Əlincəçayın sahilində sıldırım, yalçın qayaların zirvəsində qartalların yuva saldığı əzəmətli bir qala var. Xalqımızın azadlıq uğrunda mübarizəsinin, işğalçılara qarşı qanlı döyüşlərin şahidi olan, tarixin keşməkeşlərinə mətinliklə sinə gərən bu qala min illərdir, tarix ümmanında yol alanlara mayak olur. Bu qala Azərbaycan tarixinin ən səs-küylü, ən həlledici dönəmlərinin yadigarı olan Əlincədir.

Bir qalanın tarixçəsi…

Yazılı qaynaqlarda adı X yüzildən başlayaraq “Alın­caq”, “Alancıq”, “Əlincək” və “Əlincə” şəklində çəkilən qala Naxçıvan-Culfa yolunun kənarında, Əlincəçayın sağ sahilində dağ üstündə yerləşir. Bu adın qədim türk dilindəki “alan” (yastı, düzənlik, meydan) sözündən yarandığı ehtimal edilir. Qədim türk dilində dağın təpəsi anlamını verən “alın” və qənimət anlamı daşıyan “alınc” mənaları da olmuşdur.

Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin “Culfa rayonundakı “Əlincəqala” tarixi abidəsinin bərpa edilməsi haqqında” sərəncamı tarixi abidələrimizə göstərilən qayğının bariz nümunəsidir. Sərəncamda deyilir: “Naxçıvan Muxtar Respublikası qədim, orta əsrlər və yeni dövr tariximizin izlərini özündə əks etdirən nadir maddi-mədəniyyət və memarlıq abidələri ilə zəngindir. Beş minillik şəhər mədəniyyəti tarixi olan bu qədim diyar özündə ilk insanların yaşadıqları mağaraları, qədim yaşayış yerlərini, erkən şəhər mədəniyyəti qalıqlarını, möhtəşəm qala divarlarını, qayaüstü təsvirləri, daş qoç heykəllərini, xatirə memarlığının ən gözəl nümunələri olan türbələri əks etdirir. Hazırda muxtar respublika ərazisində 1200-dən çox dünya, ölkə və yerli əhəmiyyətli tarixi abidə qeydə alınaraq pasportlaşdırılmışdır ki, onların içərisində müdafiə qalalarının, o cümlədən “Əlincəqala”nın özünəməxsus yeri və rolu vardır”.

Həqiqətən bu qalanın dünya mədəniyyət tarixində xüsusi yeri və əhəmiyyəti vardır. Bura mədəniyyətin beşiyi, sisivilizasiyanın mərkəzidir. Bura ən qədim insanların yaşayış məskəni olmuşdur. Nuh dastanı ilə bağlı Şumer və Naxçıvan əfsanə və rəvayətlərdə Əlincə qalanın da adı keçir.

Əlincəqalanın adı və salınma tarixi dəqiq məlum deyil. Xalq etimologiyasına görə, dağın adı “əlini çək” kimi də işlənmişdir. Elmi mülahizələrə görə isə dağın (həm də qalanın) adı Alançıq (“meydança”, “kiçik meydan”; alan – qədim türk dilində “düzənlik”, “meydan”) sözündəndir. Naxçıvan folkloruna görə Əlincəqalanın adı Nuh peyğəmbərin nəticəsi Alınca xanın adı ilə bağlı yaranmışdır. Zaman keçdikcə həmin qala adı canlı danışıq dilində tədricən Əlincə şəklinə düşmüşdür.

Ən qədim ulu dastanımız “Kitabi Dədə Qorqud” da Əlincə qalası möhkəm istеhkam qala kimi təsvir оlunur və 3 dəfə adı çəkilir: X boyda deyilir, “…yolu Əlincə qalasına uğramışdı…”; “…Əgrəgi tutdular, Əlincə qalasına zindana bıraqdılar”; “Hünərin var isə qartaşın Əlincə qələsində əsirdir, var onu qurtar”.

Bu qalanın hündürlüyü 2000 m-dir. Çıxılması çətin olan sıldırım qayalıqlarla əhatə olunmuşdur. “Əlincəqala” tarixdə Azərbaycan xalqının əyilməzlik və mübarizlik rəmzi kimi böyük şöhrət qazanmış, 1387-1401-ci illərdə, 14 il ərzində 4 dəfə Əmir Teymurun qoşunlarının hücumlarına müqavimət göstərmişdir.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədrinn “Naxçıvan Muxtar Respublikası ərazisindəki tarix və mədəniyyət abidələrinin qorunması və pasportlaşdırılması işinin təşkili haqqında” 2005-ci il 6 dekabr tarixli sərəncamının icrası ilə əlaqədar muxtar respublika ərazisindəki tarixi abidələr qeydə alınıb pasportlaşdırılarkən “Əlincəqala” haqqında da məlumatlar toplanmış və bu abidə, 2007-ci ildə dünya əhəmiyyətli abidələrin siyahısına daxil edilmişdir.

Şəmsəddin Eldənizin hakimiyyəti dövründə Atabəylər dövlətinin baş xəzinəsi Əlincə qalasında saxlanmış, Əlincədəki saraylar və yardımçı binaların bir çoxu Azərbaycan Atabəylərinin sifarişi ilə ucaldılmışdır. İndiyə qədər uçuqları qalan Əlincə qalasında uzun müddətli hücumlara dözüm üçün hərbi-strateji və maddi-iqtisadi imkanların olduğu aydın görünür. Geniş düzənliyin ortasında yüksələn çılpaq, sıldırım dağa üç yandan dar “keçi cığırı” ilə qalxmaq olur. Bu cığırların zəif yerlərində divar və bürclərdən istehkamlar, səngərlər, hücum mövqeləri quraşdırılmışdır.

Qalanın möhkəm divarları və qayanın sıldırım olması onu sarsılmaz müdafiə istehkamına çevirmişdir. Qalanın kiçik şəhərciyi xatırladan yuxarı hissəsində bişmiş kərpicdən tikilmiş çoxlu yaşayış və ictimai binaların xarabalıqları və bünövrə daşları nəzərə çarpır. Burada bulaqlar, üzümlüklər, əkin yerləri, otlaqlar, bağlar, zəmilər, hovuzlar olmuşdur. Qazıntılar zamanı yaşayış və ictimai məkanlar, tövlə, anbar, təndir, ovdan, yeraltı su xətləri – “kəhriz”lər aşkar olunmuşdur. Burada əl dəyirmanı, saxsı qablar, balta və pullara da rast gəlinmişdir. Tarixçilərin verdiyi məlumata görə Azərbaycan  Atabəyləri – Eldənizlərin hakimiyyəti dövründə Əlincənin əhəmiyyəti xüsusilə artmış, hökmdar ailəsinin təhlükəsizliyini təmin etmək üçün sığınacaq yerinə çevrilmişdir. Naxçıvan hakimi Zahidə xatunun iqamətgahı və Eldənizlərin xəzinəsi Əlincədə yerləşirdi.

Yüksəklikdə yerləşən Əlincəqalanın çevrəsindəki qəbirstanlıq və  türbələr, xanəgahlar bu yerlərin uzun illər abad yaşayış məskəni olduğundan xəbər verir.

Əlincə qalası həm də hürufilərin yaşayış məskəni, qiyam və mübarizə məkanı olmuşdur. Hürufiliyin banisi Fəzlullah Nəimi 1394-cü ildə Miranşahın əmri ilə Əlincə qalasında öldürülmüş və Əlincə- Xanegahı deyilən yerdə də dəfn edilmişdir. Bu yer bu gün Culfa rayonundakı Xanağa kəndidir. Hürufilər sözləri varlığın əsası kimi qəbul edirlər. Sözlər “Quran”da və Quran vasitəsilə Allahdan gələn vəhylər dünyanı ya­rat­mışdır. Allahın Qurandakı sözlər vasitəsilə insanda təcəlla etməsi Hürufilik ideyasının əsasını təşkil edir.

Hərflərin və rəqəmlərin texniki tərəfləri ilə bağlı görüşləri inkişaf etdirməklə hərfləri müqəddəsləşdirən, hürufiliyi bir fəlsəfi-dini fikir sistemi olaraq quran, yayan şəxs azərbaycanlı Fəzlulluah Nəimi Astarabadi (1340-1394) olmuşdur. Bəzi mənbələrə görə As­ta­­rabad və ya Astabad Naxçıvanda Araz çayı sahilində şəhər ol­muş­dur. Bu şəhər sonralar Araz çayının sularına qərq olmuşdur.

Əlincə qalası ilə bağlı Naxçıvan fоlklоr mühitindən rəvayət və əfsanələr bayatılar mövcuddur. Bir Naxçıvan bayatısında deyilir:

Qurban olum torpağına, daşına,

Qaldır məni Əlincənin qaşına,

Qoy dolanım, Vətən, sənin başına

Deməsinlər, pərvanəsi çatışmır.

Mənbə: news.day.az

Comments are closed.