Türkiyə və Suriya ilə sərhədə yaxın, mühüm nəqliyyat qovşağı üzərində yerləşən Təlafərin əyalət statusu alması yerli türkmən icması üçün yeni perspektiv vəd edir
İraqda türkmənlərin kompakt yaşadığı Telafər rayonunun əyalət statusu alması ilə bağlı proses sürətlənib.

İraq türkmanları hazırda Neynəva əyalətinə daxil olan Təlafərin əyalət statusu alması üçün səylərini gücləndirib. İraq hökumətinin İraq Kürdüstanında Hələbcənin ölkənin 20-ci (19-cu əyalət Hələbçə, bu ilin əvvəli yaradılıb) əyalətə çevrilməsinə razılıq verməsindən sonra bu çağırışlar daha da güclənib. Yeri gəlmişkən, bu ilin əvvəlində türkman deputatları Təlafərin statusu ilə bağlı qanun layihəsini parlamentin gündəliyinə əlavə etmək üçün imza toplamağa başlayıblar.

Bu barədə iraqlı türkmən araşdırmaçı Adil Zeynalabidinin “amwaj.media” saytında yayımlanan məqaləsində qeyd olunur.

Təlafər İraqın şimalındakı Neynəva əyalətinin ən böyük rayonudur. İraq Kürdüstanının Duhok valiliyi ilə yanaşı Hatra, Mosul və Sincar rayonları ilə həmsərhəddir. İraq Milli Statistika Mərkəzinin məlumatına görə, Telafer rayonunun təxminən 511 min sakini var. Belə ki, Təlafər şəhərində 215 min, ətraf yaşayış məntəqələrində isə təxminən 295 min insan yaşayır.

Təlafərin statusunun əyalət statusu alması ilk növbədə İraq türkman icması üçün böyük bir addım ola bilər. Çünki bu olarsa ilk dəfə İraqda əhalisinin əksəriyyətinin türkmanlardan ibarət olduğu, belə desək türkman əyaləti yaranmış olacaq.

Hazırda türkmənlər İraqın Kərkük, Salahəddin və Neynəva da daxil olmaqla bir neçə əyalətinə səpələmiş halda yaşayırlar. Yeni inzibati səlahiyyətlərə malik Təlafər əyaləti (quberniyası) isə İraq türkmənlərinin siyasi mərkəzi kimi Kərkükü əvəzləyəcək.

İraqda ilk türkmən əyalətinin yaradılması bir neçə səbəbdən türkmanlar üçün mühüm əhəmiyyət kəsb edir.

İlk növbədə İraqda ilk türkman əyaləti yaradılmış olacaq. Hansı ki, əhalisinin əksəriyyətini türkmanlar təşkil edəcək. Hazırda Kərkük və digər regionlarda əhalisinin əksəriyyətini türkmanların təşkil etdiyi əyalət yoxdur.

İkincisi, yeni yaradılacaq Təlafər quberniyası Suriya və Türkiyəyə gedən əsas marşrut xətlərinin üzərində yerləşəcək və İraq üzərindən Türkiyə və Suriyaya keçən mühüm strateji yolun üstündə bir ərazi olacaq. Yeri gəlmişkən, bu ilin yazında Türkiyə və İraq hökumətləri Bəsrə-Türkiyə dəmir yolu və quru yolu layihəsinin icrası ilə bağlı razılığa gəliblər. Bəsrədən gələrək Bağdad, Nəcəf, Mosul kimi şəhərlərdən keçən bu mühüm nəqliyyat xətti Təlafərdən keçəcək. Eyni zamanda Təlafərin əyalət statusu alması kürdlərin ətrafda yeni kürd əyaləti yaratması və separatizmin qarşısını alacaq.

Ancaq yerli hakimiyyətini və seçki dairələrini itirmək təhlükəsi ilə bir sıra siyasi qruplar bu təşəbbüsə müqavimət göstərir. Ancaq türkman icmasının fəallıq nümayiş etdirməsi və yaranmış yeni geosiyasi şərait Təlafərin statusunun yüksəldilməsi təşəbbüsünün reallaşmasına olan ümidi artırır.

Kənan Rövşənoğlu

Comments are closed.