Şahtac Qızılbaş (1934-2008) – Hüquqşünas, insan hüquqları müdafiəçisi və Pakistan Qadın Fəaliyyət Forumunun qurucu üzvü «Şahtac xanım Qızılbaş 1934-cü ildə Lahorda Britaniya Hindistanın ən üstün aristokrat ailəsində anadan olmuşdur. Ata babası Lahor Qızılbaşları lideri, Cəngavər Komandiri Fateh Əli xan Qızılbaş, ana babası isə Cambay knyazlığının 7-ci Nəvvabı idi.
O, Pakistan və Hindistan bölünməsindən əvvəl atasının Lahordakı iqamətgahında, həmçinin Cambaydakı ana babasının sarayında böyüdü. O, ilk təhsilini Lahordakı İsa və Məryəm monastırında alıb. Xüsusilə Şahtac Qızılbaş, Pakistanın maliyyə naziri, Qərbi Pakistanın baş naziri və Fransadakı səfiri olmuş əmisi Müzəffər Əli xan Qızılbaş ilə çox vaxt keçirirdi.
O, İngiltərədən Pakistana qayıtdıqda Prezident General Ziyaülhaqqın qadınlara qarşı ayrı-seçkilik qanunları ilə qarşılaşdı. Şahtac Qızılbaş kimi qadın bu vəziyyətə biganə qala bilməyib, qadın haqlarının mübarizəsini apardı. Şahtac Qızılbaş, Əsma Cahangir, Hina Jilani və bir sıra qadınlar “Qadın Fəaliyyət Forumunun” əsas qurucusu oldular. Şahtac xanım Qadınlar və uşaqların hüquqlarının müdafiəsində Hüquqşünas köməkçisi təlimini öz üzərinə götürdü.
1980-ci ildə Pakistanlı hüquqşünas Əsma Cahangir ilə birlikdə o, Lahorun aztəminatlı yaşayış yerlərində qadınlara, uşaqlara və azlıqlara hüquqi yardım göstərməyə yönəlmiş Hüquqi Yardım Mərkəzini qurdular.
O, Lahorda Dastak Xeyriyyə Fondu adlı sığınacaq evinin inzibati işlərinə nəzarət etdi və Fondun “Simurq Qadın Resurs və Nəşr Mərkəzinin İcraçı Koordinatoru” oldu. Dastak Xeyriyyə Fondu 1996-cı ildə qadın və uşaqların hüquqlarının təşviqi və müdafiəsi, onları zorakılıq və istismardan qorumaq məqsədilə yaradılmışdır.
Şahtac Qızılbaş eyni zamanda Pakistan İnsan Hüquqları Komissiyasının idarə heyətinin və Xalq Hüquqları üzrə Birgə Fəaliyyət Komitəsinin əsas önəmli üzvlərindən biri idi.
Şahtac Qızılbaşın təmsil etdiyi “Xalq Hüquqları üzrə Birgə Fəaliyyət Komitəsi” sülh quruculuğunu və tolerantlığı təşviq etdiklərinə görə BMT tərəfindən “Madanjeet Singh” mükafatı ilə təltif olundular.
Liderlik keyfiyyətlərinə görə yaxınları Şahtac Qızılbaşı “General” adlandırırdılar.
Şahtac Qızılbaş “The News on Sunday” saytına verdiyi müsahibəsində belə qeyd edir;
“Mən varlı Qızılbaş ailəsindənəm, amma ailəmdən tamam fərqliyəm. Düşüncələrim, ideyalarım, həyat istiqamətim tamam başqa oldu. Mən heç vaxt özümü Nəvvab (Xan) qızı kimi aparmamışam. 1983-cü ildə İngiltərədən qayıdanda Qadın Fəaliyyət Forumu (WAF) yeni başlamışdı və o vaxtdan bəri yollardayam.”
O, Pakistan və Hindistanın ən varlı aristokrat ailəsinə mənsub idi. İstəsəydi bu varlı, aristokrat ailəsindən istifadə edib, ömrünü ən gözəl şəkildə Avropada yaşaya bilərdi, amma o ömrünü Xalqının, xüsusilə qadın və uşaqların hüquqlarını müdafiəsinə həsr etdi və bu böyük Xanım 2008-ci ildə həyata gözlərini yumdu.»
Vahid İbayev
Comments are closed.