M.Ə.Rəsulzadə yazır: “Gözəl ilə böyüyə – türk, gözəllik ilə böyüklüyə – türklük, gözəl və böyük sözə – türkcə, gözəllik və böyüklük diyarına – Türküstan deyən şairə hansı ağız “o, türk deyildir” deyə bilər?”

Dahi şair Nizami Gəncəvi “Sirlər xəzinəsi” əsərində türkləri belə səciyyələndirir:

Şan – şöhrəti dünyaya sığışmazdı türklərin,
Ölkəsi ədalətlə güllü yazdı türklərin.

Zalımlığın bəllidir, işin – peşən talandır,
Sən ki, hindli quldursan, türk olmağın yalandır…

“Leyli və Məcnun” poemasının əvvəlində Şirvanşah Axsitanın ona məktubunun mətnini vermişdir:

Bu təzə gəlinə çəkəndə zəhmət,
Fars-ərəb diliylə vur ona zinət…

Kamal cövhərinin xəzinəsindən,
Gör, kimin sapına inci düzürsən.

Türk dili yaramaz şah nəslimizə,
Əskiklik gətirər türk dili bizə.

Yüksək olmalıdır bizim dilimiz,
Yüksək yaranmışdır bizim nəslimiz.

Nizaminin bu məktuba reaksiyası maraqlıdır:

Qulluq həlqəsinə düşdü qulağım,
Qan vurdu beynimə, əsdi dodağım.

Nə cürətim vardı əmrdən qaçam,
Nə də könlün vardı xəzinə açam.

Şair türk deyildisə, şirvanşahın sözlərindən nə üçün belə mütəəssir olurdu? Şirvanşahlar sülaləsinin bu bariz nümayəndəsinin sözləri həm də onu sübut edir ki, Nizami Gəncəvinin türk dilində də şeirləri olmuş, lakin müəyyən səbəblər üzündən onlar dövrümüzədək gəlib çatmamış, yaxud, hələ ki, aşkarlanmamışdır.

Nizami türkcə şeirlər yazmasaydı, sözsüz ki, Axsitan sifariş etdiyi əsərin dilini xüsusi olaraq vurğulamayacaqdı. Bu, adi məntiqdir.

“Xosrov və Şirin” əsərində şair, faktiki olaraq, öz milli kimliyini bəyan edir:

Türklüyüm bu Həbəşdə hec getmir.
Dadlı dovğaya xalq meyl etmir.

rizvanhuseynov.com

Comments are closed.