Xalq qəhrəmanı Qaçaq Nəbi və Həcərin kötücəsi Həcər Əkbərovanın müsahibəsindən
– Həcər xanım, bu günə qədər hər kəs Qaçaq Nəbi və Həcərin övladının olmadığını bilirdi. Lakin son bir neçə ildə onların övladlarının olması, şəcərənin davam etməsi barədə xəbərlər yayılıb. Siz də Həcərin qızı Zeynəbin nəticəsi olduğunuzu deyirsiniz. Bir az bu barədə danışardınız.
– Hamı, Qubadlı əhalisi, elə biz özümüz də indiyə kimi elə bilirdi ki, Nəbi ilə Həcərin övladı olmayıb.
Sonradan Türkiyədə Mehmet Elturan adlı bir qan qohumumuz meydana çıxır, araşdırma aparır və öyrənir ki, Qaçaq Nəbi ilə Həcərin övladları olub: Əhməd, Xəlil və Zeynəb.
Sadəcə olaraq, Nəbi öldürüldükdən sonra onun düşmənləri uşaqlarını axtarmağa başlayır. Həcər irs daşıyıcıları olan oğlanlarını qohumlarının vasitəsi ilə Ağrı dağdan Qarsa adladır. Onları ovaxtkı çar hökuməti izləyir, öldürmək, həbs etməyə çalışırlar.
– Demək, uşaqları o qədər də azyaşlı olmayıb…
– Elədir. Oğlanları böyük olub. Hətta Xəlil əlinə tüfəng alan yaşda imiş. Zeynəb azyaşlı olduğu üçün anasının yanında qalır. Həcər də sonradan Zeynəbi qorumaq üçün qohumu Həmzə ilə ailə qurur. O vaxt qadının, üstəlik, düşməni olan qadının dul qalması qəbul olunmurdu. O, mütləq kiminləsə ailə qurmalı idi. Ona görə də Həcər kənd camaatını yığır, deyir, mənim Nəbiyə sadiq olduğumu bilirlər, amma mən adıma düşmən tərəfdən ləkə yaxılmasın deyə ailə qurmağa məcburam, ancaq mən mənə bacı deyən adama ərə gedəcəm.
İlləri hesablasaq, Həcər Həmzə ilə evlənəndə yaşlı olub və dünyaya uşaq gətirmək imkanı olmayıb. Onu da deyim ki, Həcər Nəbidən sonra cəmi bir dəfə ərdə olub. Mənim atamın atası, yəni babam Əliş kişi Zeynəbin oğludur. Babamın doğum tarixi ilə Əhməd və Xəlilin uşaqlarının doğum tarixi eynidir. Yəni, Zeynəblə qardaşlarının doğum tarixi arasında elə böyük fərq yoxdur.
– Bəs sizcə Nəbinin Həcərdən uşağı olmayıb fikri hardan yaranıb?
– Deyim sizə. Bu məsələ sənədlər ortalığa çıxmayana kimi bilinmirdi. Sənədlər indiyə kimi Türkiyənin Qars Universitetində professor Sədaqət hoca tərəfindən saxlanılırdı. Mehmet bəy həmin sənədləri ona notarius vasitəsi ilə vermişdi, özü isə Avstraliyada yaşayırdı.
O da düşünür ki, nə zamansa, dünyadan köçə bilər, ona görə, bu məsələnin araşdırılmasında bir azərbaycanlı olsun. Mehmet bəy bir dəfə Azərbaycana müraciət edib, Zeynəb nənəmi axtarıb. Burdan ona bildiriblər ki, Zeynəb adlı adam yoxdur. O da fikirləşib, yəqin, o vaxtı Zeynəb ermənilər tərəfindən öldürülüb. Beləcə, bir müddət bu söhbət unudulub.
2018-ci ildə Sədaqət hoca özü Bakıya gəlib mənimlə görüşdü və həmin sənədləri Mehmet bəyin tapşırığına əsasən mənə təqdim etdi. Həmin sənəd ən etibarlı sənəddir. Çünki orada Əhmədin, Xəlilin və Zeynəbin atası Nəbi, anası isə Həcərdir. Mənim atam Qubadlının işğaldan azad olunma xəbərini eşidəndən bir müddət sonra rəhmətə getdi.
O, rəhmətə getməzdən əvvəl Mehmet bəy ilə söhbət edəndə deyirdi ki, onun enerjisi məni uzaqdan özünə cəlb edir, çünki o, eynilə atamın atasına oxşayır. Yəni qan çəkmək məsələsi. Beləliklə, biz Nəbinin oğlu Əhmədin Türkiyədə olan ailəsini, oğlanlarını tapdıq.
– Əhmədlə Xəlil bir yerdə Türkiyəyə gedirlərsə, niyə ayrı düşürlər?
– O vaxtı Xəlil də Türkiyədə ailə qurur, qardaşı ilə bir-birinə qız alıb verirlər. Təzədən qohum olurlar ki, nəsil itməsin. Ancaq sonradan o, Xəlil İranın Maku şəhərinə köçür. Əhməd Türkiyədə qalır. Əhmədin Mehralı adlı oğlu varmış. Mehmet Elturan Mehralının oğludur. Xəlilin oğlu Ziyadın isə Bəhram adlı oğlu olur.
– Zeynəbin törəmələri kimlərdi?
– Zeynəb burada Əlabbas adlı bir oğlanla ailə qurur. Onun oğlu dünyaya gəlir – mənim babam Əliş. Beləliklə, babam Nəbi ilə Həcərin nəvəsi, atam nəticəsi, mən və bacı-qardaşım isə kötücələri sayılırıq. Bir maraqlı fakt da deyim. Xəlil bacısının həsrətini çox çəkdiyi üçün sonradan doğulan qızının adını Zeynəb qoyub.
– Həcər xanım, bir çox mənbələrə görə guya Həcər erməni ilə ailə qurub. Bu haqda nə bilirsiniz?
– Mən balaca olandan bu söz-söhbətləri eşitmişəm. Hətta, yadıma gəlir, rəhmətlik atam o barədə yazan jurnalisti tapmış, məhkəməyə vermişdi. Çox uzun proses getdi. Sonralar bu məsələnin kökünü araşdıranda məlum olmuşdu ki, bu məsələ Gürcüstanda hansısa bir erməni soyadlı jurnalistin çıxartdığı söz-söhbətdir. Ordan da bu məlumat Azərbaycana ötürülüb. Bu barədə heç bir yerdə fakt yoxdur. Bu, həm də ona görə mümkünsüzdür ki, ermənilər Nəbidən çox Həcərdən qorxublar. Qorxduqları qadınla necə evlənə bilərdilər?
– Nəbinin qəbri hardadır?
– Əhmədin törəmələrindən məlumat əldə edə bilməmişik, amma Xəlilin törəmələrinin dediyinə görə, onun məzarı İranda – Lorni adlanan yerdədir. Həcərin məzarı isə Qubadlının Aşağı Mollu kəndindədir.
– Həcəri necə təsvir edirlər?
– “Atları yəhərləyin” filmində fikir vermisinizsə, Nəbi arabaya əyləşəndə başına papaq qoyur. Nəbini öz kəndçiləri belə tanımır. Çünki Nəbi də, Həcər də camaat arasında çox az olub. Onlar əsasən Zəngəzur dağlarında, Naxçıvanda, Ordubadda, Təbrizdə yaşayırdılar. Döyüşən insanlar idilər. Dağlara çəkilirdilər. İndi hərdən mənə Qarsdan, Təbrizdən, Naxçıvandan yazırlar, deyirlər, bizim babalarımızı, əmilərimizi zamanında Nəbi ölümdən xilas edib, ona görə, bugünkü gündə bizim kəndlərimizdəki adamlar artıb, çoxalıb. Nəbini bu gün də insanlar çox sevir.
– Həcərin nədən rəhmətə getməsi bilinir?
– O vaxtı Qubadlıda vəba xəstəliyi yayılıb. Həcər də vəba xəstəliyinə yoluxub və ondan rəhmətə gedib. O dövrdə nəinki Həcər, Qubadlıda çox adam vəbadan vəfat edib.
– Bəs sizcə o, əlisilahlı, əhatəsində kişilər, üç uşaqla dağlarda necə yaşayırmış?
– Həcər və Nəbi ilə bağlı faktları yalnız onlarla silahdaş olan adamlar biliblər. Nəbi öldürüləndən sonra onun silahdaşlarının da bəzilərini öldürüblər. Həcərin yanında Gülər adlı qadın varmış. Onun bacısı qızı Həcər haqqında məlumatlı imiş. O, deyirmiş, mənim xalam Həcərlə çiyin-çiyinə döyüşüb. Deyirmiş, Həcər varlı, Nəbi kasıb ailənin övladı idi.
Həcərin atası rəhmətə gedəndən sonra onlar ailə qurublar. Nəbi Həcəri qaçırdıb. Bəlkə də varlı qızını qaçırdığı üçün filmdəki kimi onun toyuna gəlməyiblər. O xanımın dediyinə görə Nəbi döyüşlərə Həcəri aparmaq istəmirmiş, Həcər deyirmiş, sən hardasan, mən də orda olacam.
Comments are closed.