Şirvanzadə Mehmet Rüşdi Paşa Sultan Əbdüləzizin hakimiyyəti dövründə, 1873-1874-cü illərdə Osmanlı dövlətinin sədrəzəmi və ya vəziri olub. Atası XIX əsrdə Azərbaycanda yenidən dirçələn Nəqşibəndilik təriqətinin liderlərindən biri İsmayıl Siracəddin Şirvanidir. İsmayıl Şirvani Kürdəmirdə doğulub.

Suriya valisi

Həmin illərdə dövlət işlərindəki uğurları onun yolunu Osmanlının gələcək xarici işlər naziri Keçəçizadə Fuad Paşa ilə kəsişdirdi. Həmin dövrdə Fuad Paşa Şama (indiki Dəməşq) vali təyin olunanda Rüşdi Paşanı da özü ilə Suriyaya apardı. Bu dönəmdə onu bölgələrdən birinə qazı təyin edilməsi təklifini irəli sürsə də, bu, Şeyxülislam Sadəddin Əfəndinin etirazı ilə qarşılandı.

Bu dəfə yenə Keçəçizadə Fuad Paşanın tövsiyyəsi ilə 1851-ci ildə Məclisi Vala (Ali Məhkəmə Şurası) üzvlüyünə təyin edildi. 1863-cü ildə isə vəzir rütbəsi verilərək Şam vilayətinin valisi təyin olundu. 1864-cü oldə Şam və Sayda Qüdsə birləşdirilərək vahid Suriya vilayəti quruldu. Bu birləşmiş vilayətin başına isə Şirvanzadə Mehmet Rüşdi Paşa gətirildi.

Sürgündə

1865-ci ildə İstanbula qayıtdı və dini işlər naziri təyin olundu. Həmin il buradan maliyyə naziri vəzifəsinə gətirildi. 1868-ci ildə isə yeni vəzifəsi xəzinə naziri oldu. 1869-cu ildə bu postda qalmaqla yeni qurulan daxili işlər naziri vəzifəsi də ona həvalə edildi. Həmin dövrlərdə Şirvanzadə Mehmet Rüşdi Paşanın birbaşa sarayla təmasa keçməsi və bəzi işləri sədrəzəmlə məsləhətləşməməsinə görə, sədrəzəm, yəni vəzir Məhməd Əmin Əli Paşa ilə münasibətlərinin pozulmasına gətirib çıxardı. Lakin vəzir sonradan onun saray və hökumətdəki əsas müdafiəçisi olacaqdı.

Bundan sonra 1871-ci ildə daxili işlər naziri postundan uzaqlaşdırılaraq, yenidən maliyyə naziri təyin olundu. Burada verdiyi sərbəst qərarlar o qədər də xoş qarşılanmadığı üçün Sultan Əbdüləzizə şikayət edildi və sürgünə göndərilməsi istənildi. Amma sədrəzəm Məhməd Əmin Əli Paşa sarayın hökumət işlərinə qarışmasını xoş qarşılamadı və buna görə də bu təklifi qəbul etmədi. Bunun yerinə, Şirvanzadə Mehmet Rüşdi Paşanı maliyyə naziri vəzifəsindən uzaqlaşdıraraq, iqtisadi işlər naziri təyin etdi. 12 gün sonra isə ədliyyə naziri Ədhəm Paşa ilə yer dəyişdirdi.

Yeni vəzifəsinin icrasına başladıqdan bir neçə ay sonra – 1871-ci il sentyabrın 7-də sədrəzəm Məhməd Əmin Əli Paşa öldü və yerinə Mahmud Nədim Paşa gətirildi. Mahmud Nədim Paşa özünə qarşı təhlükə kimi gördüyü Şirvanzadə Mehmet Rüşdi Paşanı vəzifəsindən uzaqlaşdıraraq, Amasiyaya sürgünə göndərdi. 1872-ci il iyulun 31-də isə Mahmud Nədim Paşa öz vəzifəsindən uzaqlaşdırılaraq, yerinə Mithat Paşa gətirildi. Mithat Paşa onu bağışladı, İstanbula qayıtdıqdan sonra isə meşə və mədən naziri təyin etdi. 1873-cü ildə yenidən dini işlər naziri vəzifəsi verildi. Amma bu vəzifədə çox qalmadı, həmin il üçüncü dəfə maliyyə naziri təyin olundu.

Misir və Qacarlar

Sədrəzəm Sakızlı Əhməd Əsəd Paşa 1873-cü il aprelin 15-də tutduğu vəzifədən uzaqlaşdırıldıqdan sonra Şirvanzadə Mehmet Rüşdi Paşa sədrəzəm kimi sədarətə gətirildi. Vəzirliyi dönəmindən əl aldığı ən önəmli problem Misirin idarəsi ilə bağlıdır. Misir 1841-ci ildən xüsusi imtiyazlı valilər tərəfindən bir muxtar hökumət kimi idarə edilirdi. 1873-cü ildə Misirin rəhbəri olan İsmayıl Paşa Osmanlı hökumətindən daha geniş muxtariyyət imtiyazları almaq üçün İstanbula gəldi. Bu muxtariyyət də, yalnız Osmanlı sultanının fərmanı ilə mümkün idi.

İddiaya görə, İsmayıl Paşa bu fərmanı ala bilmək üçün saray və dövlət adamlarına rüşvət və hədiyyələr verdi. Hüseyn Avni Paşa, Şirvanzadə Mehmet Rüşdi Paşa və digərləri aldıqları bəxşişlər qarşılığında ona istədikləri imtiyazlardan artığını verdilər. 1873-cü ildə verilən həmin fərmanla Misirin Osmanlı dövləti qarşısındakı muxtariyyəti və müstəqilliyi bir qədər də artdı.

Şirvanzadə Mehmet Rüşdi Paşanın Qacarlar dövləti ilə imzalanmış anlaşmanın bir sıra maddələrini Qacarların lehinə dəyişdirdiyi də iddia olunur.

Sultanı devirmək planı

Şirvanzadə Mehmet Rüşdi Paşanın sədrəzəmliyə gəlməmişdən əvvəl Mithat Paşa, Mehmet Sadık Paşa və Hüseyn Avni Paşa kimi nüfuzlu dövlət adamları ilə gizli danışıqlar apararaq, Sultan Əbdüləzizi devirmək üçün anlaşdığı bildirilir. Bundan sonra Hüseyn Avni Paşanın Şirvanzadənin bu planı haqda gizli olaraq sarayı xəbərdar etdiyi, bu səbəbdən onun vəzifəsindən uzaqlaşdırıldığı iddia olunur. Beləliklə Şirvanzadə Mehmet Rüşdi Paşa 1874-cü il fevralın 15-də sədrəzəmlikdən uzaqlaşdırılır, yerinə isə Hüseyn Avni Paşa gətirilir.

O, həmin il mayın 27-də Hələbə vali təyin edildi. Amma Şirvanzadə Mehmet Rüşdi Paşa buradan xoşlanmayaraq, başqa vilayətə vali göndərilməsini istədi. Həmin il Hicaza vali göndərildi. Şirvanzadə Mehmet Rüşdi Paşa yeni vəzifəsinin icrasına başlamaq üçün yola düşür, lakin Taif şəhərinə çatanda qara qızdırmadan vəfat edir. Həmin şəhərdə dəfn edilir.

Bəzi tarixçilər onun hədiyyə və rüşvət aldığını bildirsələr də, dönəmin saray qeydlərində (“Sicill-i Osmani”) onun haqda belə yazılır:

“Orta boylu, dolu bədənli, gülər üzlü bir şəxs idi. Alim, fazil, həlim xasiyyətli, ağıllı, mərd, istiqanlı və müalyim…”.

Müəllif: Mənsur Rəğbətoğlu/teleqraf.com

Comments are closed.