Bu gün Laçının işğaldan azad olduğu gündür. 2020-ci il 10 noyabr sazişinə əsasən Ermənistan dekabrın 1-də Laçın rayonunu Azərbaycana təhvil verdilər. Laçın şəhəri, Zabux və Sus kəndləri isə 2022-ci il avqustun 26-da Azərbaycana qaytarılıb.

Azərbaycanın füsunkar təbiətli, qədim tarixə malik Laçın rayonu 1992-ci ilin may ayının 18-də Ermənistan ordusu tərəfindən işğal olunmuşdu.

İşğal nəticəsində 63 min 341 Azərbaycan vətəndaşı öz yurdundan didərgin düşüb, 300-dən artıq hərbçi, eləcə də mülki şəxs həlak olub və itkin düşüb. Rayonda 8950 bina, o cümlədən 7 sənaye və tikinti müəssisəsi, 471 xidmət idarəsi, 154 məktəb, yüzlərlə tarix-mədəniyyət abidəsi işğala məruz qalıb.

Uca dağları, gözəl təbiəti, zəngin meşələri və bol sulu çayları ilə məşhur olan Laçın rayonu ən qədim yaşayış məskənlərindən biridir.

Laçın sözünün mənası

Əvvəlcə ondan başlayaq ki, Laçın inzibati ərazi vahidi olaraq daha əvvəl, konkret olaraq 1926-cı ilə qədər Abdallar adlanıb. 1930-cu ildə Laçın adlı inzibati ərazi vahidi – rayon yaradılıb. Laçın şəhəri onun mərkəzinə çevrilib. Daha əvvəl isə bu bölgədə “Yuxarı Laçın” adlı kənd olub. Eyni zamanda Laçın adlı dağ zirvəsi də olub.

Bəzi iddialara görə, XX əsrdə Azərbaycanın tanınmış yazıçılarından biri olmuş Tagı Şahbazi Simurq yaxınlıqdakı dağın adını şəhərə verib. Laçın sözü “məğrurluq” mənasındadır.

Laçın zirvəsi Yuxarı Qarabağ bölgəsində Böyük Kirs, Kiçik Kirs, Sarı baba zirvələri ilə üçbucaq təşkil edir. Bu zirvə Qarabağ sıra dağlarının mərkəzi hissəsində, onun cənub-qərbində yerləşir.

Ancaq Laçın kəlməsi çox qədim mənbələrə gedib çıxır. Məsələn, Mahmud Kaşğarlının əsərində bu söz “laçin” kimi verilib. Göyərçin, bildirçin sözlərində olduğu kimi laçında – çin “quş” deməkdir. Sıldırımlı qayalara yalçın deyirik. Görünür, la və yal sözləri “uçurum”, “sıldırım” mənasını əks etdirib. Laçın “bərk şığıyan quş” kimi başa düşülə bilər. İkinci ehtimal da mümkündür: laçından yalnız başqa quşları ovlamaq üçün istifadə olunub. Belə quşa el arasında ley deyirlər. Laçın (leyçin) “quş ovlayan quş” kimi də başa düşülə bilər. Bu daha inandırıcı variantdır.

M.Cümə yazır: “Cunday quşu laçınnan haçan bərabər gələ?” Çex dilində “laçın” anlamını ifadə edən söz ayıq-sayıq (трезвый) “ayıq” mənasını verir. (Bəşir Əhmədov. Etimologiya lüğəti)

“Laçın” adı coğrafi, tarixi və ədəbi mənbələrdə rast gəlinir. “Laçın” toponimi bir oronim, yəni dağ adı kimi məlumdur. Lakin bu toponim həm də özünə bir oykonim şəklində bir növ vətəndaşlıq hüququ qazanmışdır. Çünki çoxlu sayda Laçın adlı kəndlər də var. Məsələn, Şuşada Laçınlar, Kəlbəcər rayonunda Laçın adlı kəndlər, Kəlbəcər rayonundakı Laçınqaya qalası və s.

Məşhur hind şairi Əmir Xosrov Dəhləvinin həyatından bəhs edən mənbələrdə onun atasının soyadında “Laçın” sözü diqqəti cəlb edir. Onun adı belədir: Əmir Mahmud Şəms Laçın. Tarixi mənbələrdən aydın olur ki, onun ata-babası Hindistana Orta Asiyanın işğalı ilə əlaqədar gəlmişlər. O zaman “Laçın” türk tayfası Türkmənistanın cənubunda Kopet dağında məskunlaşmışdılar.

Hindistanda yaşayıb-yaratmış, dövrünün ən böyük şairi Əmir Xosrov Dəhləvinin adında tayfasının adı göstərilmişdir.

Qeyd edək ki, “Laçın” türk tayfası XIII əsrin əvvəllərində Türkmənistanın cənubundakı ərazilərdə yaşayıblar. Monqolların hücumu zamanı Laçın tayfalarının bir hissəsi Azərbaycana köçüblər. Onlar Qarabağın yuxarı bölgəsində Xaçın məlikliyində, Xəlfəlidə, eləcə də Qarqarçay, Həkəri hövzələri yaxınlığında məskən salıblar. “Laçın” türk tayfasının bir hissəsi isə Hindistanda sığınacaq tapmışdır.

Orta əsrlərdə Azərbaycanda Laçın qalası və Laçın şəhəri də olmuşdur. Qarabağda Laçın qalasının olmasını Kirakos Gəncəli qeyd etmişdir. O, yazır ki, Laçın Həsən Cəlalın qalalarından biri idi. Azərbaycanda orta əsrlərdə Laçın adlı şəhər də olmuşdur ki, bu şəhərdə pul kəsilirdi. Bu şəhər Çobani xanlarının zamanında daha da şöhrətlənmişdi.

Laçın rayonu ərazisində memarlıq abidələrindən – alban məbədi (V əsr), türbələr (XIV, XIX əsrlər), qala (XVII əsr), məscid (1718-ci il), saray (1716-cı il) və s. qeydə alınmışdır.

Burda Mirik kəndi ərazisindəki “Qaranlıq kaha”, “Bayqara” mağaraları, Hoçaz kəndindəki mağara məbədi yerləşir.

Ərazidə IX- XVII əsrlərə aid Ağoğlan qəsri, Dəmrovlu Pir Məbədi, Məlik-Əjdər türbəsi, Uşaq qalası, Kar kümbəz və X-XIX əsrlərə aid birtağlı və ikitağlı körpülər, eləcə də çoxsaylı su dəyirmanları var.

Laçının tarixi abidələri

Ağoğlan məbədi

Ağoğlan məbədi Laçın-Minkənd şose yolunun 30-cu kilometrliyində, Həkəri çayının sağ sahilində, Kosalar kəndinin yaxınlığında 2 hektarlıq ərazidə yerləşir. Ağoğlan məbədi V-VI əsrlərə aid alban monastırıdır. Abidə müxtəlif dövrlərdə uçqun və dağıntılara məruz qaldığından IX əsrdə bu abidə yenidən inşa edilərək forma etibarı ilə kilsə üslubuna – monastıra uyğunlaşdırılıb.

Bu abidə təmir edilərkən özünün ilk bünövrələri olduğu kimi saxlanmış, köhnə divarlar üzərində yeni divarlar tikilmişdir. Bərpadan sonra Ağoğlan məbədi Azərbaycan tarixinin alban dövrü memarlığının ən möhtəşəm abidələrindən birinə çevrilmişdir. Ağoğlan məbədinin uzunluğu 25, eni isə 12,5 metrdir. Kvadrat formalı səkkiz dayaq sütununun – pilonların iki sırası binanın daxili məkanını üç hissəyə bölür.

Abidə 1992-ci il may ayının 18-dən 2020-ci il dekabr ayının 1-dək Ermənistan silahlı qüvvələrinin işğalı altında olmuşdur. İşğal müddətində ermənilər qeyri-qanuni olaraq Ağoğlan monastırının memarlıq quruluşunda və interyerində dəyişikliklər edib, abidənin divarları üzərində olan bir neçə daş yazıları, eləcə də alban dövrünə məxsus xeyli sayda ornament və simvolları tamamilə silib, onlardan bir çoxunun isə formalarını dəyişdirərək tanınmaz hala salıblar.

2006-cı ildə ermənilər bu abidəni ikinci dəfə təmir etdirmək bəhanəsi ilə abidənin divarlarının müxtəlif yerlərinə bu abidənin erməni Qriqorian dininə məxsusluğunu göstərən 26 yazı lövhəsi yerləşdirdilər. Kompleksin həyətinə sağ tərəfdən giriş qapısının yaxınlığına cərgə ilə 2 məzar daşı və kompleksin ümumi giriş qapısının önündə İrəvandan qırmızı bazalt daşdan yonulub gətirilmiş 2 ədəd xaç daşı basdırıblar. İşğaldan sonra ermənilər bu məbədi “Cicernavank” adlandırıblar.

Cicimli kəndinin türbələri

Laçın rayonunun Cicimli kəndi yaxınlığında geniş məzarlıq içərisində iki türbə yanaşı ucalır. Onlardan tarixən qədim olan Məlik Əjdər türbəsinin içərisi dairəvi, bayır tərəfdən isə səkkizbucaqlı formadadır.

Türbəyə düzbucaqlı aşırımı olan giriş qapısı korpusun şimal üzündə yerləşir. Qapı gözünün üstü sivri tağ forması verilmiş bütöv bir arxitrav daş ilə örtülmüşdür. Onun haşiyəsi içərisində yonma atlı fiqurun izləri müşahidə olunur. Abidənin bir sıra detalları Qubadlının Dəmirçilər kəndindəki türbələrdə işlədilmiş detallarla eynidir. Üstündə inşaat kitabəsi və naxışlı səthlər yoxdur. Araşdırıcılar Cicimli türbəsinin XII—XIII əsrlərdə tikildiyini ehtimal edirlər. Bu abidənin XIII əsrin sonlarında — Elxanilər çağında inşa edildiyi daha inandırıcı görünür.

El arasında “Kar günbəz” adlanan ikinci Cicimli türbəsi içəridən xaçvarı, bayır tərəfdən isə kvadrat şəkillidir. Bu abidənin XVII əsrdə inşa edildiyi ehtimal olunur.

Həmzə Soltan sarayı

Saray Laçın rayonunun Hüsülü kəndində yerləşir. Sarayın tikilmə tarixi 1761-ci ilə ehtimal edilir. Sarayın ümumi mənzərəsindən aydın olur ki, qəsrin hündür qülləsi olub. Qəsrin cənub tərəfinin küncündə giriş qapısı var idi. Gözəl tağlı tavanları qalın yan divarlara bərkidilən saray ikimərtəbəlidir. Saray geniş və böyük zala xeyli sayda yardımçı otaqlara və divanxanaya malikdir. Sarayın qapı və pəncərələri incə işləmələrlə qoz ağacından hazırlanıb. Binanın tikintisində şərq memarlıq ənənələrindən geniş istifadə edilib.

Ehtimala görə burada sultanlıq 1700-cü ildə yaranıb və Zəngəzur vilayətinin böyük bir hissəsini idarə edib. Saray binası yerli daşlardan və gəc-əhəng qatışığından inşa edilib. İşğaldan sonra bu kəndin adını dəyişdirərək Melikatun adlandırmışlar. İşğal illəri ərzində ermənilər “Həmzə Soltan” sarayını təmir edərək turistlərin qonaq evi (hotel) kimi istifadə edirmişlər. 1 dekabr 2020-ci ildə kənd işğaldan azad edilmişdir.

Laçın Tarix və Diyarşünaslıq Muzeyi

Laçın Tarix və Diyarşünaslıq Muzeyi 1974-ci ildən 1992-ci ilin may ayına qədər fəaliyyət göstərmişdir. Bu muzey yüksək bədii və tarixi səciyyə daşıyan eksponatlarla zəngin olan ən əhəmiyyətli muzeylərdən biri idi.

Muzeyin yerləşdiyi bina tarix və mədəniyyət abidəsi kimi qiymətləndirilirdi. Muzeyin ümumi sahəsi 1200 kv/metrdən çox idi. Muzey 24 otaqdan, 1 nümayiş salonundan və 72 kv/metrlik bir fonddan ibarət idi. Muzeyin həyətində müxtəlif əsrlərdə hazırlanmış plastik sənət nümunələri, süjetli oymalar, at və qoç heykəlləri və bir çox məişət əşyaları açıq havada nümayiş etdirilirdi. 1983-cü ildən 1992-ci ilə qədər muzeydə geniş şəkildə ekspozisiyalar təşkil olunurdu.

Muzeyin əsas fondunda 5 mindən artıq eksponat toplanmışdı. Yardımçı fondla birlikdə muzeydə ümumilikdə 10 minə yaxın əşya olmuşdur. 1989-cu ildə Laçın Tarix-Diyarşünaslıq Muzeyi Ümumittifaq muzeylərə baxış müsabiqəsində qalib seçilmişdi. 1992-ci ilin may ayında Laçın rayonu işğal olunarkən muzeyin eksponatlarını çıxarmaq mümkün olmamışdır.

Muzey kompleksi erməni vandalları tərəfindən tamamilə dağıdılaraq yerlə yeksan edilmişdi. 26 avqust 2022-ci ildə Laçın şəhəri Azərbaycana təhvil verilmişdir.

Sarı Aşığın xatirə muzeyi

1988-ci ildə Laçın rayonunun Güləbird kəndində XVII əsrdə yaşamış bayatı ustadı Sarı Aşığın xatirə muzeyi istifadəyə verilmişdi. Xatirə-muzeyinə Sarı Aşıqla bağlı 150 əşya bağışlanılmış və abidəsi ucaldımışdı.

1992-ci ildə Ermənistan Silahlı Qüvvələri tərəfindən Laçın rayonunun işğal edilməsi nəticəsində muzeyin binası və 200-ə yaxın eksponatı məhv edilmiş və talan olunmuşdu. 1 dekabr 2020-ci ildə kənd işğaldan azad edilmişdir

Tarixi-dini abidələri

Məscid (1718-ci il) – Qarqışlaq kəndi (İNV № 4733)

Məbəd (XVII əsr) – Piçənis kəndi (İNV № 4737)

Məscid – Piçənis kəndi (İNV № 4736)

Məscid – Piçənis kəndi (İNV № 4738)

Məbəd (XII əsr) – Qorçu kəndi (İNV № 4739)

Məbəd (X əsr) – Aşağı Fərəcan kəndi (İNV № 4740)

Məbəd (XV əsr) – Şalva kəndi (İNV № 4741)

Məbəd (XV əsr) – Əhmədli kəndi (İNV № 4742)

Məbəd (XV əsr) – Minkənd kəndi (İNV № 4745)

Məbəd (XV əsr) – Minkənd kəndi (İNV № 4746)

Məbəd (XV əsr) – Mirik kəndi (İNV № 4758)

Məbəd (XIX əsr) – Sonasar kəndi (İNV № 4762)

Məbəd (XVII əsr) – Sadınlar kəndi (İNV № 4764)

Məbəd (XVII əsr) – Hoçaz kəndi (İNV № 4724)

Mağara məbədi (V əsr) – Hoçaz kəndi (İNV № 4764)

Düzbucaqlı məscid-mədrəsə (1790-1791) – Cicimli kəndi

Ziyarətgahlar

Məlik Əjdər türbəsi (XIV əsr) – Cicimli kəndi (İNV № 311)

Türbə (XVII-XVIII əsrlər) – Cicimli kəndi (İNV № 312)

Sultan Baba piri (XIX əsr) – Zeyvə kəndi (İNV № 4764)

Türbə – Güləbird kəndi (İNV № 4726)

“Ağbaxt xeyir” türbəsi – Əhmədli kəndi (İNV № 4743)

Soltanbaba türbəsi (XIX əsr) – Zeyvə kəndi (İNV № 4729)

Şeyx Əhməd türbəsi (XIX əsr) – Zeyvə kəndi (İNV № 4730)

Türbə (XIX əsr) – Zeyvə kəndi (İNV № 4731)

Dəmirovlu Pir məbədi – Qarıqışlaq kəndi (İNV № 4730)

“Aşığ” qəbiristanlığı (orta əsrlər) – Mezmazak kəndi (İNV № 5923)

Qəbiristan (orta əsrlər) – Abdallar kəndi (İNV № 5924)

Araxışda türbəsi (XVI əsr) – Ərikli kəndi

Qarasaqqal türbəsi (XVI əsr) – Ərikli kəndi

Xəlifə türbəsi (XVII əsr) – Malxələf kəndi

Türbə (XIX əsr) – Zeyvə kəndi

Ağa Baba piri – Seyidlər kəndi

Əli bulağı piri – Hocaz kəndi

Xəlif piri – Məlikpaya kəndi

Seyid Kərimin ocağı – Farraş kəndi

Yer daş piri – Qarakeşiş kəndi

Xəlifə qəbri ziyarətgahı – Malıbəy kəndi

Alı Xəlifə ocağı – Böyük Seyidlər kəndi

Seyid Hüseyn ağa ziyarətgahı – Böyük Seyidlər kəndi

Güllü qəbir piri – Böyük Seyidlər kəndi

Tarixi memarlıq abidələri

Körpü (X əsr) – Aşağı Fərəcan kəndi (İNV № 4740)

Qala (XV əsr) – Mirik kəndi (İNV № 4757)

Daş qutusu (Dəmir dövrü) – Abdallar kəndi (İNV № 1457)

Kurqan (Dəmir dövrü) – Cicimli kəndi (“Qızqəbri” kurqanından 200-280 m aralı) (İNV № 1458)

“Qızqəbri” kurqanı (dəmir dövrü) – Cicimli kəndi (İNV № 1459)

Kurqan (Dəmir dövrü) – Cicimli kəndi (İNV № 1460)

Kurqan (Tunc dövrü) – Ziyrik kəndi (İNV № 1461)

Kurqan (Dəmir dövrü) – Qoçaz kəndi (İNV № 1462)

Kurqan (Dəmir dövrü) – Güləbird kəndi (İNV № 1463)

Üzərində ərəb yazıları olan daş at fiquru (XVI əsr) – Malıbəy kəndi (İNV № 6171)

Üzərində ərəb yazıları olan daş at fiquru (XVI əsr) – Malıbəy kəndi (İNV № 6172)

Daş at fiquru – Malıbəy kəndi (İNV № 6173)

Üzərində ərəb yazıları olan daş at fiquru (XVII əsr) – Güləbird kəndi (İNV № 6174)

Daş at fiquru – Güləbird kəndi (İNV № 6175)

Üzərində ərəb yazıları olan daş at fiquru – Güləbird kəndi (İNV № 6176)

Daş qoyun fiquru – Küsülü kəndi (İNV № 6177)

Daş qoyun fiquru (XVII əsr) – Keçmiş Xallanlı kəndi (İNV № 6178)

Daş at fiquru – Keçmiş Xallanlı kəndi (İNV № 6179)

Kafir-qala (XVII əsr) – Zeyvə kəndi (İNV № 4732)

Birtağlı körpü (XIX əsr) – Minkənd kəndi (İNV № 4748)

İkitağlı körpü (XIX əsr) – Minkənd kəndi (İNV № 4747)

Birtağlı körpü (XIX əsr) – Zabux kəndi (İNV № 4754)

Soltan Əhməd sarayı (XIV əsr) – Soltanlar kəndi (İNV № 4728)

Həmzə Soltan sarayı (1761-ci il) – Hüsulu kəndi (İNV № 4727)

Sarı Aşığın ev muzeyi – Güləbird kəndi (İNV № 5670)

Laçın Tarix-diyarşünaslıq Muzeyi – Laçın şəhəri

Milli Kimlik Araşdırmaları Qrupunun üzvü Kənan Rövşənoğlu

Comments are closed.