Sovet dövründə irəli sürülmüş nəzəriyyəyə əsasən, türkdilli xalqlar Azərbaycana iki dəfə böyük köç etmişlər.

Bunlardan biri XI əsrdə, digəri XIII əsrdə baş vermişdir. Əvvəlcə Səlcuqilər (1038–1157), ardınca isə Hülakülər (1256–1357) yüz minlərlə köçəri türkü Azərbaycana gətirib Muğan düzündə, indiki aran rayonlarında və ölkəmizin digər torpaqlarında yerləşdirmişdilər.

Guya məhz bu miqrasiyalar nəticəsində Şimali Azərbaycanın qafqazdilli, Cənubi Azərbaycanın irandilli əhalisi türkləşmiş, öz dillərini unutmuşdur.

Həmin iddia doğrudurmu? Bəri başdan onu qeyd edək ki, həqiqətən də orta əsr salnamələrində belə məlumatlar var. Məntiq də onu deyir ki, Türküstündan gəlmiş sülalələr, məsələn, Səlcuqilər və Hülakülər həmvətənlərinin bir hissəsini mütləq özlərilə gətirməli idilər.

Başqa bir dolayı dəlil isə ondan ibarətdir ki, orta əsr miniatürlərində Azərbaycan dövlətlərinin, xüsusilə Səfəvilərin döyüşçüləri turanid tipində təsvir edilmişlər. Amma bu barədə bir qədər sonra…

Beləliklə, göstərilən faktları müqayisə edib bu qənaətə gələ bilərik ki, qızılbaş döyüşçülərinin mütləq əksəriyyəti məhz Türküstandan gəlmiş tayfaların nümayəndələri olmuşlar. Lakin sözügedən fərziyyənin tərəfdarları bir məsələni unudurlar.

Səfəvi döyüşçüsü və diplomatı Oruc bəy Bayat (1660–1604) özünün məşhur kitabında qızılbaş tayfalarının demək olar ki, hamısının adlarını sadalamışdır: Ustaclu, şamlu, əfşar, türkman, bayat, təkəlu, harmandalu, zulqədərlu, qacar, qaramanlu, bayburtlu, ispirlu, oriat, çauşlu, asayişlu, çamiş-qazaqlu, sarızolaxlu, qarabaciqlu, baharlı, kuyniorilu, qırxlu, boşçalu, hacı fəqihlu, həmzəlu, solaxlu, mahmudlu, qaraçomaqlu, qaraqoyunlu, kossi–boyezlu, peyklu, inazlu, kuh–giluyalu…

Digər mənbələrdə qaradağlı, rumlu, varsaq tayfalarının adları qeyd olunmuşdur.

Qızılbaş ordusu məhz bu tayfaların döyüşçülərindən təşkil olunurdu. Müəyyən əlamət və faktlara istinadla ehtimal etmək olar ki, onlardan əfşar, bayat, təkəli, qacar, qaraqoyunlu, türkman və oriat tayfaları, həqiqətən də, vaxtilə Türküstandan gəlmişlər. Amma yerdə qalan türk tayfaları, xüsusilə qaramanlılar, varsaqlar, zülqədərlər və ustaclılar haqqında eyni fikri yürütmək mümkün deyil. Onların gəlmə olduqlarını birmənalı şəkildə sübuta yetirən heç bir dəlil yoxdur.

Düzdür belə bir ehtimal da var ki, zülqədər tayfası bayat tayfasının, ustaclı tayfası isə bəydili tayfasının bir qoludur. Lakin bu, yalnız gümandır.

Tarix kitablarında yazılanlar da ancaq kimlərinsə ehtimal və gümanları, yaxud başqa situasiyada ciddi qəbul edilməyən nağıl və miflərdir. Digər tərəfdən, əgər adı çəkilən tayfaların hamısı XI–XIII əsrlərdə Orta Asiya və Monqolustandan miqrasiya etmişlərsə, onlar yuxarıda qeyd etdiyimiz kimi, turanid və ya monqoloid tipinin daşıyıcıları olmalı idilər. Bu isə müasir azərbaycanlıların xarici görünüşündə də özünü mütləq büruzə verməliydi.

Bugün real vəziyyəti görmək üçün ciddi bir araşdırma aparmağa ehtiyac yoxdur. Azərbaycanlıların 95 faizi avropoid irqinin kaspi qrupuna mənsubdur. Ayrı-ayrı fərdlərdə monqoloid, əslində isə, turanid irqinin müəyyən əlamətləri (almacıq sümüklərinin iri, ayaqların və boynun nisbətən qısa, kürəyin enli olması, yaşlılarda epikantus, uşaqlarda moğol ləkəsi və s.) müşahidə edilsə də, bu, kütləvi xarakter daşımır. Belə əlamətlər avropalılar arasında da vardır.

Əgər iddia edilsə ki, Hülakülərlə gələn tayfalar elə əvvəldən avropoid olmuşlar, cavab verərik ki, bu fikir mövcud faktlarla üst-üstə düşmür. Səlcuqilərin xarici görünüşlərinin təsvir edildiyi şəkil və abidələr ABŞ-ın Metropolitan muzeyində və digər yerlərdə saxlanılır.

Onların hamısı turanid tipli insanlara aiddir. Çingiz xanın döyüşçülərini isə İslam və Qərb mənbələri kifayət qədər dolğun təsvir etmişlər. Həmin salnamələrə nəzər salanda aydın olur ki, XIII əsr moğolları tipik monqoloidlər olmuşlar.

Növbəti hissədə: Orta asiyalıların xarici görünüşü qızılbaşlar üçün adi idimi?

Müəllif: Milli Kimlik Araşdırmaları Qrupunun üzvü Araz Şəhrili

Comments are closed.