Azərbaycanın qədim şəhərlərindən biri də Ordubaddır. Ordubad adının mənasını izah edən bir neçə fərziyyə mövcuddur:

1. Keçmişdə Ordubad toponiminin Orduvar variantı təsbit olunmuşdur. Bu halda ehtimal edə bilərik ki, həmin adın ikinci hissəsi “avar” sözü idi.

Maraqlı bir detalı xatırladaq: Qədim (VI–IX əsrlər) türk–bulqar tayfalarından biri avar adlanırdı. Eləcə də e.ə. XVIII–XVI əsrlərdə Misiri zəbt etmiş saka–skiflərin (hiksosların) Nil çayının deltasında saldıqları şəhərin adı tarixi mənbələrdə Avar (Avaris) şəklində qeyd olunmuşdur.

2. Azərbaycan filoloqu Əbülfəz Hüseyninin (1925–1987) ehtimalına görə, Ordubad şəhərinin adı əvvəllər “Ordubay” (bəy qalası) olmuş, zamanla indiki formasına düşmüşdür.

Haşiyə. Qazaxıstan Respublikasının Qostanay vilayətində Urdobay-Toqay adlı ərazi, Rusiya Federasiyasının Kurqan vilayətində Böyük Urdobay adlı göl vardır. Həmçinin Qazaxıstanın Aktöbe və Batıs-Qazaqstan vilayətlərində iki kənd Ordabay adlanır.

3. Professor Əliqulu Fərəcov (1898–1981) yazırdı ki, Ordubad toponimi hərfi tərcümədə “ordu dayanacağı” və ya “düşərgə yeri” mənasını versə də, rayonun yaşlı adamları deyirlər ki, bu söz “Ordbehişt” adının təhrif olunmuş formasıdır.

4. Digər izah belədir: Ordubad toponimi “ordu” (qədim türk dillərində – “iqamətgah”, “qərargah”, ”xan düşərgəsi”) və ”abad” (fars dilində – həyat üçün yaxşı şəraiti, keyfiyyətli tikililəri olan yaşayış məntəqəsi) sözlərinin birləşməsindən yaranmışdır. Böyük türk filoloqu Mahmud Qaşğari (1029–1101) yazırdı ki, türk dilində “ordu” sözü “xaqanın yaşadığı yer”, “mərkəz” mənalarını ifadə edir.

5. Ola bilsin ki, Ordubad şəhəri e.ə. III əsrin sonlarında yaşamış qüdrətli Atropatena (Azərbaycan) hökmdarı Artabazanın (e.ə. 300–220) adını daşıyır. Bu halda həmin ad zamanla belə bir dəyişikliyə uğramışdır: Artabaz – Artabad – Artobad – Ortobad – Ordubad.

Qeyd. İndiki Ordubad ərazisi də Artabazanın dövlətinin tərkibində idi.

6. Tədqiqatçı Əjdər Fərzəli (1937–2011) çox maraqlı bir fərziyyə irəli sürmüşdür: “Ordubad toponimi Atropat adının bugünədək yaşayan formalarından biridir. Toponimdə ordu ucalığından yox, od ucalığından söhbət gedir. Bu ad Odbad – Otbad – Atbad – Ortbad – Ord(u)bat – Otrbad – Atrbad – Atropat kimi tarixi inkişaf yolu keçmiş və günümüzdə Ordubad şəklində sabitləşmişdir”.

Bir məsələyə diqqət yetirək: Hindistanın Odişa ştatının Dhenkanal dairəsinin Odapada inzibati-ərazi vahidinə daxil olan kəndlərdən biri Kotam adlanır. Vurğulayaq ki, Azərbaycanın Ordubad rayonunda da Kotam adlı kənd vardır. Kotam adlı digər dörd kənd Hindistanın Jharkhand ştatının müvafiq olaraq Garhwa, Gumla, Latehar və Ranchi dairələrindədir. Beləliklə, müqayisə edək:

– Ordubad (Azərbaycanda rayon) – Odapada (Hindistan rayon);

– Kotam (Azərbaycanın Ordubad rayonunda kənd) – Kotam (Hindistanın Odapada rayonunda kənd).

7. Professor Yavuz Axundlunun (1927–2017) fikrincə isə, Ordubad toponiminin təkamül yolu belə olmuşdur: “Atrobat – Atrobad – Ortbad – Ordubad”.

Yeri gəlmişkən, “Azərbaycan adının mənasını izah edən 12 fərziyyə” adlı yazımızda belə bir fikir irəli sürmüşük ki, ölkəmiz, əslində, atrebat adlı qədim saka tayfasının adını daşıyır.

8. Zənnimizcə, Ordubad toponimi “ordu” (qoşun) və “baş” (əsas) sözlərinin birləşməsindən əmələ gəlmişdir.

Nəzərə almaq lazımdır ki, Qazaxıstanın Türküstan vilayətində Ordabas adlı rayon, kənd və qazax xalqının müqəddəs saydığı yerlərdən biri – tarixi ərazi vardır. Qazax dilində “ordabası” sözü “ordunun yarandığı, əsasının qoyulduğu yer” anlamını ifadə edir. Ordabas rayonunun ərazisindən Badam çayı axır. Badam çayı Arıs çayının sol qoludur. Xatırladaq ki, Ordubad rayonunun da daxil olduğu Naxçıvan Muxtar Respublikasının Şahbuz rayonunda Badamlı adlı kənd və bulaq mövcuddur. Ordubad rayonu isə Araz çayının sol sahilində yerləşir. Beləliklə, bu adları da müqayisə edək:

– Ordubad (Azərbaycan) – Ordabas (Qazaxıstan);

– Badamlı (Azərbaycan) – Badam (Qazaxıstan);

– Araz (Azərbaycan) – Arıs (Qazaxıstan).

Nəticə. Beşinci, altıncı, yeddinci və səkkizinci fərziyyələri daha əsaslı hesab etmək olar.

Müəllif: Milli Kimlik Araşdırmaları Qrupunun üzvü Araz Şəhrili

Comments are closed.