Milli kimlik şüurunun təşəkkülü – etnosdan millətə keçid, yəni millətləşmə prosesinin tərkib hissəsi olub, bir qayda olaraq, ziddiyyətli və mürəkkəb xarakter daşıyır. Təsadüfi deyil ki, millətin və onun ən mühüm elementi olan milli kimlik şüurunun formalaşması obyektiv və qanunauyğun bir proses olsa da, çağdaş dünyamızda mövcud olan etnosların heç də hamısına həmin mərhələni adlamaq müyəssər olmamışdır. Determinizm prinsipi bu proses üçün tamamilə yaddır. Məhz bu səbəbdən də, dünyada 5 mindən artıq etnos olsa da, millətlərin sayı bundan dəfələrlə azdır.
Millətləşmə mərhələsini uğurla adlamış millətlərdə belə bu proses müxtəlif layihələrinin kəskin mübarizəsi ilə müşayiət olunmuşdur. Məsələn, XX əsrin əvvəllərində Osmanlı imperiyasında millətləşmə prosesi üç müxtəlif cərəyanın və deməli, üç müxtəlif milli kimlik formasının sərt qarşıdurması şəraitində getmişdir. Y. Akçura həmin cərəyanları belə xarakterizə edirdi: “Birincisi, Osmanlı hökumətinə tabe olan müxtəlif millətləri birləşdirərək vahid Osmanlı milləti vücuda gətirmək. İkincisi, xilafət haqqının Osmanlı hökmdarlarında olmasından faydalanaraq, imperiyanın müsəlman təbəələrindən islam milləti formalaşdırmaq. Üçüncüsü, irqi əsasa dayanan siyasi bir Türk milləti təşkil etmək” [2, 8].
Bu baxımdan XX əsrin əvvəlində Azərbaycan millətinin və azərbaycanlıların kimlik şüurunun formalaşması prosesləri də heç də alternativsiz olmamışdır. Belə ki, Azərbaycan türklərinin çağdaş kimlik şüuru həmin dövrdə üç müxtəlif millətləşmə konsepsiyasının qarşılıqlı mübarizəsi və rəqabəti gedişində formalaşmışdır. Söhbət üç müxtəlif identiklik formasının – islam, ümumtürk (jsmanlı) və sırf Azərbaycan kimliyinin qarşıdurmasından gedirdi [9, 52].
Həmin prosesləri araşdırarkən nəzərə almaq lazımdır ki, millətin və onun kimlik şüurunun formalaşması təkcə sosial-iqtisadi amillərlə şərtlənməyib, həm də siyasi çalışmaların, ilk növbədə ayrı-ayrı intellektualların fəaliyyətinin nəticəsidir. Çex mənşəli tanınmış Amerika tədqiqatçısı, modernist nəzəriyyənin banilərindən biri E. Qellner, millətin formalaşmasında siyasi amilin mühüm rolunu qeyd edərərk vurğulayırdı ki, millət millətçiliyi deyil, əksinə, “millətçilik milləti yaradır” [11, 4]. Deməli, millətçilik ideologiyasının yaranması bütün hallarda millətin təşəkkülü prosesindən öndə gəlir və ona təkan verir. Başqa sözlə desək, etnosun millətə çevrilməsi heç də etnik zəmində kortəbii, öz-özünə inkişafın nəticəsində baş vermir.
Bu mənada ötən əsrin əvvəllərində azərbayzanlıların kimlik şüurunun dini əsaslardan milli zəminə keçidində Ə. Hüseynzadə və Ə. Ağaoğlu əvəzsiz xidmətlərini qeyd etməmək olmaz. Onlar tərəfindən türkçülük ideyalarının Azətbaycanda yayılması öz etnik kökləri barədə elementar təsəvvürlərə belə malik olmayan və özünü sadəcə olaraq “müsəlman hümməti” kimi tanıyan bir toplumun [6, 68] – Azərbaycan türklərinin milli oyanışına və onlarda milli identikliyin formalaşmasına təkan vermiş oldu. Türk xalqalrını “Məkkədən Altaya doğru çevirmiş” siyasi türkçülük konsepsiyası azərbaycanlıların kimlik şüurunun sekulyarizasiyası prosesinin əsasını qoymuş oldu.
Lakin türkçülük konsepsiyası “Osmanlı dövlətini, Osmanlı türklüyünü dünya türklüyün nüvəsi hesab etdiyi” [3, 47] üçün onun osmanlıpərəst xarakterdə olması heç bir şübhə doğurmurdu. Bunu həmin cərəyanın nümayəndələriƏ. Hüseynzadə və Ə. Ağaoğlu heç gizlətmirdilər və Azərbaycanın Osmanlı dövlətinə birləşməsini əsas məqsəd hesab edirdilər. Onlar qəti surətdə ayrı-ayrı türk xalqlarının, o cümlədən azərbaycanlıların müstəqil millətlər kimi formalaşmaq perspektivinə qarşı çıxaraq, faktiki olaraq ümumtürk kimliyi adı altında türk xalqlarına, o cümlədən azərbaycanlılara osmanlı kimliyini təlqin edirdilər.
Həmin nöqsanına baxmayaraq, türkçülük ideologiyası Azərbaycan türklərinin milli mənlik şüurunun ümummüsəlman kontekstindən ayrılması prosesinin əsasını qoyaraq, bununla da, yaxın perspektivdə azərbaycanlıların milli identikliyinin formalaşması üçün zəmin yaratmış oldu. Bu mənada türkçülük Azərbaycan türklərinin dini identiklikdən özgün milli identikliyə doğru inkişafında keçid mərhələsi oldu. Həmin keçid mərhələsinin zəruriliyi isə onunla şərtlənirdi ki, “panislamizmdən xilas olan türk ictimai-siyasi fikri birdən-birə bu gün əsaslandığımız real-milli ideyaya gəlib çata bilməzdi. Psixoloji cəhətdən bu anlaşılandır. Müharibə və ümumi təhlükə şəraitində islam birliyi kimi böyük və əhatəli şüardan imtina edən millətçilər onun əvəzinə eyni təsir gücünə malık bir şuar irəli sürməli idilər. Bu isə yalnız “Dunaydan Altaya qədər bütün türk xalqlarının birliyi!” şüarı ola bilərdi” [10, 67].
Bununla belə, Azərbaycan intellektual elitasının gənc nəslinin nümayəndələri üçün azərbaycanlıları osmanlı milləti içərisində “əritmək” cəhdləri qəbuledilməz idi. Onlar müstəqil Azərbaycan millətinin və onun ozgür milli kimliyinin formalaşmasına çalışırdılar. Təsadüfi deyil ki, I dünya müharibəsi ərəfəsində Azərbaycan ictimai fikri ümumtürk (osmanlı) identikliyi ilə sırf Azərbaycan milli kimliyi arasında “qızıl orta”nın axtarışında idi.
Bu mənada, mətbuatın dilini Azərbaycan türklərinin danışıq dili əsasında formalaşdırmağı təklif edən “azəriçilər”lə osmanlı dilinin ədəbi dil kimi istifadəsində israr edən “osmançılar” arasında həmin dövrdə gedən diskussiya hələ cavabı tapilmayan, lakin gündən-günə aktuallaşan Azərbaycan türklərinin milli identiklik problemi ilə birbaşa əlaqəli idi. Diskussiyada iştirak edən hər iki tərəf – həm “azəriçilər”, həm də “osmanlıçılar” azərbaycanlıların böyük türk dünyasına mənsubluğu faktını qəbul edirdilər. Sual yalnız belə qoyulurdu ki, biz hansı həddə kimi özümüzü osmanlı türkləri ilə eyniləşdirməliyik və ümumiyyətlə, bunu etməliyikmi?
“Azəriçilər” xalq danışıq dilinə üstünlük verirdilər. Həmin istiqamətin ən parlaq nümayəndəsi C. Məmmədquluzadənin redaktoru olduğu “Molla Nəsrəddin” jurnalı idi [7, 39]. Onlara opponentlik edən Ə.Hüseynzadə isə, yuxarıda qeyd olunduğu kimi, Azərbaycanda faktiki olaraq Osmanlı kimliyi və Osmanlı dilini bərqərar etməyə çalışırdı. Bütövlükdə isə, XX əsrin əvvəlində Azərbaycan cəmiyyəti çətin bir dilemma qarşısında dururdu: Osmanlı millətinin təkibinə inteqrasiya olunmaq, yoxsa müstəqil Azərbaycan millətinin formalaşması yolu ilə addımlamaq.
Bu dilemmanın həllində dönüş nöqtəsi isə M.Ə. Rəsulzadə tərəfindən I dünya müharibəsi illərində sırf Azərbaycan milli identikliyinə əsaslanan milli dövlətçilik ideologiyasının – azərbaycançılığın yaradılması oldu. Doğrudur, çarizm üsuli-idarəsi şəraitində azərbaycançılıq ideologiyasının geniş təbliği qeyri-mümkün idi. Bu baxımdan milli dövlətin yaradılması tələbinin irəli sürülməsi üçün tələb olunan müvafiq “siyasi ab-hava” yalnız 1917-ci ilin fevralında Rusiyada çar mütləqiyyətinin devrilməsindən sonra yaranmış oldu ki, azərbaycançı qüvvələr də dərhal bundan istifadə etdilər.
Fevral inqilabından sonra Azərbaycan cəmiyyətində gedən proseslər Azərbaycan milli kimliyinin geniş intişar etməsi və möhkəmlənməsi üçün münbit zəmin yarandığını sübut edirdi. Həmin dövrün Azərbaycan mətbuatı bunun əyani sübutu idi. Məsələn, 1917-ci ilin aprelində M.Ə. Rəsulzadə ənənəvi “vahid türk milləti” konsepsiyasından kənara çıxaraq,açıq şəkildə ayrı-ayrı türk xalqlarının müstəqil millətlər kimi formalaşmasının zəruriliyi ideyasını irəli sürürdü. “Açıq söz” qəzetində o yazırdı: “…türklər bir gün gələcək birləşəcəklər. Fəqət bu birlik müxtəlif şivələri, ayrıca xüsusiyyətləri boğmaq yolu ilə olmayacaq.
Azərbaycanlı bir türk Füzulisindən, Mirzə Fətəli Axundovundan əl çəkə bilməyəcəyi kimi, tatar da öz mətbuatı, ədəbiyyatı, Abdulla Tuqayevindən sərf-nəzər edə bilməyəcəkdir. Eynilə də qazax (qırğız) “Alaşı” ilə “qazax”ını irəli çəkəcəkdir. Bunlardan imtina etmək nə faydalıdır, nə də lazım. Qoy hər kəs öz şivəsi, öz xüsusiyyəti dairəsində tərəqqi eləsin. Məktəblərdə doğma dilləri və yazıları ilə tərbiyə olunsunlar” [1]. Bu yazı Azərbaycanda ümumtürk (osmanlı) deyil, sırf Azərbaycan milli kimliyini təsdiq etmək əzminin nümayişi idi.
Lakin bütün hallarda millətin və onun kimlik şüurunun qəti olaraq formalaşması, bəzi istisnaları çıxmaq şərtilə, yalnız milli dövlət (“millət-dövlət”) çərçivəsində mümkündür. Həmin amilin əhəmiyyətini qeyd edən ingilis tədqiqatçısı A. Smit xüsusi olaraq vurğulayır ki, millətlər yalnız öz müstəqil dövlətlərində təşəkkül tapa bilərlər [12, 20-21]. Bu mənada ”Azərbaycan toplumunda millət olmaq iradəsi, sözün əsrimizdəki müasir mənası ilə 28 may istiqlal hadisəsi və bəyannaməsilə yarandı” [5, 30]. Azərbaycan dövlətçiliyinin təşəkkülü ilə azərbaycanlıların milli kimlik şüurunun həm ümummüsəlman, həm də ümumtürk (osmanlı) identikliyindən ayrılması prosesi artıq geridönməz xarakter almış oldu.
Əlbəttə, bu heç də 28 may 1918-ci il tarixindən sonra sırf azərbaycanlı kimliyinin bərqərar olması prosesinin hamar və problemsiz getməsi anlamına gəlmir. Əksinə, Cümhuriyyət dövründə belə Osmanlı kimiliyi tərəfdarları müqavimət göstərməkdə davam edir, öz məqsədlərini həyata keçirmək üçün bütün imkanlardan istifadə edirdilər. Bu mənada 1918-ci ilin iyununda gənc Azərbaycan dövlətinin yaşamış olduğu ciddi siyasi böhranı osmanlı və Azərbaycan kimliyi tərəfdarları arasında həlledici “döyüş” kimi qeyd etmək olar.
Azərbaycan türklərinin müstəqil bir millət kimi formalaşmasının mümkünlüyünü faktiki olaraq inkar edən və “ilhaqçılıq” bayrağı altında çıxış edən Osmanlı kimliyi tərəfdarları hələ 1918-ci ilin əvvəlində Osmanlı dövləti ilə Zaqafqaziya Respublikası arasında danışıqların getdiyi Trabzon və Batum şəhərlərinə öz nümayəndələrini göndərərək Azərbaycanın Türkiyəyə birləşdirilməsini təklif edirdilər. Onların bu səyləri nəticəsiz qalsa da, “ilhaqçılar” Azərbaycanın istiqlalının elan olunmasından sonra da öz məqsədlərindən əl çəkmək niyyətində deyildilər və onları reallaşdırmaq üçün həmin vaxt Gəncədə olan Nuru paşadan istifadə etdilər.
1918-ci il iyunun 16-da Tiflisdən Gəncəyə köçən Milli Şura və Azərbaycan hökuməti faktiki olaraq Nuru paşanın etimadsızlığı ilə qarşılaşdı ki, bu da ciddi siyasi böhranın əsasını qoymuş oldu. Həm Nuru paşa, həm də onun köməkçisi Ə. Ağaoğlu turançılıq ideyalarının və Azərbaycanın Osmanlı imperiyasına birləşdirilməsinin qatı tərəfdarı idilər. Təsadüfi deyil ki, Ə. Ağaoğlu Milli Şuranın və Azərbaycan hökumətinin buraxılmasını və bütün hakimiyyət səlahiyyətlərinin Nuru paşaya verilməsini tələb etdi.
Bu böhran bir-birinə daban-dabana zidd olan iki müxtəlif milli inkişaf layihəsinin qarşıdurması idi. Həmin günlərdə Azərbaycanın siyasi liderləri iki perspektiv inkişaf yolundan birini seçməli idilər: Osmalı dövlətinin tərkibinə daxil olaraq onun himayəsi altında tədricən Osmanlı türkləri ilə qovuşmaq, yoxsa öz müstəqil milli dövlətini yaratmaqla, Azərbaycan türklərinin özgün bir millət kimi formalaşması prosesini davam etdirmək. Hər iki yolun müsbət və mənfi cəhətlərini dərindən təhlil edən Milli Şura rəhbərliyi birmənalı şəkildə Azərbaycan milli dövlətçiliyinin yaradılmasının xeyrinə seçim etdi. Həmin seçim Azərbaycan türklərinin XX əsrdəki milli inkişaf istiqamətini müəyyənləşdirmiş oldu.
Hər şeydən əvvəl bu seçim onunla izah olunmalıdır ki, türk xalqlarının milli oyanışında turançılıq ideologiyasının mütərəqqi tarixi rolunu qəbul etməklə bərabər, Azərbaycan liderləri günün siyasi reallıqlarından çıxış edərək bu konsepsiyanın real əsasa malik olmayan utopiyaya çevrildiyini gözəl anlayırdılar. Turançılıq ideologiyası onlar üçün tarixi inkişafın artıq keçilmiş mərhələsi idi.
Milli Şuranın sədri M.Ə. Rəsulzadə bunu nəzərə alaraq göstərirdi ki, “vahid türk milləti yoxdur, yalnız türk irqinə mənsub olan millətlər vardır” [10, 49]. O vurğulayırdı ki, “romantik, siyasi “panturanizm” artıq yoxdur, yalnız real və konkret milli məqsədlər güdən azərbaycançılıq vardır. Bu o demək idi ki, “milli siyasət çərçivəsində qalaraq və ilk növbədə, öz qüvvələrinə arxalanaraq doğma xalqın mövcudluğunu qorumaq və onun rifahı üçün işləmək” gərəkdir. Bütün türk xalqlarının vahid dövlətinin yaradılması kimi “həyata keçməsi mümkün olmayan utopik arzular ardınca qaçmaq” isə, son nəticədə, iflasa gətirıb çıxara bilər [10, 53].
Azərbaycan liderləri əmin idi ki, “türk xalqlarının milli süuru irqi ideologiyadan milli ideologiyaya keçid mərhələsindədir” [10, 79]. Panslavizmdən ruhlanıb, daha sonra isə özlərini milli baxımdan dərk edərək istiqlala qovuşan və bu gün tamamilə müstəqil olan slavyan xalqları kimi, Azərbaycan xalqı da vaxtı ilə obyektiv surətdə panturanizmin inqilabiləşdirici ideyasından ilhamlanaraq, məntiqi olaraq öz milli dövlətini yaratmaq və milli kimliyini təsdiq etmək qənaətinə gəlmişdir. Bu səbəbdən də onlar müxtəlif türk xalqlarının, o cümlədən azərbaycanlıların ayrı-ayrı müstəqil dövlətlər şəklində azad olunmasına çalışırlardılar. Məhz “müstəqil Azərbaycan” şüarı azərbaycanlı kimliyinin özəyini təşkil edirdi.
Azərbaycan Milli Şurasının üzvləri 1918-ci il iyun böhranının gedişində böyük təpki göstərərək, “ilhaqçılara” öz planlarını reallışdırmağa imkan vermədilər. Onlar müəyyən güzəştlər bahasına da olsa, Azərbaycanın istiqlaliyyətini qoruyub saxlaya bildilər və bununla da Azərbaycan millətinin və kimliyinin sonrakı inkişafı üçün yolu birdəfəlik təmizləmiş oldular.
Maraqlıdır ki, Azərbaycan liderlərinin “Azərbaycan istiqlalı” ideyasına sadiqliyi və onların özgür azərbaycanlı kimliyini təsdiq etməkdə israrlı olmaları təkcə bizim şimal və cənubdakı, eləcə də qərbdəki bəzi bədxah qonşularımızı narahat etmirdi. Nə qədər qəribə görünsə də, Azərbaycanın baxımsızlığı Osmanlı dövlətinin bir sıra siyasi dairələri tərəfindən də az qala “türklüyə xəyanət” kimi qiymətləndirilirdi. Həmin dövrün İstanbul qəzetlərindən biri bununla əlaqədar təşvişlə yazırdı ki, “Azərbaycanda liberal və mühafizəkar partiyalar meydana çıxsa da, Türkiyəyə birləşmək ideyasını təbliğ edən partiya hələ də yaranmayıb” [10, 79].
Təəsüflər olsun ki, belə münasibətin təzahürlərini qardaş Türkiyədə, xüsusilə bəzi elmi çevrələrdə, bu gün də sezmək mümkündür. Məsələn, müasir türk tədqiqatçısı, Əhmədbəy Ağaoğlu haqqında sanballı elmi əsərin müəllifi Ufuk Ozcan “baxımsız Azərbaycan” şüarını heç bir gerçəkləşmə şansı olmayan bir ideya kimi qiymətləndirir [10, 79].
Lakin Azərbaycan liderləri qardaş Türkiyəni və onun Azərbaycanın azadlığa qovuşması üçün verdiyi qurbanları nə qədər yüksək qiymətləndirsələr də, ölkənin müstəqilliyi məsələsində heç kimə güzəştə getmək fikrində deyildilər. Buna görə də, onlar belə tənqidlərə əhəmiyyət verməyərək və əllərində olan bütün imkanlardan istifadə edərək Osmanlı kimliyinin deyil, məhz sırf azərbaycanlı kimliyinin bərqərar edilməsi xəttini daha böyük səylə davam etdirdilər.
Onu da qeyd etmək lazımdır ki, Cümhuriyyət dövründə milli identikliyin inkişafı proseslərini sürətləndirən əsas amillərdən biri cəmiyyətin bütün sahələrində Azərbaycan türkcəsinin sərbəst işlədilməsi üçün dövlət tərəfindən əlverişli şəraitin yaradılması idi. Bu isə o zaman bir tərəfdən ümumtürk (osmanlı), digər tərəfdən isə ümummüsəlman identikliyindən aralanma mərhələsini yaşayan azərbaycanlı kimliyi üçün taleyüklü bir məsələ idi. Çünki dil milli identikliyin mühüm tərkib hissəsidir. Belə ki, milli dövlətin tətbiq etdiyi ana dilində icbari təhsil sistemi vahid milləti və onun kimliyini formalaşdıran əsas vasitələrdən biridir. Buna görə də milli identikliyin əhatə dairəsinin genişlənməsi xeyli dərəcədə ana dilində məktəb şəbəkəsinin genişliyindən və xalq kütlələrinin həmin şəbəkəyə cəlb olunması səviyyəsindən asılıdır.
Bu baxımdan azərbaycanlı kimiliyinin Osmanlı kimliyindən aralanaraq, müstəqil identiklik forması kimi inkişafı baxımından milli hökumətin “ilhaqçıların” təklif etdiyi kimi Osmanlı dilini deyil, Azərbaycan türkcəsini dövlət dili elan edən1918-ci il 27 iyun tarixli qərarı xüsusi əhəmiyyət kəsb edir. Həmin qərar, eləcə də az sonra Azərbaycan parlamenti tərəfindən qəbul edilmiş müvafiq qanunlar paketi dövlət idarələri, məhkəmə və təhsil sisteminin milliləşdirilməsi üçün hüquqi baza yaratmış oldu.
Azərbaycanlı kimliyinin formalaşmasında mühüm rol oynamış milliləşmə siyasəti keçmiş imperiya dili olan rus dilinin tədricən və planlı şəkildə təhsil sistemindən və dövlət aparatından sıxışdırılıb çıxarılaraq, onun Azərbaycan türkcəsi ilə əvəzlənməsini nəzərdə tuturdu. Daha geniş mənada isə, milliləşmə – Azərbaycan dilinin müstəmləkə dövründə itirdiyi mövqelərinin bərpası və ictimai həyatın istisnasız olaraq bütün sahələrində onun dövlət dili statusunun bərqərar edilməsi demək idi. Təsadüfi deyil ki, milliləşmə hökümətin fəaliyyətinin əsas istiqamətlərindən birini təşkil edirdi.
Eyni zamanda, milliləşmə heç də müxtəlif sahələrdə və ilk növbədə təhail sistemində bir dilin mexaniki surətdə digəri ilə əvəzlənməsi demək deyildi. Burada ən vacibi təhsilin məzmununun köklü şəkildə dəyişməsi, onun milli özünüdərkin dirçəldilməsi və möhkəmləndirilməsi məqsədlərinə uyğunlaşdırılması idi. Söhbət böyüməkdə olan nəslə Azərbaycan milli ruhunu aşılayan, onu milli ideallar ruhunda tərbiyə edən və ən əsası, gənclərdə azərbaycanlı kimiliyinin formalaşmasını sürətləndirən keyfiyyətcə yeni dərs proqramlarının və dərsliklərin hazırlanmasından gedirdi.
Azərbaycan dilində bu tələblərə cavab verən məktəb dərsliklərin hazırlanması və nəşri üzrə xüsusi komissiya yaradıldı [4, 56]. Həmin komissiyanın fəaliyyəti sayəsində təxminən bir il ərzində ibtidai və orta məktəblər Azərbaycan türkcəsində xeyli sayda dərsliklərlə təmin olundu.
Təhsil sistemindən kənarda qalan yaşlı nəslin nümayəndələri arasında milli şüurun inkişafına təkan vermək məqsədilə cənc Azərbaycan dövləti əlində olan bütün vasitələrdən istifadə edirdi. Bu Azərbaycan hökumətinin ideoloji sahədəki fəaliyyətinin başlıca istiqamətlərindən biri idi.
Cümhuriyyət dövründə Azərbaycan tarixinin və bütövlükdə milli-mədəni irsin öyrənilməsinə maraq fövqəladə şəkildə artmışdı. Bu onunla əlaqədar idi ki, Azərbaycan liderləri milli şüurun inkişafı prosesində xalqın tarixi yaddaşının bərpasına xüsusi önəm verirdilər. Bu səbəbdən də, həmin dövrdə Azərbaycan tarixi, ədəbiyyatı, iqtisadiyyatı, təbiətşünaslığı və coğrafiyası üzrə çoxlu əsərlər meydana çıxdı. Qəzet və digər mətbuat orqanlarının bütöv səhifələri Azərbaycan tarixi, ədəbiyyatı və siaysəti, Azərbaycan Cümhuriyyətinin yaranma tarixi və “Azərbaycan” məfhumunun mənşəyindən bəhs edən materiallara həsr olunurdu. Azərbaycanlı kiminliyinin möhkəmləndirilməsi məqsədilə xüsusi “Azərbaycan gecələri” keçirilirdi ki, həmin tədbirlərdə də Cümhuriyyətin aparıcı siyasət və mədəniyyət xadimləri – M.Ə. Rəsulzadə, N. Yusifbəyli, U. Haclbəyli və b. milli özünüdərkin dirçəlişinə yönəlik məruzələrlə çıxış edirdilər.
Ümumiyyətlə, Cümhuriyyətinin mövcudluğu dövründə milli özünüdərk prosesinin sürətləndirilməsi və ilk növbədə, azərbaycanlı kimliyinin müstəqil bir identiklik forması kimi təsdiqi hökumətin maarif və mədəniyyət sahəsində bütün çalışmalarının əsas qayəsini təşkil etmiş və həmin məqsədin gerçəkləşməsi üçün heç nə əsirgənməmişdi.
Bu baxımdan milli dövlətin qurulması və azərbaycanlı kimliyinin birdəfəlik olaraq ümumtürk (osmanlı) identikliyindən ayrılaraq özünü təsdiq etməsi, heç şübhəsiz ki, 1918-1920-ci illər Azərbaycan Xalq Cümhuriyyətinin ən böyük nailiyyətid hesab olunmalıdır. Şübhəsiz ki, həmin dövrdə azərbaycanlıların milli identikliyinin yetkinlik dərəcəsi, onun xalq kütlələri arsında yayılma miqyası barədə mübahisə etmək olar. Lakin onun mövcudluğu artıq inkarolunmaz fakt idi.
Təsadüfi deyil ki, 1920-ci ilin aprelində Azərbaycanda hakimiyyəti zor gücünə qəsb etmiş bolşeviklər belə həmin nailiyyətin üstündən xətt çəkmək gücündə olmadılar. Hərçənd, hələ 1918-ci ildə Azərbaycanın müstəqilliyi haqqında eşitmək belə istəməyən və azərbaycanlıları müstəqil bir millət kimi tanımaqdan imtina edərək, onları həqarətlə “müsəlmanlar” adlandıran bolşeviklər Azərbaycan torpaqlarını qonşu respublikalar – Ermənistan, Gürcüstan və Rusiya Federasiyası arasında bölüşdürməyi planlaşdırırdılar. Lakin Azərbaycan Cümhuriyyətinin cəmi 23 aylıq mövcudluğu dövründə yaranmış reallıqlar bolşevikləri bu planlardan əl çəkməyə məcbur etdi. Onlar dünyanın siyasi xəritəsində Azərbaycanın reallığa çevrilməsi faktı ilə barışmalı oldular və nominal formada olsa da, sovet imperiyası tərkibində azərbaycanlıların milli dövlətinin saxlanmasına razılıq verdilər. Bu isə Azərbaycan kimliyinin sərt məhdudiyyətlər çərçivəsində olsa da, sonrakı inkişafı üçün şərait yaratdı və ən əsası, 70 il sonra, XX əsrin 90-cı illərinin əvvəlində Azərbaycanın müstəqilliyinin yenidən bərpasına imkan verdi.
Ədəbiyyat
1. Açıq söz. 1917. 25 aprel.
2. Akçura Yusuf. Üç Tarz-i Siyaset. Ankara, 2011.
3. Məmmədzadə M.B. Milli Azərbaycan hərəkatı. Bakı, 1992.
4. Rəsulzadə M.Ə. Azərbaycan Cümhuriyyəti. Bakı, 1990.
5. Rəsulzadə M.Ə. Milli birlik. Bakı, 2009.
6. Shissler A. Holly. İki İmparatorluk arasında. Ahmet Ağaoğlu ve Yeni Türkiye. İstanbul, 2005.
7. Şaffer Brenda. Sınırlar ve Kardeşler. İran ve Azerbaycanlı kimliği. İstanbul, 2008.
8. Ufuk Ozcan. Ahmet Ağaoğlu ve rol değişikliği. İstanbul, 2010.
9. Аух Е.М. Между приспособлением и самоутверждением. Ранний этап поисков национальной идентичности в среде мусульманской интеллигенции и возникновение нового общества на юго-восточном Кавказе (1875-1905) // Азербайджан и Россия: общества и государства. М., 2001.
10. Расулзаде М.Э. О пантуранизме. В связи с кавказской проблемой. Оксфорд, 1985.
11. Gellner E. Nations and nationalism. Cornell University Press, 1983.
12. Smith A. Theories of Nationalism. Irving Place, 1983
Müəllif: Milli Kimlik Araşdırmaları qrupunun üzvü, Aydın Balayev
Comments are closed.