Gəncə qapıları — XI əsrin ortalarında Şəddadi hökmdarı Əbüləsvar Şavurun göstərişi ilə 1063-cü ildə hazırlanmışdır.
Kufi xətti ilə işlənilmiş kitabədə darvazanın Şavurun əmri ilə hazırlanması, ustanın adı, düzəldilmə tarixi qeyd olunmuşdur. 1139-cu ildə Gəncə zəlzələsi zamanı şəhərə qarət məqsədilə hücum etmiş gürcü çarı I Demetre tərəfindən Gürcüstana Gelati monastırına aparılmışdır. Qala qapılarının bir tayı hazırda Gürcüstanın Kutaisi rayonunun Gelati monastırında IV Davidin qəbri qarşısındakı divara bərkidilib orada saxlanılır. Darvazanın salamat qalan tayının üzərində kufi xətlə, ərəb dilində bunlar yazılıb:
“Rəhmli və mərhəmətli Allahın Adı ilə! Həşəmətli Mövlamız və Əmrimiz Seyid Savur ibn Əl-Fəzl – Allah onun hökmranlığını uzun etsin – bizə bu qapını Qazi Əbül Fərəc Məhəmməd ibn Abdullanın inayəti ilə qurmağı əmr etdi – Allah ona da müvəffəqiyyət versin.Dəmirçi İbrahim ibn Osman Ənqaveyhin işi. Beşinci, əllinci, dörd yüzüncü il hicri.”