Baş nazir türkcə təhsilə bağlı maneələrin aradan qaldırılması ilə bağlı göstəriş verib.

İraqın baş naziri Məhəmməd Şiə əs-Sudani İraqın türkmanlar yaşayan rayonlarında türkcə (türkməncə) təhsilin inkişafına texniki və inzibati sahədə maneələrin aradan qaldırılması barədə göstəriş verib.

“TürkmeneliTV”-nin məlumatına görə, bu barədə yerli mediaya İraq Türkman Cəbhəsi (İTC) açıqlama yayıb. Açıqlamada qeyd olunru ki, İTC sədri Həsən Turanın baş nazir Sudaniyə müraciət edərək İraqın türkmənlər yaşayan bölgələrində türkcə təhsilə maneələrin aradan qaldırılmasını xahiş edib. Baş nazir isə türkcə təhsillə bağlı mövcud maneələrin aradan qaldırılması ilə bağlı sərəncam imzalayıb.

Plana əsasən türkcə təhsil verən məktəblərdə müəllim çatışmazlığının aradan qaldırılması üçün yeni müəllim təyinatlarının həyata keçirilməsi, tədris kitablarının dövlət hesabına çap edilməsi, imtahan suallarının digər dillərdəki suallarla eyni olması, türk dilində təhsil alanların açıq təhsil imtahanlarında iştirakına icazə verilməsi kimi məsələlər hökumət tərəfindən təsdiqlənib.

Qeyd edək ki, İraq Konstitusiyasına görə, türkmanlar ölkənin 3-cü böyük etnik qrupu kimi tanınsa da, onların bir sıra mədəni haqları, o cümlədən Türkmən (türk) dilinin tədrisi və dövlət qurumlarında istifadəsi ilə bağlı problemlər qalırdı. Ancaq son illərdə İraq türkman fəallarının cəhdləri nəticəsində hökumət türkmanların Konstitusion haqlarının təmin olunması üçün bir sıra addımlar atır.

İraqlı soydaşlarımızın öz mədəni hüquqlarını əldə etməsi uğurunda çalışmaları və əldə etdikləri uğurlar təqdirəlayiqdir. Xatırladaq ki, 46 milyonluq İraqda əhalinin 8-9 faizini türkmanların təşkil etdiyi ehtimal olunur. Bu isə 4 milyona yaxın türkman deməkdir.

Kənan Rövşənoğlu

Comments are closed.