MİLLİ AZƏRBAYCANÇILIĞIN İLKİN DÖVRÜ
Azərbaycançılıq ideyasına ilk dəfə məhz M.Ə.Rəsulzadənin yazılarında rast gəlinməsini öz əsərlərində polyak mənşəli amerikalı azərbaycanşünas Tadeuş Svyatoçovski (bəzi transkripsiyalarda Svatoxovski) göstərmişdir. Sovet Azərbaycanında bu cür tədqiqatlar və ümumiyyətlə M.Ə.Rəsulzadə irsinin öyrənilməsi yasaq edildikdən, bu yöndə elmi araşdırmalara əsasən SSRİ-nin rəqibi olan ABŞ-da xüsusi maraq var idi.
M.Ə.Rəsulzadə bu ideyanın əsaslarını 1918-1920-ci il çərçivələrində yazmışdı. Aydın məsələdir ki, milli respublika formalaşırdı və ənənəvi ideyalar: irançılıq, şiəçilik, ümumilikdə islamçılıq və Osmanlıda alternativ ideya kimi formalaşan türkçülük çoxmillətli, çoxtəriqətli və çoxdinli dövlətin mahiyyəti ilə uyğunlaşdırılmalı, korrektə və redaktə edilməli idi. Amma rus-bolşevik işğalı bu ideyanın inkişafına son qoyur. M.Ə.Rəsulzadənin sonrakı mühacirət irsində, xüsusilə Türkiyəyə yenidən döndüyü dövründə, biz türkçülüyə qayıdışı görürük. Bunu yalnız belə izah edə bilərik ki, əvvəla, reallıq dəyişmişdi, müstəqil Azərbaycan dövləti süqut etmişdi, milli dövlətçilik üçün mühüm olan “superetnos” özünüdərkinin inkişafı üçün artıq gerçək obyekt yox idi. İkincisi, M.Ə.Rəsulzadənin “Azərbaycan türkçülüyü” tezisli məqalələri Türkiyədə “türk dünyasını” və xüsusilə, Azərbaycanı dışlamaq, “qapanma”, “qərbyönlülük”, “osmançı-sünniçi” ideologiyaların tərəfdarlarına bir müqavimət, bir mesaj idi ki, Türkiyənin siyasi, elm və mədəni çevrələri sovet işğalındakı Quzey Azərbaycanı unutmasınlar.
Tadeuş Svyatoçovski göstərir ki,1918-1920-ci il Rəsulzadənin azərbaycançılığı milli özünüdərk kimi ərazi mənsubiyyətini əsas götürürdü. Yəni, Azərbaycan ərazisində yaşayan hər bir kəs milli-etnik və dini mənsubiyyətindən asılı olmayaraq “azərbaycanlı millətinin nümayəndəsi” idi. Əvvəlki məqaləmizdə qeyd etdiyimiz kimi, yeni formalaşan milli özünüdərkin ərazi mənsubiyyəti anlamına dayaqlanması modelinə M.Ə.Rəsulzadənin və həmfikirlərinin özlərinin gəlib çıxması və ya anqlo-sakson masonlarının ərazi özünüdərki, “vətəndaş millətçiliyi” (amerikanizm, avstraliyaçılıq, kanadaçılıq, britaniyaçılıq) barədə fikirlərinin təqlidi olması barədə dəqiq məlumatımız yoxdur. Çox güman ki, ərazi mənsubiyyətinə əsaslanan milli özünüdərkə Cümhiriyyət baniləri anqlo-sakson ideoloqlarının əsərləri ilə tanış olmadan, müstəqil olaraq gəlib çıxmışlar, yəni proses konvergent təbiətli idi.
Yeri gəlmişkən, qeyd etməliyik ki, yeni dövrün tələblərinə uyğun milli özünüdərkin ərazi mənsubiyyətinə deyil, dövlətdə say çoxluğuna malik etnosun adına bağlanması modeli də var. Anqlo-sakson modelindən fərqli olan biz bunu fransız modelində görürük. Elə çağdaş zamanda da Fransada vətəndaş olan hər bir kəs, istər burada anadan olmuş və ya bu ölkəyə gəlmiş fərd, milli və dini mənsubiyyətindən asılı olmayaraq “fransız” hesab edilir. Bu ideyanın kökü Böyük Fransa İnqilabına gedib çıxır.
Özünü əsasən katolik kimi dərk edən əhalidən fərqli olaraq inqilab ideoloqları “fransız” özünüdərkini cəmiyyətə gətirdilər. Fransız özünüdərki faktiki ağrılı və inqilabi bir model idi. Özünü imanlı katolik kimi dərk edən əhalini fransız millətçiləri milli və inqilabi ideyalar üçün təhlükə hesab edirdilər. Dini mühafizəkar mövqeyində olan əhaliyə qarşı fransız inqilabçılarının qanlı repressiyalarının əsas səbəbi bu idi. Etnik mənsubiyyətcə fransız olmayan, korsikalı Bonapart Napoleon dövründə bu ideya artıq geri dönməz səviyyəyə çatır. Napoleon dövründə katolisizm ilə fransız millətçiliyinin kompromis sintezi yaranır. 1889-cu ildə fransız parlamentinin qəbul etdiyi qanunda bu model hüquqi müstəvidən təsbit edilir. Fransada doğulmuş, iki fransız vətəndaşı olan valideynlərin övladları və vətəndaşlıq almış miqrantlar “fransız millətinin nümayəndəsi”, “fransız” hesab edilirlər. Hətta, 1991-ci ildə Fransa parlamenti korsikalıların ayrıca “Korsika xalqı” adlı anlam barədə müraciətlərini inkar edərək, Fransada yalnız vahid fransız millətinin mövcud olmasını bir daha təsbit etdi.
Biz çox vaxt belə bir ifadə işlədirik ki, “Fransada 600 min erməni yaşayır”. Amma əslində Fransanın özündə rəsmən bu fikir belə ifadə olunur: “Fransadakı fransızların 600 min nəfəri erməni əsillidir”.
Beləliklə, “fransız” etnik adı vətəndaşlıq, hüquqi və siyasi müstəviyə qədər yüksəldildi. Fransız modelini bir sıra dövlətlər, o cümlədən, Yaponiya, həmçinin, Atatürk Türkiyəsi tətbiq edib. Anqlo-sakson modelindən fərqli fransız modelinin neqativ tərəfləri daha çox özünü göstərir: zorakı assimilə və buna qarşı müxtəlif formalı müqavimət.
2015-ci ilin sonunda Fransanın o zamankı baş naziri Manuel Carlos Valls Galfetti “Le Parisien” qəzetinə müsahibəsində Korsikadakı separatçı hərəkata münasibətini bildirmişdi. Bu münasibətdə dövlət millətçiliyinin fransız modelinin mahiyyəti qısa və aydın açıqlanır: “Korsikanın müstəqilliyi ilə bağlı hər hansı müzakirə aparılmır, bundan söhbət gedə bilməz. Bəziləri hansısa Korsika millətinin varlığından danışırlar. Mən bunun hansı millət olduğunu anlamıram. Bizim ölkədə ancaq bir millət — fransız milləti var”. Xatırladaq ki, Manuel Carlos Valls Galfetti özü etnik mənsubiyyətcə katalandır…
Milli özünüdərkin fransız modeli olan ölkələrdə artıq ənənəvi siyasi dairələr artan müqaviməti görərək kiçik islahatlara getmək məcburiyyətində qalırlar. 2010-cu ildə Fransa Konstitusiyasına edilmiş dəyişiliklərə görə, “ölkənin tarixi mirasının bir hissəsi” kimi 7 dilə (elzas/alman, bask, breton, flamand, korsika/italiya, katalan, oksitan) regional dil statusu verildi.
Milli-dövlət özünüdərkinin fransız modelini götürən Türkiyədə də eyni proseslər gedirdi. Ziya Gökalpın “Türkçülüyün əsasları” 20-30-cu illər Türkiyəsini əks etdirirdi. İdeoloji doktrina öz mahiyyəti ilə fransız modelinin təqlidi idi – yeni yaranmış Cümhuriyyətin mənafelərinin öndə gəlməsi ilə yanaşı əhalinin etnik mənsubiyyətindən asılı olmayaraq “türk” adlanması əsas götürülürdü.
Qeyd edək ki, milli özünüdərkin fransız modelinin Türkiyədə də tətbiqi artıq 90-cı illərdə aşırı problemlər yaratdığından ciddi islahatlar (“açılımlar”) baş verdi. Kürd və d. dillərə fakültətiv təhsil və mədəni hüquqlar verilməyə başladı (məsələn, TRT”şeş”). Hətta, “türkiyəli milləti” ideyası dövriyyəyə daxil oldu. Beləliklə, Türkiyədə milli özünüdərkin fransız modelindən anqlo-sakson modelinə keçidinin şahidiyik.
Bu yerdə biz Birinci Cümhuriyyəti yaradanların “azərbaycançılıq” ideyasının öz dövrünü önləməsini, milli özünüdərkin anqlo-sakson modeli kimi universallığını görmüş oluruq. Dövlətçilik və vətənçilik özünüdərkinin ərazi adına bağlanması əhalinin etnik rəngrəngliyini təşkil edən tərəflərdə narazılıq yaratmır. Amma dövlətin aparıcı etnosunun adı ilə bağlanılan ideologiya son nəticədə bütün tərəflərdə narazıçılıq yarada bilər. M.Ə.Rəsulzadənin formalaşdırmağa başladığı, mahiyyətcə vətəndaş millətçiliyi, dövlət millətçiliyi olan “milli azərbaycançılıq” (şərti ad bizimdir) ideyası dövrün yeni çağırışlarına cavab, özünü müsəlman kimi dərk edən geniş kütlənin vacib mənimsəməli olacağı transformasiya prosesinin tələbi idi. Bu transformasiya olmasa idi, “xanlıq müslimatı” özünüdərki səviyyəsində qalmış toplum üçün “cümhuriyyət” (respublika) anlamını həzm etmək çətin olacaqdı. Hətta, “cümhuriyyət” anlamına qarşı müqavimət də ola bilərdi, çünki 19-cu əsrdə və 20-ci əsrin əvvəlində əhalinin dini baxışlarının əsasları ilə Qərbdən gələn respublika ideyası arasında ciddi ziddiyyətlər var idi. Elə indinin özündə də bəzi dini radikal ideoloqlar “cümhuriyyət” modelinin şəriətə zidd olduğunu bildirir, müsəlmanları bu dövlət modelini inkara, onunla açıq və gizli mübarizəyə çağırırlar.
Beləliklə, bu ideya konstruktivist köklü idi (bax, əvvəlki məqalədə konstruktivizm barədə). İlk respublikanın baniləri onu yaratdılar. Lakin bu ideya geniş inkişaf etmədi və kütləvi təlqin olunmadı; onun geniş kütlə tərəfindən mənimsənilməsi, əvvəlki dünyagörüşlərin mərhələli və təbii islahatı üçün vaxta ehtiyacı vardı. Lakin buna vaxt çatmadı; bolşevik Rusiyasının işğalı imkan vermədi.
Müəllif: Millikimlik Araşdırmaları qrupunun üzvü, Pərviz Elay
Comments are closed.