaması, Vedi bölgəsində Kolanılarının yaşadığı Xınıt Qaraqoyunlu kənd adı, Şahbuz rayonunun Kolanı kəndi yaxınlığında tapılmış Qaraqoyunlu-Ağqoyunlu mədəniyyətinə aid edilən daş qoç fiqurları və s. onların XIV-XV əsrlərdə əsasən oğuz boylarından ibarət olmuş Qaraqoyunlu tayfa ittifaqına daxil olduqlarını göstərir.

Fərman Kərimzadə “Xudafərin körpüsü” romanında Vedi mahalında olan bir sıra kəndlərlə yanaşı, Kolanı kəndinin də Qaraqoyunlular tərəfindən salındığını bildirir.

Kolanı tayfası içərisində qol və tirə adları: Qaravənd (Qərvənd, Qarıbənd, Gərravənd, Gərəkvənd, Qaralar, Qara, Qaralı, Qaraoğlanlı), Şeyxavənd (Şıxavənd, İsxavənd, Şəxavənd, Şeyxli, Şıxlar), Köçərli, Goran (Coran, Goranlı, Göranlı), Dəmirli, Çıraqlı, Türəni (Turanı), Ağsaqlı (Axsaqlı), Həzili, Osallı, Lolaylı (Lolayı), Pirəvənd (Pirəvəd, Papirəvənd), Şadılı (Şidli, Sədli), Alataxtalı, Borravənd, Qaramanlı, Qoyunlu, Vəkəli, Dirəvərlər, Zamanlı, Sədirli, Mirzəxanlı, Bəylər və başqaları bu qol və tirələrdəndir. Şirvanda Goran (Osallı, Bəgalılı, Bəylər, Lolaylı, İsgəndərli, Əsədli, Şükürlü və b. tirə və obaları), Pirəvənd ( Borravənd, Xırda Pirəvənd, Abbasalılı, Ağarzalı və başqa), Alataxta (Həzili, Babalı, Zeynallı, Zülfüqarlı, Sadıqlı), Qaraoğlanlı (Tahirli) təbəhləri var. Axsaqlılar içərisində Qurbanlı tirəsi vardır. Kolanı tayfasının əsasən Qarabağ və Şirvan-Muğan qollarına aid olan “vənd” sonluğu türk tayfalarına məxsus şəkilçi olub, Cavanşir tayfasının qolları içərisində, bulqar tayfalarında işlənmişdir.
Mənbə: anl.az

Comments are closed.