Azərbaycan qadını tarix boyu ölkənin cəmiyyət və siyasi həyatında mühüm rol oynayıb. Onlardan biri də dövrünün tanınmış yazıçı və jurnalisti Şəfiqə xanım Əfəndizadədir. O, Azərbaycan Cümhuriyyəti parlamentinin ilk qadın əməkdaşı, həmçinin Cənubi Qafqazın ilk qadın jurnalistidir. Şəfiqə xanım Cümhuriyyət dövründə ən fəal qadınlardan idi. O, ali təhsil almamasına baxmayaraq, həm publisist, həm də pedaqoq kimi çox dəyərli fəaliyyətlə məşğul olub. Eyni zamanda, Cümhuriyyət parlamentində stenoqrafçı kimi işləyərək, orada bütün Azərbaycan qadınlarını təmsil edib.

Zaqafqaziyada ilk Azərbaycan dili müəlliməsi

Şəfiqə xanım Əfəndizadə 1882-ci ildə Gürcüstanın tarixən türklərin yaşadığı Cavaxetiya bölgəsində, Axalsix rayonunun Azqur kəndində anadan olub. Atası dövrünün müasir və mütərəqqi fikirli ziyalılarından olan pedaqoq Məmməd Əmin Əfəndizadə idi. O dövrün şərtləri və imkansızlıqlar ucbatından Şəfiqə xanım məktəbdə təhsil ala bilməsə də, tanınmış pedaqoq Məmməd Əmin Əfəndizadə ona həm də müəllimlik edib. Şəfiqə xanım və bacısı Səidə xanım ilk təhsillərini məhz atalarından alıblar. Oxumağı və yazmağı öyrənən Şəfiqə xanım bununla kifayətlənməmiş, atasından həm də müasir elmin sirlərinə yiyələnmişdir.

1896–cı ildə 14 yaşında ikən Şəkiyə gələn Şəfiqə xanım burada atasının işlədiyi “Darrüssiyada” məktəbinin nəzdində qızlar üçün açılmış xüsusi məktəbdə, cəsarət və vətənpərvərlik nümayiş etdirərək Azərbaycan dili müəllimi kimi dərs deməyə başlayır. Lakin burada çox qalmır. Azərbaycan qızlarının oxumasını və maariflənməsini istəyən məşhur xeyriyyəçi və milyonçu Hacı Zeynalabdin Tağıyev Bakıda ilk qızlar məktəbini açır. Bununla da, müsəlman Şərqində qadınların yüksək təhsil almasının təməli qoyulur. Görkəmli ictimai-siyasi xadim Nəriman Nərimanov Məmmədəmin Əfəndizadəyə məktub yazaraq, ondan qızını həmin məktəbdə dərs deməyə göndərməsini xahiş edir. Şəfiqə xanımın atası bu dəvətdən məmnun qalır. Ancaq qızının dövlət məktəbində təhsil almadığı üçün belə bir hüququ olmadığını bildirir. Belə olan halda Şəfiqə xanım 1901-ci ildə Tiflisə gedir. O, Tiflisdə Zaqafqaziya Ruhani İdarəsində imtahan verərək müəllimlik attestatı alır. Sonra yenidən Bakıya qayıdaraq Rus-Müsəlman Qızlar Məktəbində ana dilindən dərs deyir və qadın savadsızlığına qarşı mübarizə aparan ziyalılarla çiyin-çiyinə çalışır.

O dövrdə Şəfiqə xanım Əfəndizadənin Azərbaycanın qız və qadınlarının maariflənməsi üçün göstərmiş olduğu mədəni davranış və cəsarət nümunəsi böyük bir hadisə idi. Şəfiqə xanımın tutduğu yol digər Azərbaycan qadınlarının maariflənmə hərəkatına qoşulmasına zəmin yaradır. Pedaqoji fəaliyyət göstərən Şəfiqə xanım bu missiyası ilə ilk azərbaycanlı qadınlardan biri kimi adını tarixə yazdırır. Millətçi, vətənpərvər və maarifçi Şəfiqə xanım məktəbdə işləməklə yanaşı, yeni yaranan xeyriyyə cəmiyyətlərinin tədris kurslarında pulsuz çalışaraq qadınların maariflənməsi hərəkatında xeyriyyəçi xanımlarla birlikdə yer alıb. O dövrdə ictimai-siyasi şərait və mühit qadınların işləməsi üçün əngəllər yaratsa da, Şəfiqə Əfəndizadə və onun kimi qadınlar öz amallarından dönməmişlər.

Şəfiqə xanım cəhalətin hökm sürdüyü bir vaxtda müəllimə, rəfiqəsi Səkinə Axundzadə ilə birlikdə dram dərnəyi yaradaraq, qızlara teatr mədəniyyəti, aktyorluq sənəti barədə məlumatlar verir, dövrün mətbuat xülasələri ilə tanış edirdi. Onun milli–mədəni ruhda verdiyi təhsil və məlumatlar şagirdlərdə Azərbaycan ədəbiyyatına maraq və həvəs yaradırdı. O, qızlara nəinki ədəbi əsərləri, dərslikləri oxumağı, eyni zamanda, sərbəst, aydın, savadlı yazmağı da öyrədirdi. Gənc qızların yüksək təhsil almasına çalışan Şəfiqə Əfəndizadə 1910-cu ilədək bu məktəbdə müəllimə işləyir. Fars, rus və ərəb dillərini, Şərq klassik ədəbiyyatını dərindən öyrənən Şəfiqə xanım, eyni zamanda, qadın pedaqoji məktəbindəki müəllimlik kurslarında da dərs deyirdi.

Azərbaycanın ilk qadın jurnalistlərindən olan Şəfiqə xanımın birinci məqaləsi “Şərqi-rus”da işıq üzü görüb

1903–cü ildə dövrün tanınmış simalarından olan məşhur mətbuat xadimi Həsən bəy Zərdabinin dəstəyi ilə publisist və bədii yaradıcılığa başlayan Şəfiqə Əfəndizadə XX əsrin əvvəllərində Azərbaycanda baş verən bütün hadisələrə münasibət bildirib, cəmiyyətin ictimai-siyasi həyatında iştirak etməyə çalışıb. O, fikir və mülahizələrini, təklif və rəylərini xalqa çatdırmaq üçün mətbuat orqanları ilə də əməkdaşlıq edirdi. Azərbaycanın ilk qadın jurnalistlərindən olan Şəfiqə Əfəndizadə birinci mətbu çıxışını “Şərqi-rus”da edib. Həm jurnalist, həm də pedaqoq kimi maarifin, elmin əhəmiyyətini “Dəbistan”, “Rəhbər”, “Məktəb” jurnallarında təbliğ edirdi. Hər üç jurnalın nəşrində Şəfiqə xanım Əfəndizadənin çox böyük rolu olub. Onun jurnalistika və publisistika sahəsində tanınması əsasən 1911-1912-ci illərdə çap olunan “İşıq” qəzeti ilə bağlıdır. 1911-1912-ci illərdə Azərbaycan qadınının jurnalistika mühitinə cəlb edilməsində bu qəzetin mühüm rolu olub. Şəfiqə xanımın yaradıcılığında qadın azadlığı ən aktual və daha çox müraciət etdiyi mövzu idi. Publisistik məqalə və hekayələrində əsasən qadına münasibət, qadının cəmiyyətdə rolu və s. məsələlərdən bəhs olunurdu. 1914-cü ildə xanım publisistin “İki yetim, yaxud Kərimin hümməti” adlı bədii kitabı nəşr edilib. Onun uşaqların həyatından bəhs edən “İki qızın söhbəti”, “Şəkər alması”, “İlk məhəbbət”, “Röya”, “Müəllim nədir” və “Mükafat” adlı hekayələri o dövrün mətbuatında dərc olunub. Ərəb, fars və rus dillərini yaxşı bilən Şəfiqə xanım bəzi əsər və məqalələrin tərcüməsini də etmişdi. O, sadəcə özünün deyil, eyni zamanda, şagirdlərinin də ictimai həyatda fəal rol almasını təmin etmək üçün onların yazılarını da mətbuatda dərc etdirirdi. Şəfiqə xanımın şagirdi olan Nabat xanım Nərimanovanın “Dəbistan” jurnalının 7–ci nömrəsində dərc olunan məqaləsini buna misal göstərmək olar.

Yazıçı dramaturq Cəlil Məmmədquluzadənin məşhur “Ölülər” əsərinə ilk rəyi yazan da pedaqoq, yazıçı və publisist Şəfiqə xanım Əfəndizadə idi. C.Məmmədquluzadənin “Ölülər” pyesi ilk dəfə Bakıda 1916-cı ildə tamaşaya qoyulub. Tamaşa zamanı Şəfiqə xanım salonda bir qadının ağladığını görərək, ona yaxınlaşıb. Nə üçün ağladığını soruşanda qadın “Bu ki, mənim həyatımdır, çəkdiyim əzablardır”, deyə kövrək səslə cavab verib. “Ağlama, bacım. Bu, təkcə sənin yox, bütün Azərbaycan qadınlarının həyatıdır”, deyən Şəfiqə xanım onu sakitləşdirib. Bu hadisə onu çox təsirləndirib və “Açıq söz” qəzetində “Ölülər” pyesi haqqında məqalə yazıb. Şəfiqə xanımın məqalələri “Dirilik”, “Dəbistan”, “Füqara – Füyuzat”, “Açıq söz” və digər mətbuat orqanlarında dərc edilmişdi.

Zaqafqaziya Müsəlmanlarının Qurultayında qadın hüquqlarına dair gərgin müzakirə

1917–ci ilin aprel ayında Bakıda Zaqafqaziya Müsəlmanlarının Qurultayı keçirilmişdi. İslamiyyə binasında keçirilən qurultayda kişilərlə bərabər üç qadın da iştirak etmişdi. Bunlar, Tiflisdən Sara Talışinskaya, Bakıdan Şəfiqə Əfəndizadə və Sara Vəzirova idi. Qurultayda iştirak edən qadınlar arasında ən fəalı Şəfiqə xanım idi. Onun çıxışı o dövrdə təhsil almasına əngəllər yaradılan Şərq qadınlarının maariflənməsi, qadın məktəblərinin və teatrlarının açılması ilə bağlı olduğu üçün müzakirəyə səbəb oldu. Fars, rus və ərəb dillərini yaxşı bilən, şərq ədəbiyyatını mükəmməl öyrənən, Avropa mədəniyyəti ilə yaxından tanış olan Şəfiqə xanımın səlis, aydın və savadlı çıxışı hamını heyran etmişdi. Şəfiqə xanım çıxışının sonunda qadınların maariflənməsi üçün yeni məktəblərin və teatrların açılmasının vacibliyini vurğulamışdı. Onun çıxışı salonda böyük əks-səda doğurdu. Dərhal şəriət nümayəndələri buna kəskin münasibət bildirdi. Azərbaycandan gələn Şəfiqə Əfəndizadə və Sona Talışinskayanın çıxışı qurultay nümayəndələrini qadın məsələsinə ciddi münasibət bildirməyə vadar etdi.

1918-ci ilin martında ermənilər tərəfindən törədilən soyqırımı Şəfiqə xanımın da həyatına ağır zərbələr vurdu. Həmin ərəfədə onun Bakıdan Azərbaycan heyəti ilə Axıskaya səfəri uzun çəkmir. Şəfiqə xanım və yoldaşları bir müddət Qubada, Azqurda qaldıqdan sonra İstanbula getməyə məcbur olurlar. “Yol əsnasında gördüklərim” yazısı vətənpərvər jurnalistin doğma diyarı Axıskaya səfəri zamanı yol qeydləridir. Şəfiqə xanımın bu yazısı tarixi faktlar baxımından da maraq doğurur. Belə ki, onun bu məqaləsi azərbaycanlı ziyalıların İstanbuldakı fəaliyyətinin, “Əsirgəmə dərnə¬yi” adlanan qadın xeyriyyə cəmiyyəti ilə azərbaycanlıların sıx əməkdaşlığının, eləcə də o cəmiyyətdə fəaliyyət göstərən azərbaycanlıların fəaliyyətinin öyrənilməsi, həmçinin Əlimər¬dan bəy Topçubaşov və Əhməd bəy Ağaoğlu ilə görüşlərinə, mətbuat tarixinin fakt və hadisələrinə aydınlıq gətirmək baxımından da əhəmiyyətlidir.

Erməni qəzeti Azərbaycan və Gürcüstan nümayəndə heyətini

“arzuolunmaz heyət” kimi qələmə verirdi

Türkiyədə olduğu müddətdə Şəfiqə xanım Əfəndizadə Əhməd bəy Ağaoğlu və nümayəndə heyəti ilə görüşmüş, onunla əlaqəli təəssüratında aşağıdakı sətirlərə yer vermişdir: “Əhməd bəy həbs ediləndə mən də orada idim. Mən orada ikən iki dəfə sorğu-sual edilmişdi. Harada dünyaya gəldiyini, harada təhsil aldığını, Türkiyəyə nə üçün getdiyini və orada “İttihad” və “Tərəqqi” firqəsinə nə vaxt daxil olduğunu, eləcə də fəaliyyətini öyrənmək məqsədi ilə bir çox suallar vermişdilər. Parisdə keçiriləcək Versal Sülh Konfransında Azərbaycan nümayəndə heyətinin tərkibində Əhməd bəy Ağaoğlu da vardı. Azərbaycan nümayəndə heyəti İstanbula gələn günün səhərisi fransız dilində çıxan qəzetlərin çoxu və xüsusən ermənilərin fransız dilində nəşr etdiyi “Renaissanse” qəzeti Əhməd bəy Ağaoğlunu müttəfiqlərə qarşı qoymuş və onu türk parlamentində Antantaya qarşı mübarizə aparmış fəal jurnalist kimi təqdim edirdi.

Əlimərdan bəy Topçubaşovun Bakıya göndərdiyi hesabatda qeyd edilirdi ki, “İttihad”“Tərəqqi” partiyasının, xüsusilə “Tələt-Ənvər kabinetinin” bütün günahlarını Əhməd bəy Ağaolunun adına yazırlar”. Bununla kifayətlənməyən “Renaissanse” qəzeti Əhməd bəy Ağaoğlunu və bütün Azərbaycan və Gürcüstan nümayəndə heyətini “arzuolunmaz heyət” kimi qələmə verirdi. Biz bu gün də dünyanın hər bir tərəfinə səpələnmiş ermənilərin analoji şəkildə Azərbaycana qarşı apardıqları kampaniyanın, çirkin əməllərinin şahidiyik. Əhməd bəy həbs olundu və sürgünə göndərildi. Onunla birlikdə 23 nəfər həbs olunmuşdu. Onlar əvvəlki həbs olun¬muş¬la¬rın yanına göndərilməmişdi, ən sərt həbsxana hesab edilən “Bəkir ağa bölüyündə” saxlanılırdılar. Azərbaycan nümayəndə heyəti mən İstanbuldan çıxdığım gün – aprelin 4-də hələ də İstanbulda idi. Mən onlarla aprelin 3-də görüşdüm. Həmin gün fransızlardan Ceyhun bəy Hacıbəyov, Məhərrəmov və bir neçəsinin adına izn kağızı gəlmişdi. Nümayəndə heyəti bir neçə dəfə təkrar müraciət etdiyi üçün bu dəfə artıq müraciətə lüzum görməyib, yola düşmək fikrində idi”.

“Analar! Qızlarınızı oxudun!”

Bakıda vəziyyətin normallaşdığı xəbərini alan Şəfiqə xanım son dərəcə sevinir və qayıtmaq istəyir. Ancaq qayıtmaq üçün icazə sənədi almaq lazım idi. Əlimərdan bəy Topçubaşov onlara azərbaycanlı olduqlarına dair sənəd verir. Batumiyə gəlib bu şəhərdə də bir çox faciələrin şahidi olan Ş.Əfəndizadə 1919–cu ildə Bakıya qayıdır. Şəfiqə xanım “Təşkilatın qadınlara təsiri” adlı məqaləsində qəlbini qürur hissi ilə dolduran və yeni yaranmış Azərbaycan Xalq Cümhuriyyətinin bir illiyini alqışlayır, müsəlman-türk qadınlarının da təşkilatlanmasını arzulayır. Şəfiqə xanıma görə, bir millətin qadınları kişilərlə bərabər hüquq əldə etmişsə, qadınlar da, bu hüquqdan istifadə etməyib mərhum qalırlarsa, o millət irəli gedə bilməz. Qadın hüquqlarının müdafiəçisi Şəfiqə xanım Əfəndizadə bu məqaləsində “Hürriyyət verildi. İstibdad zənciri qırıldı, Azərbaycan hökuməti təşkil olundu. İndi daha deyəcək bir sözümüz qaldımı?!” deyərək, bu məsələdə qadınların passivliyini tənqid etmiş, onları qabaqcıl ölkələrin qadınlarının inkişaf tarixlərini öyrənməyə, nəticə çıxarmağa çağırmışdı.

Cümhuriyyət dövrünün ziyalı qadınları əsasən mədəni-maarifçi, sosial, ictimai sahədə fəaliyyət göstərirdilər. Həm pedaqoji, həm də publisistik fəaliyyətlərinin kökündə maarifçilik missiyası duran bu xanımlar heç də dövrün kişilərindən geri qalmırdılar. Buna səbəb, əslində, Cümhuriyyət hakimiyyətinin qadın məsələsi və qadın hüquqları istiqamətində apardığı düzgün siyasət idi. Şərqdə ilk dəfə olaraq qadına seçkidə iştirak etmək hüququ verilmişdi. Yeni qız məktəbləri açılır və xanımlar hazır kadr kimi cəmiyyət üçün yetişdirilirdi. Məhz, bu addımlar cəmiyyətdə qadının rolunu artırırdı. Şəfiqə xanım həm parlamentdə stenoqramçı işləyir, həm gimnaziyada dərs deyir, həm də publisistik fəaliyyət göstərirdi. İstiqlal aşiqi, vətən fədaisi Şəfiqə Əfəndizadə publisistikasında dövrünün problemlərinə əsl jurnalist mövqeyindən yanaşıb, vətənpərvər şəxsiyyət kimi xalqın üzləşdiyi çətinliklərə münasibət bildirib. Azərbaycan qadınlarını daim təhsilli, savadlı, dünyagörüşlü görmək istəyən Şəfiqə xanım Əfəndizadə “Analar! Qızlarınızı oxudun!” deyə qadınlara müraciət edib.

Ayna Sultanova, Mirvarid Dilbazi və başqaları Şəfiqə xanımın şagirdləri olub

Sovet hakimiyyəti illərində də o, maarifpərvər qadın kimi qızların yüksək təhsil alması naminə əvəzsiz xidmətlər göstərib. 1920-ci ildə Əli Bayramov klubunun təşkilində fəal iştirak edib, orada yaradılmış savadsızlığın aradan qaldırılması kurslarında dərs deyib. Bu illərdə də müəllimliklə yanaşı, publisistik fəaliyyətini davam etdirib. 1923-cü ildə nəşrə başlayan “Şərq qadını” jurnalının redaksiya heyətinin üzvü seçilib, jurnalın məsul katibi və bədii ədəbiyyat şöbəsinin müdiri olub. Jurnal o zaman onun haqqında yazırdı: “Şəfiqə xanım bütün Zaqafqaziyada ilk Azərbaycan dili müəlliməsi və bununla yanaşı, ilk Azərbaycan qadın jurnalisti və publisisti olmuşdur (1924-cü il, №1)”. 1932-ci ilə qədər pedaqoji fəaliyyətlə məşğul olan Şəfiqə xanım Zaqafqaziyada, Qafqazda, Moskvada keçirilən qadın konfrans və qurultaylarında nümayəndə kimi iştirak edib. Onun şagirdləri içərisində respublikamızın görkəmli dövlət xadimi olan Azərbaycan SSR-nin maarif üzrə xalq komissarı Ayna Sultanovanı, Azərbaycanın Xalq şairi Mirvarid Dilbazini və başqalarını qeyd etmək olar.

Susaraq yaşayan, hislərini cilovlamağı bacararaq, sovetlərin 1937-ci il kimi dəhşətli bir faciəsindən xilas olan və hər gecə qapısının döyüləcəyi qorxusu ilə bəraət illərinə gəlib çatan Şəfiqə xanım 1959-cu il iyulun 29-da haqq dünyasına qovuşub. Hazırda Bakı şəhəri Yasamal rayonundakı 13 saylı məktəb Şəfiqə Əfəndizadənin adını daşıyır.

Mənbə: https://azertag.az

Comments are closed.