Tarixin yaşamağa haqqı çatan ehtimallarından)

Bizi bilən bilir, bilməyən isə özü kimi bilir.

Mövlanə Cəlaləddin Rumi

Xarəzmşahlar dövlətinin tarixini iki dövrə bölmək olar. Birinci dövr 1097–1221-ci illəri əhatə edir. İkinci dövr 1224-cü ildə Xarəzmşah Cəlaləddin Manquberdinin Hindistandan qayıtması ilə başlanmış və 1231-ci ildə sona çatmışdır. Xarəzmşah Cəlaləddinin 1224–1225-ci illərdə qurduğu səltənətin mərkəzi vilayəti Azərbaycan, əsas şəhərləri isə Təbriz və Gəncə olmuşdur. Bu, əslində, elə Azərbaycan dövləti idi. O, yerli hökmdarlardan birinə yazırdı: “Allahın mərhəməti və inayəti ilə millətimiz bir, dinimiz birdir. Dostluq etmək üçün ən münasib adam o şəxsdir ki, səninlə eyni dildə danışır və eyni dinə etiqad edir”.

XII əsrin sonlarında bugünkü Özbəkistan, Qazaxıstan, Türkmənistan, Əfqanıstan, İran və İraqın böyük bir hissəsi Xarəzmşahlar imperiyasının tərkibində idi. Xarəzmdən şərqdə – yenə də indiki Özbəkistan, Tacikistan, Qazaxıstan, Qırğızıstan, Monqolustan, Rusiya və Çinin bir qismini əhatə edən ərazidə Qarakitay imperiyası yerləşirdi. Mərkəzi Asiyanın bugün bir hissəsi Rusiyanın, bir hissəsi Monqolustanın, bir hissəsi də Çinin tərkibində olan geniş çöllərində isə köçəri türk və monqol qəbilələri yaşayırdılar.

Xarəzmşah Əlaəddin Təkəş (1172–1200) ölüm yatağında ikən oğlu Əlaəddin Muhəmmədə belə bir vəsiyyət etdi: “Qurxana (qarakitay xalqının imperatoru) qarşı çıxma və onunla sazişi pozma! Çünki bu dövlət dəhşətli düşmənlərin qarşısında böyük bir səddir”. Amma Xarəzmşah Əlaəddin Muhəmməd (1200–1220) atasının bu sözlərini tez unutdu. 1210-cu ilin sentyabrında Xarəzm ordusu Qurxan Yelü Juluqunun (1177–1213) qoşunlarını məğlubiyyətə uğratdı. Qələbə xəbəri Xarəzmə yetişdi. Hamı sevinib şadyanalıq etməyə başladı. Yalnız Seyid Murtəza adlı bir alim böyük kədər içində idi. Ondan bunun səbəbini soruşduqda dedi: “Ey ehtiyatı əldən vermiş insanlar! Bu türklərdən o tərəfdə sayı yəcuc-məcucdan (“Tövrat”a görə, qoq-maqoq) qat-qat artıq olan, qəzəbli, qisascıl və çox qətiyyətli bir xalq yaşayır. Qarakitay dövləti bizimlə onlar arasında, həqiqətən də, Zülqərneyn səddi idi. İndi bu sədd yox olandan sonra müsəlmanları çətin və məşəqqətli günlər gözləyir. Bu gün mən dinimiz üçün yas saxlayıram!”

Xarəzmşah Əlaəddin Muhəmmədin taxta çıxmasından qısa müddət sonra – 1204–1206-cı illərdə Altayda və indiki Monqolustanın ərazisində Çingiz xanın səltənəti təşəkkül tapdı. Onun qurduğu imperiyanın rəsmi adı Yeke Monqol Ulusu idi. Çingiz xan ona tabe olmuş köçəri xalqları köke moğol adlandırdı. 1218-ci ildə monqollar Xarəzmlə müharibələrdə zəifləmiş Qarakitay imperiyasını darmadağın edib Xarəzmşahlar imperiyasının sərhədinə çıxdılar. Xarəzmşah Əlaəddin Təkəşin və xarəzmli Seyid Murtəzanın öncəgörmələri gerçəkləşdi. 1219-cu ilin payızında Xarəzm–Monqol müharibəsi başlandı. 1221-ci ilin yazında Xarəzm Çingiz xanın əlinə keçdi. Həmin ilin dekabrında Xarəzmin son böyük ordusu monqollar tərəfindən Əfqanıstan ərazisində məhv edildi. Xarəzmşah Əlaəddin Muhəmmədin oğlu Cəlaləddin Manquberdi 1231-ci ilədək müxtəlif ölkələrdə – İranda, Azərbaycanda və Anadoluda yerli hökmdarları birləşdirib monqollara müqavimət göstərməyə çalışsa da, onun bütün cəhdləri uğursuz oldu.

Haşiyə: Muhəmməd ən-Nəsəvi (?–1250) Xarəzmşah Cəlaləddini belə təsvir edir: “O, bəstəboy və qarayanız idi. Həm türk, həm də fars dilini bilirdi. Şirlərin şiri, cəsurların cəsuru idi. Bununla yanaşı, Cəlaləddin təvazökar və həlim bir insan idi. O, qətiyyən əsəbləşmir, kobud sözlər işlətmirdi. Az danışan və ciddi idi. Heç bir zaman bərkdən gülmür, yalnız gülümsəyirdi. Ədaləti, təbəələrinin həyatını yaxşılaşdırmağı sevirdi. Lakin tənəzzül dövründə hökmdarlıq etdiyinə görə bəzən zorakılığa əl atırdı. Onun möhürünə bu sözlər həkk olunmuşdu: Yardım yalnız Allahdandır!”

Xarəzmşah Cəlaləddin həm istedadlı sərkərdə, həm də məğlubedilməz bahadır idi. Çingiz xan özü döyüşlərin birində onun qılınc və nizə zərbələri ilə qüvvətli monqol əsgərlərini yerə sərərək sıx mühasirə halqasını necə yardığını görüb öz oğlanlarına söyləmişdir: “Hər bir atanın fəxr edəcəyi əsl oğul belə olmalıdır”.

Başqa bir döyüşdə isə monqol sərkərdəsi Taynal noyon onun şücaətinin şahidi olmuş və demişdir: “Sən harada olursansa ol, xilas olacaqsan. Həqiqətən də, sən əsl kişi və əsl rəhbərsən”.

Şərəfxan Bitlisi (1543–1602): “Cəlaləddinin şəxsiyyəti qarşısında düşmənlərinin keçirdikləri qorxu və ehtiram hissi o qədər güclü idi ki, sultan yalqız qaldıqda belə heç kimin onu təqib etməyə cəsarəti çatmırdı”.

Sultan Cəlaləddinin  Muhəmməd, Manqatuy şah və Qaymaqar şah adlı üç oğlu olmuşdur. 1260-cı ildə Çingiz xanın nəvəsi Hülakü xanın qoşununu Ayn əl-Cəlud döyüşündə darmadağın etmiş məşhur Misir sultanı Quduz xarəzmşahın bacısı oğlu idi.

Qeyd. Xarəzmşahlar dövlətinin tarixini iki dövrə bölmək olar. Birinci dövr 1097–1221-ci illəri əhatə edir. İkinci dövr 1224-cü ildə Xarəzmşah Cəlaləddin Manquberdinin Hindistandan qayıtması ilə başlanmış və 1231-ci ildə sona çatmışdır. Xarəzmşah Cəlaləddinin 1224–1225-ci illərdə qurduğu səltənətin mərkəzi vilayəti Azərbaycan, əsas şəhərləri isə Təbriz və Gəncə olmuşdur. Bu, əslində, elə Azərbaycan dövləti idi. O, yerli hökmdarlardan birinə yazırdı: “Allahın mərhəməti və inayəti ilə millətimiz bir, dinimiz birdir. Dostluq etmək üçün ən münasib adam o şəxsdir ki, səninlə eyni dildə danışır və eyni dinə etiqad edir”.

Yeri gəlmişkən, bugün Azərbaycan dilinə ən yaxın dillərdən biri özbək dilinin Xarəzm ləhcəsidir. Ona özbək dilinin oğuz ləhcəsi də deyilir. Bir neçə  milyon insanın danışdığı həmin ləhcənin əsas şivələrindən biri ovşar şivəsi adlanır.

1230–1231-ci illərdə Cəlaləddin hakimiyyətinin mövcud olduğu ərazilərdə vəziyyət gərginləşərək kritik həddə çatmışdı. Belə ki, monqolların təzyiqi artmış, yerli hakimlərdən bəziləri ondan üz döndərməyə başlamışdılar. Bu ağır şəraitdə təbrizli Şəmsəddin Tuğrai (“tuğra” sözü nişan, gerb, ələm mənalarını ifadə edir) sultana sadiq qalmışdı. O, Təbriz camaatının dərin məhəbbətini qazanmış müdrik, mömin və saf bir insan idi. Ən-Nəsəvi onu bənzəri, tayı-bərabəri olmayan bir şəxsiyyət kimi xarakterizə etmişdir. Təbrizlilər Şəmsəddini özlərinin şəksiz lideri bilir, onun hər bir göstəriş və tapşırığını sorğu-sualsız yerinə yetirirdilər. Şəhər sakinləri hesab edirdilər ki, Şəmsəddinə bağlılığı saxlamaq onların müqəddəs borcudur. Ən-Nəsəvinin yazdıqlarından o da məlum olur ki, Xarəzmşah Cəlaləddin paxıl və iftiraçı adamların şər-böhtanlarına inanaraq Şəmsəddin Tuğrai ilə əvvəllər çox ədalətsiz davranmış, lakin sonradan bu hərəkətlərinə görə peşmançılıq və xəcalət hissləri keçirmişdir. Şəmsəddin 1229-cu ildən etibarən Cəlaləddinin məsləhətçilərindən və hörmətlə yanaşdığı şəxslərdən biri olmuşdur.

Haşiyə. İbn əl-Əsir (1160–1234): “(1231-ci ildə) Tatar sərkərdəsi öz qoşunları ilə Təbriz yaxınlığına çatıb sakinlərə təklif etdi ki, təslim olsunlar. Əks-təqdirdə onları cəzalandıracağı ilə hədələdi. Təbrizlilər də itaət edib çoxlu hədiyyə göndərdilər. Sərkərdə onlara təşəkkürünü bildirdi və tələb etdi ki, şəhər rəhbərləri gəlib onunla görüşsünlər. Təbriz qazisi, şəhər rəisi və bir neçə əyan ordugaha getdi. Lakin Şəmsəddin Tuğrai onların arasında yox idi. Halbuki təvazökarlığına görə heç bir zaman büruzə verməsə də, əslində, hər bir şey ondan asılı idi. Belə ki, təbrizlilər yalnız Şəmsəddinin sözünü eşidirdilər. Tatar sərkərdəsi onun gəlməməsinin səbəbini soruşdu. Şəhər başçıları cavab verdilər ki, Şəmsəddin Tuğrai bu dünyanın adamı deyil və onun dünyəvi hakimiyyətə heç bir dəxli yoxdur”.

1231-ci ilin avqustunda monqollarla növbəti savaşda yaralanmış Cəlaləddin onu təqib edən iki monqol döyüşçüsünü öldürdükdən sonra Anadolunun dağlıq hissəsində azaraq bir kürd kəndinə gəlib çıxdı. Orada qəfil hücuma məruz qaldı və girov götürüldü. Kürdlərin onu öldürmək fikri yox idi. Lakin kənd sakinlərindən biri qardaşının Xarəzm ordusu ilə hansısa döyüşdə həlak olduğunu iddia edərək köməksiz vəziyyətdə olan sultanı bir nizə zərbəsi ilə qətlə yetirdi.

Muhəmməd ən-Nəsəvi yazır: “Bir müddət sonra Əmir Şihabəddin Qazi ibn Əhməd (1220–1244) öz adamlarını həmin dağlara göndərdi. Onlar sultanın əşyalarını, atını, yəhərini, məşhur qılıncını və saçına taxdığı çubuğu tapıb gətirdilər. Cəlaləddinin yaxın adamları Utur xan və Təlsab təsdiq etdilər ki, bunların hamısı xarəzmşaha məxsusdur. Sonra sultanın cəsədini də gətirib dəfn etdilər”.

Digər rəvayətə görə, kürd hakimi Şihabəddin Qazi ibn Əhməd xarəzmşahın girov götürülməsi xəbərini alan kimi öz döyüşçüləri və Cəlaləddinin yaxın qohumu Utur xanla birlikdə həmin kəndə getmişdir. O, öldürülmüş şəxsin sultan olduğunu Utur xanın vasitəsi ilə dəqiqləşdirdikdən sonra əmr etmişdi ki, buradakı bütün kişiləri qətlə yetirib kəndi yandırsınlar.

Belə deyirlər ki, Sultan Cəlaləddin Diyarbəkr vilayətinin Harzem (Xarəzm) adlı kəndində dəfn edilmişdir.

Səhihliyi bir qədər şübhəli olan başqa bir rəvayətə əsasən, Xarəzmşah Cəlaləddin Diyarbəkrdə deyil, Dersimdə öldürülmüşdür. Onun məzarı Dersimin Dojik (Tacik?) dağının zirvəsindədir və Sultan Baba türbəsi kimi tanınır. Qeyd etmək lazımdır ki, Sultan Baba türbəsi bugün də zaza xalqının ən müqəddəs ziyarətgahlarından biridir. Deyilənə görə, sultanın kürd dostu Şeyx Həsən onun azyaşlı oğlunu himayəsinə götürüb saxlamış və bir neçə ildən sonra öz qızı ilə evləndirmişdir. Bugün də oğuzların şanlı bəydili boyundan olan Xarəzmşah Cəlaləddinin nəsli kürdlərin arasında yaşamaqdadır. Yenə də həmin bölgədə ağızdan-ağıza ötürülən bir  rəvayətə görə, yerli zazaların əcdadları Dersimə qədim zamanlarda Türküstandan gəlmişlər. Türkiyəli müəlliflərin bəziləri zazaların bu hissəsini qızılbaş adlandırır və onları türkmən əsilli hesab edirlər. Amma, zənnimizcə, bu fikir kifayət qədər əsaslandırılmamışdır.

Fəzlullah Rəşidəddin (1247–1318): ”Adamların bir hissəsi danışır ki, sultan Hakkari dağlarında bir ağacın altında yatmışdı. Oradan keçən bir neçə avara onun bahalı paltarlarına və atına tamah saldı. Onlar Cəlaləddini yatdığı yerdə öldürüb ələ keçirdikləri qənimətlərlə Amid şəhərinə getdilər. Şəhər əyanları sultanın silahlarını və paltarlarını görən kimi tanıdılar. Yerli hakim məsələni araşdırıb həqiqəti öyrəndikdən sonra quldurların hamısını edam etdirdi. Sultanın cənazəsini Amid şəhərində dəfn edib üzərində türbə tikdilər”.

Əlaəddin Ataməlik Cuveyninin (1226–1283) nəql tərzindən isə hiss olunur ki, o, xarəzmşahın kürdlər tərəfindən öldürülməsi barədə məlumata bir qədər şübhə ilə yanaşır: “Sultanın öz sonunu necə qarşılaması barədə müxtəlif əhvalatlar danışırlar. Bəziləri deyirlər ki, Amid dağlarına çatdıqda o, gecələmək üçün bir yerdə dayandı. Burada bir dəstə kürd onun paltarlarını oğurlamaq istədi. Quldurlar nə etdiklərini və hansı ovu tutduqlarını anlamadan sultanı sinəsindən vurub öldürdülər. Əslində, bu təəccüblü deyil: bəzən arslan da sahibsiz itlərin hücumlarından yorulub əldən düşür. Sonra həmin adamlar sultanın paltarlarını geyinib şəhərə getdilər və orada ələ keçdilər. Amid hakimi məsələdən agah olub tapşırdı ki, həmin kürdləri qətlə yetirsinlər və qəbir qazıb sultan hesab etdikləri şəxsin meyitini orada dəfn etsinlər”.

Qeyd. Bu rəvayətlərin əksəriyyətini birləşdirən bir cəhət var: Cəlaləddinin yaxın adamlarına əvvəlcə onun meyiti deyil, şəxsi əşyaları göstərilmişdir. Həmin şəxslər də xarəzmşaha məxsus olan əşyalara əsasən onun öldüyünü təsdiq etmişlər. Bundan sonra cəsəd gizli bir yerdə dəfn edilmiş və qəbrin üstü düzlənmişdir ki, monqollar məzarı tapa bilməsinlər. Başqa iki variantda isə əksinə, deyilir ki, onun qəbri üzərində türbə ucaldılmışdır. Yalnız bir rəvayətə görə, Cəlaləddinin həm yaxın qohumu, həm də silahdaşı Utur xan təsdiq etmişdir ki, öldürülmüş şəxs həqiqətən də xarəzmşahdır.

Şərəfxan Bitlisi yazır: “Cəlaləddin yerli hakim Məlik Əşrəflə barışdı və onun qızı ilə evlənib bir müddət Bitlis şəhərində yaşadı. Məlik Əşrəf tez-tez ona deyirmiş ki, siz buranı tərk etməlisiniz. Çünki tatarlar, Allah eləməsin, bilsələr ki, şəhərdəsiniz, bütün vilayəti xarabazara döndərəcəklər. Bir gecə monqol ordusu Bitlisə yaxınlaşdı. Sultanı yuxudan oyatdılar. O, vəziyyətin ciddi olduğunu görüb Məlik Əşrəfin qızına dedi: sənin atanın məsləhətinə nahaq qulaq asmadım. Mənimlə getmək istəyirsən? Qız həvəslə, öz iradəsi ilə Cəlaləddinə qoşuldu və onlar atlanıb gecənin qaranlığında gözdən itdilər. Şeyx Əlaədövlə Simnani həzrətləri öz mürşidi Şeyx Nurəddin Əbdurrəhman Kəsrəfi (əl-İsfaraini) həzrətlərindən eşitmişdir ki, Sultan Cəlaləddin Uca Allahın xidmətçiləri (övliyaları) dərəcəsinə yüksəlmişdir”.

Fəzlullah Rəşidəddin xarəzmşah haqqında yazısını belə tamamlayır: “Digərləri isə iddia edirlər ki, Cəlaləddin öz libasını və silahını rastlaşdığı adamlara özü vermiş, əvəzində onların qaba paltarlarını geyinərək sufi və dərviş kimi ömür sürməyə başlamışdır”.

Əlaəddin Ataməlik Cuveyni isə öz hekayətini belə bitirir: “Amma başqaları nəql edirlər ki, monqollarla son döyüşdən sonra Xarəzmşah Cəlaləddin dərviş libası geyinərək sufi olmuş və müsəlman ölkələrində abid kimi yaşamışdır. Bir neçə il sonra şəhərlərdə və kəndlərdə davamlı olaraq şad xəbərlər yayıldı ki, sultanı hansısa şəhərdə görüblər”.

Mövlanə Cəlaləddin Rumi: “Allah ilə olduqdan sonra ölüm də, olum da xoşdur”.

Haşiyə. Rəvayətə görə, Xarəzmşahlar dövlətində doğulmuş Mövlanə Cəlaləddin Ruminin (1207–1273) atası Muhəmməd Bəhaəddin Vələd (1152–1231) Xarəzmşah Cəlaləddinin (1199–1231) bibisi oğludur. Göründüyü kimi, 1231-ci il hər iki Cəlaləddinin taleyində həlledici il olmuşdur. Həmin il Xarəzmşah Cəlaləddin ibn Muhəmməd izsiz-soraqsız yoxa çıxmış, Mövlanə Cəlaləddin ibn Muhəmmədin isə əksinə, səsi-sorağı tədricən bütün İslam aləminə yayılmağa başlamışdır.

Bir məsələni də qeyd edək: türkiyəli tədqiqatçı Əbdulbaki Gölpinarlı faktlarla sübut etmişdir ki, Cəlaləddin Ruminin nəsil şəcərəsi və onun 1231-ci ilə qədərki həyatı barədə rəvayətlərin əksəriyyəti ziddiyyətli və qeyri-dəqiqdir. Məsələn, bir qəzəlində Xarəzm ordusu ilə Qurilər dövlətinin qoşunları arasında döyüşdən (1201–1206) bəhs edir. Digər bir şeirində isə bildirir ki, Səmərqənd xarəzmşah tərəfindən zəbt edilərkən (1212) orada olmuşdur. O, bu zaman şahidi olduğu bir hadisəni də təsvir edir. Halbuki Cəlaləddin Rumi barəsində yayılmış bioqrafik məlumatlara görə, həmin vaxt onun 4–5 yaşı ancaq olardı. Başqa bir misal: onun 1207-ci ildə doğulduğu deyilsə də, son araşdırmalar göstərir ki, Mövlanə Cəlaləddin Rumi Xarəzmşah Cəlaləddin Manquberdi  ilə demək olar ki, eyni tarixdə – 1200-cü ildə anadan olmuşdur.

Deyilənə görə, Mövlanə Cəlaləddin Ruminin əsli Bəlx şəhərindəndir. Bir fərziyyəyə əsasən, onun ailəsi bu şəhəri 1219-cu ildə tərk etmişdir. Həmin tarixdən iki sonra – 1221-ci ilin yazında monqollar Bəlxi yandırmış və şəhər sakinlərinin hamısını son nəfərinədək qətlə yetirmişdilər. Əgər salnaməçilər şəhərin başına gətirilmiş faciənin miqyasını şişirtmirlərsə, böyük ehtimalla, orada Cəlaləddin Ruminin həqiqətən də bəlxli olduğunu təsdiq edə biləcək adam və ya sənəd qalmamışdı. Görünür, elə bu səbəbdən sözügedən məsələni dəqiqləşdirmək mümkün olmamışdır.Çingiz xanın bəlxlilərə belə qəzəblənməsini isə onunla izah edirlər ki, 1220–1221-ci illərdə çox çətin vəziyyətə düşmüş şahzadə Cəlaləddin Manquberdi məhz bu şəhərdə sığınacaq tapıb vaxt qazanmış, sonra isə ətrafına qüvvə toplayıb monqollarla mübarizəni davam etdirmişdir.

Cəlaləddin Rumi 1231-ci ildən 1241-ci ilədək Seyid Bürhanəddin Tirmiziyə müridlik etmiş, onun yanında seyri-süluk (təsəvvüfdə cəhalətdən elmə doğru hərəkət) deyilən mənəvi təlim və tərbiyə yolunu keçmişdir. 1244-cü ildə Şəmsəddin Təbrizi (1185–1248) ilə tanışlıqdan və onunla söhbətlərdən sonra Cəlaləddin sanki yeni bir aləmə daxil olmuş və özünü tamamilə təsəvvüfə həsr etmişdir. Bütün vücudunu İlahi eşq bürümüş Cəlaləddin Rumi Mövlanəyə çevrilmişdır.

Cəlaləddin Rumi həm türk, həm də fars dilini bilirdi. Lakin şeirlərini əsasən fars dilində yazırdı. Ruminin adı ilə bağlı olan Mövləvilik təriqətini onun oğlu Sultan Muhəmməd Vələd (1226–1312) qurmuşdur. Deyilənə görə, Sultan Vələdin anası Gövhər xatun Xarəzmşahlar xanədanının nümayəndəsi idi. Onun adının əvvəlində “sultan” sözünün olmasını da məhz bununla izah edirlər. Mövlanənin digər oğlunun adı Əlaəddin Muhəmməd, kiçik oğlunun adı isə Müzəffərəddin Alim Çələbi olmuşdur. Cəlaləddin Ruminin Fatimə Məlikə Xatun adlı bir qızı da var idi. Qeyd etmək lazımdır ki, orta əsrlərdə “məlikə” və “xatun” sözlərini adətən hökmdar nəslindən olan qadınların adlarına əlavə edirdilər.

Cəlaləddin Manquberdi

XARƏZMŞAH CƏLALƏDDİN İLƏ MÖVLANƏ CƏLALƏDDİN ARASINDA BƏZİ OXŞARLIQLAR

  1. Xarəzmşah Cəlaləddin Manquberdi 1199-cu ildə dünyaya gəlmişdir.    

Mövlanə Cəlaləddin Rumi 1200-cü ildə anadan olmuşdur.

  • Xarəzmşah Cəlaləddin Manquberdi Xarəzmşahlar dövlətinin yeddinci hökmdarıdır.     

Mövlanə Cəlaləddin Ruminin əsli Xarəzmşahlar dövlətindəndir.

  • Xarəzmşah Cəlaləddin Manquberdinin atasının adı Muhəmməddir.      

Mövlanə Cəlaləddin Ruminin də atasının adı Muhəmməddir.

  • Xarəzmşah Cəlaləddin Manquberdinin atasının tam adı Əlaəddin Muhəmməddir.         

Mövlanə Cəlaləddinin Ruminin həm qardaşının, həm də ortancıl oğlunun adı Əlaəddin Muhəmməddir.

  • Xarəzmşah Cəlaləddinin Manquberdinin üç oğlu olmuşdur.     

Mövlanə Cəlaləddin Ruminin də üç oğlu olmuşdur.

  • Xarəzmşah Cəlaləddin Manquberdi xarəzmşahlar – Anuştekinlər xanədanının sonuncu nümayəndəsi idi.          

Mövlanə Cəlaləddin Ruminin ata nənəsi və həyat yoldaşı guya xarəzmşahlar – Anuştekinlər xanədanından olmuşlar.

  • Rəvayətə görə, Xarəzmşah Cəlaləddin Manquberdinin atası Xarəzmşah Əlaəddin Muhəmmədin ən çox hörmət bəslədiyi din xadimi böyük sufi şeyxi Nəcməddin Kubra (1145–1221) idi. Ürgənc şəhərinin mühasirəsi zamanı Çingiz xan onun amanda olduğunu bildirsə də, Şeyx Nəcməddin Kubra ölümə məhkum edilmiş camaatı tərk etməyərək monqollarla döyüşdə şəhid olmuşdur. Şeyxin məzarı Türkmənistanın Daşoğuz vilayətinin Köhnə Ürgənc şəhərindədir.

Rəvayətə görə, Mövlanə Cəlaləddin Ruminin atası Sultan Bəhaəddin Muhəmmədin mürşidi Şeyx Nəcməddin Kubra, sonuncunun müəllimi isə Baba Fərəc Təbrizi idi. Kubraviyyənin bəzi ələvi təriqətlərinə (nurbəxşilərə və zəhəbilərə) böyük təsiri olmuşdur. Kubraviyyə təriqətinin digər məşhur nümayəndələri Şeyx Ruknəddin Əlaədövlə Simnani (1261–1336) və onun mürşidi Şeyx Nurəddin Əbdurrəhman əl-İsfaraini Kəsrəfidir (?–1317).

  • 1220–1221-ci illərdə çox çətin vəziyyətə düşmüş Xarəzmşah Cəlaləddin Manquberdi Bəlx şəhərində sığınacaq tapmış, bəlxlilərdən yardım almışdır.   

Mövlanə Cəlaləddin Ruminin əsli qədim Bəlx şəhərindəndir və onun ailəsi oranı 1219-cu ildə tərk etmişdir.

  • Xarəzmşah Cəlaləddin Manquberdi Xorasan vilayətindən 1221-ci ildə çıxıb getməyə məcbur olmuşdur.

Mövlanə Cəlaləddin Rumi Xorasan vilayətindən 1219–1220-ci illərdə çıxıb getməyə məcbur olmuşdur.

  1. Xarəzmşah Cəlaləddin Manquberdi öz vətənini monqol istilası üzündən tərk etmişdir.  

Bir fərziyyəyə görə, Mövlanə Cəlaləddin Rumi də öz vətənini monqol istilası üzündən tərk etmişdir.

  1. Xarəzmşah Cəlaləddin Manquberdinin mənsub olduğu Anuştekinlər nəslində şəxs adlarına “sultan”, “məlikə”, “xatun” kimi titullar əlavə edilirdi.      

Mövlanə Cəlaləddin Ruminin övladlarının adlarının əvvəlində və ya sonunda “sultan”, “məlikə”, “xatun” kimi titullar vardır.

  1. Xarəzmşah Cəlaləddin Manquberdinin ata nənəsi sənədləri belə imzalayırdı: “Cahan (dünya) məlikəsi (hökmdarı) Türkan xatun”.

Mövlanə Cəlaləddin Ruminin ata nənəsinin adı və ya titulu belə idi: “Cahan məlikəsi (Məlike-i-Cahan)”.

  1. Xarəzmşah Cəlaləddin Manquberdinin atası Xarəzmşah Əlaəddin Muhəmmədin  titullarından biri “sultan” idi. 

Mövlanə Cəlaləddin Ruminin atası Bəhaəddin Muhəmmədin fəxri titullarından biri “sultan” idi.

  1. Xarəzmşah Cəlaləddin Manquberdi çox igid bir insan olmuşdur.          

Mövlanə Cəlaləddin Rumi çox cəsarətli bir insan idi.

  1. Xarəzmşah Cəlaləddin Manquberdinin və onun atası Sultan Əlaəddin Muhəmmədin Abbasi xəlifələrinə qarşı münasibətləri yaxşı olmamışdır.          

Mövlanə Cəlaləddin Ruminin və onun atası Sultan Bəhaəddin Muhəmmədin də Abbasi xəlifələrinə qarşı münasibətləri yaxşı olmamışdır.

  1. Xarəzmşah Cəlaləddin Manquberdi 1225-ci ildə Bağdad ətrafında olmuş, Abbasi xəlifəsi ən-Nasirin qoşunlarına qarşı cavab əməliyyatları keçirmiş, xəlifəyə məktublarında onu kəskin şəkildə tənqid etmişdir.  

Rəvayətə görə, Mövlanə Cəlaləddin Rumi və onun atası Sultan Bəhaəddin Muhəmməd 1221-ci ildə Bağdad şəhərində olmuşlar. Bəhaəddin şəhərin Cümə məscidində xütbə oxuyub Xəlifə ən-Nasiri kəskin şəkildə tənqid etmişdir.

  1. Xarəzmşah Cəlaləddin Manquberdi həm türk, həm də fars dilini yaxşı bilirdi.   

Mövlanə Cəlaləddin Rumi həm türk, həm də fars dilində şeirlər yazmışdır.

  1. Xarəzmşah Cəlaləddin Manquberdi 1231-ci ildə öldürülmüş və ya yoxa çıxmışdır.       

Mövlanə Cəlaləddin Rumi öz həyatının əsas mərhələsinə 1231-ci ildə qədəm qoymuşdur.

  1. Xarəzmşah Cəlaləddin Manquberdinin ömrünün sonu indiki Türkiyə ərazisində keçmişdir.       

Mövlanə Cəlaləddin Ruminin ömrünün böyük bir hissəsi indiki Türkiyə ərazisində keçmişdir.

  • Salnamələrə görə, Xarəzmşah Cəlaləddin Manquberdi 1231-ci ildən sonra dərviş həyatı sürmüş və sufi olmuşdur.           

Mövlanə Cəlaləddin Ruminin təsəvvüfə keçidi 1231-ci ildən başlamış, sonda o, böyük sufi şeyxi olmuşdur.

  • Xarəzmşah Cəlaləddin Manquberdinin hörmət qoyduğu şəxslərdən biri təbrizli Şəmsəddin idi.  

Mövlanə Cəlaləddin Ruminin yaxın dostu və mürşidi Şəmsəddin Təbrizi idi.

  • Təbrizli Şəmsəddin onu tanıyan insanların hamısının ehtiramla yanaşdığı mömin və alicənab bir şəxs olmuşdur.

Şəmsəddin Təbrizi onu tanıyan insanların hamısının ehtiramla yanaşdığı mömin və alicənab bir şəxs olmuşdur.

  • Xarəzmşah Cəlaləddin Manquberdinin həyatının böyük bir hissəsi monqollarla mübarizədə keçmişdir.

Mövlanə Cəlaləddin Ruminin yaradıcılığında Xarəzm və monqol motivləri vardır.

  • XIII–XIV əsrlərin böyük sufi şeyxlərindən bəziləri  hesab edirdilər ki, Xarəzmşah Cəlaləddin Manquberdi övliya dərəcəsinə yüksəlmiş şəxslərdən biridir.

Təsəvvüf əhli (sufilər) hesab edir ki, Mövlanə Cəlaləddin Rumi övliya dərəcəsinə yüksəlmiş şəxslərdən biridir.

  • Xarəzmşah Cəlaləddin Manquberdinin Uca Allahın xidmətçiləri (övliyaları) sırasına daxil olması barədə məlumatı Kubraviyyə təriqətinin üçüncü şeyxi Ruknəddin Əlaədövlə Simnani (1261–1336) öz mürşidi, bu təriqətin ikinci şeyxi Nurəddin Əbdurrəhman əl-İsfaraini Kəsrəfiyə (?–1317) istinadla vermişdir.          

Mövlanə Cəlaləddin Ruminin atası Sultan Bəhaəddin Muhəmmədin mürşidi Şeyx Nəcməddin Kubranın (1145–1221) qurduğu Kubraviyyə təriqətinin ikinci şeyxi Nurəddin Əbdurrəhman əl-İsfaraini Kəsrəfi (?–1317), üçüncü şeyxi isə sonuncunun müridi Ruknəddin Əlaədövlə Simnani (1261–1336) idi.

  • Xarəzmşah Cəlaləddin Manquberdiyə aid olduğu iddia edilən məzar dersimlilərin ən müqəddəs ziyarətgahlarındandır. 

Mövlanə Cəlaləddin Ruminin Konya şəhərində yerləşən məzarı Türkiyənin ən müqəddəs ziyarətgahlarındandır.

P.S. Belə bir ehtimal var ki, 1244-cü ilin noyabrında Cəlaləddin Rumi ilə görüşmüş Şəmsəddin Təbrizi, əslində, Xarəzmşah Cəlaləddindir. Başqa bir gümana görə, Şəmsəddin Təbrizi Cəlaləddin Ruminin özüdür. Bəs bu iki fərziyyəni bir-biri ilə tamamlasaq hansı nəticəni alarıq? – Bu suala cavab tapmaq üçün 1231-ci ilin avqustuna qayıtmalıyıq. Beləliklə, tək qalmış bahadır atının üzünü onu təqib edən monqollara tərəf döndərir və iti qılıncını sıyırır. Ovçudan ova çevrilən düşmən ölülərini qoyub qaçır. Budur, qəhrəmanımız nabələd olduğu, tanımadığı Diyarbəkr dağlarının ətəyində dayanmışdır. Dünyanın ən sirli, ən sakral yerləri dağlardır. Dağ ucalıqdır, dağ məğrurluqdur, dağ müqəddəsdir. İgid döyüşçü özünün sonuncu zirvəsini fəth etmək üçün atını dəhmərləyib yola düzəlir. Həmin yol onu şahlıqdan, qılıncdan, qandan, dünyanın ötəri işlərindən ayırıb mənəviyyat aləminə aparacaq, əbədi səadətə qovuşduracaqdır. 1244-cü ilin noyabrına 13 il 3 ay qalırdı.

Ardı var…

Araz ŞƏHRİLİ, araşdırmaçı–jurnalist

Araz Şəhrilinin “Səfəvilər: paralellər, ehtimallar, həqiqətlər…” əsərinin məlumatları əsasında

Comments are closed.