13 oktyabr (köhnə təqvimlə 1 oktyabr) həm də İrəvan qalasının Rusiya tərəfindən işğalı və şəhərdə Azərbaycan hakimiyyətinin rəsmən başa çatdığı tarixdir.

General Yermolovun rəhbərlik etdiyi rus ordusu Hüseynqulu xan Qacar və qardaşı Həsən xanın rəhbərlik etdiyi qüvvələrin müqavimətini qıraraq qədim Azərbaycan şəhərini ələ keçirdi. Bundan sonra şəhərdə rus hakimiyyəti quruldu və 90 il sonra isə İrəvan ermənilərin qurduğu dövlətin paytaxtı oldu.

İrəvan xanlığının tarixi

Səfəvi dövləti zamanında İrəvan Çuxursəd bəylərbəyiliyinin ərazisində yerləşirdi. Lakin İrəvan xanlığı Çuxursəd bəylərbəyiliyinin bütün ərazisini əhatə etmirdi. Çuxursəd bəylərbəyiliyinin ərazisinə Naxçıvan və Maku xanlıqları da daxil idi. Çuxursəd Arpaçayın Arazla qovuşduğu yerdən Naxçıvan və Arazın sağ sahilində yerləşməklə Ağrıdağa qədər əraziləri əhatə edirdi.

Qaraqoyunlu dövləti zamanı Çuxursəd bəylərbəyiliyi sədli tayfasının nəzarəti altında idi. Sədli tayfası öz adını XIV əsrdə tayfa başçısı olan Əmir Səədin adından götürmüşdür. Əmir Səədin hakimiyyəti altında birləşmiş Azərbaycan-türk tayfaları XIV əsrin sonlarından başlayaraq Sədli adlandı.

Elə bu dövrdən də Şimal-Qərbi Azərbaycanın Arazyanı Sürməli vadisindəki ərazisi (indiki Ermənistan Respublikasının Yerashadzor kəndi və onun ətrafı) Çuxursəd adlanmağa başladı.
Səfəvi dövlətinin mövcud olduğu dövrdə Çuxursəd bəylərbəyiliyini şahının təyin etdiyi ustaclı və rumlu tayfalarının nümayəndələri idarə edirdi.
1747-ci ildə Nadir şahın qətlindən sonra Azərbaycanda iyirmi xanlıq meydana gəldi. Onlardan biri İrəvan xanlığı idi.

İrəvan xanlığı Ağrıdağ düzənliyinin Göyçə gölü hövzəsi və Araz çayından cənub – qərbə doğru uzanan ərazini əhatə edirdi. Azərbaycanın şimal – qərbində yerləşən bu xanlıq paytaxt İrəvan şəhəri olmaqla inzibati cəhətdən naiblərin idarə etdiyi 15 mahala bölünürdü (Qırxbulaq, Zəngibasar, Gərnibasar, Vedibasar, Şərur, Sürməli, Dərəkənd, Saatlı, Talin, Seyidli- Axsaxlı, Sərdarabad, Karpi, Abaran, Dərəçiçək, Göyçə).

Xanlıq əhalisinin böyük əksəriyyətini azərbaycanlılar təşkil edirdi. İrəvan şəhəri əhalisinin yalnız dörddə biri ermənilər idi. Xanlığın ərazisində erməni dini mərkəzi “Üçmüəzzin” (“Eçmiədzin”), “Üçkilsə” yerləşirdi, kilsənin başçısı katolikos
İrəvan xanı tərəfindən təyin olunurdu.
Qeyd edək ki, erməni katalikosluğunun mərkəzi əvvəllər Kilikiyada yerləşirdi. 1441-ci ildə Qaraqoyunlu hökmdarı Cahanşahın razılığı ilə ermənilərin dini mərkəzi Kilikiyadan Üçkilsə yaxınlığına köçürüldü.

Bu vaxtdan Azərbaycanın Çuxursəd diyarında yerləşən Üçkilsə bütün ermənilərin dini mərkəzinə çevrildi. Qaraqoyunlulardan sonra Ağqoyunlulara sığınan Üçkilsə katolikoslarının mövqeyi daha da möhkəmləndi. Beləliklə, Azərbaycan ərazisində Çuxursəd diyarında Azərbaycan Qaraqoyunlu, Ağqoyunlu hökmdarlarının icazəsi ilə erməni kilsələri tikildi.
Yalnız bundan sonra ermənilər İrəvan və ətraflarına köç etmək hüququ qazanmışlar, lakin tarixin XX əsrə qədərki heç bir dönəmində bölgədə dominantlıq qazana bilmədilər.
XVIII əsrin ikinci yarısında Azərbaycanda mövcud olan başqa xanlıqlar kimi, İrəvan xanlığının da siyasi tarixi ardı-arası kəsilməyən feodal vuruşmaları, qanlı saray çevrilişləri və yadelli işğalçılara qarşı mübarizə ilə bağlıdır.

Bu isə minlərlə əhalinin məhv olunmasına, şəhər və kəndlərin dağıdılmasına, istehsal qüvvələrinin zəifləməsinə və istehsalın aşağı düşməsinə gətirib çıxarırdı. Lakin bununla belə, mütəxəssislərin fikrincə, XVIII əsrin ikinci yarısında Azərbaycanda dövrün birinci yarısına nisbətən müəyyən təsərrüfat canlanması nəzərə çarpırdı. Azərbaycanın başqa xanlıqlarında olduğu kimi, İrəvan xanlığında da bu nisbi canlanma müşahidə olunurdu.

İrəvan xanlığı 1747-1797 –ci illərdə müstəqil dövlət olmuş, 1797 – 1828-ci illərdə burada Qacar dövlətinin hakimiyyəti bərpa olunmuşdu. Dövlətin başçısı xan idi; xandan sonra vəzir (yaxud baş mirzə), müxtəlif vəzifə daşıyan bəylər (divan bəyləri, sərkərdələr, əmirlər və s.) gəlirdi. Qoşuna xan özü başçılıq edirdi.
Əhalisi, əsasən azərbaycanlılardan, qismən erməni və kürdlərdən ibarət idi; əkinçilik, bağçılıq, tərəvəzçilik və maldarlıqla məşğul olurdular.
İrəvan şəhərində daimi yaşayan əhalinin tamamilə Azərbaycan türklərindən ibarət olmasını ilk mənbələr də təsdiq edir. Məsələn, XVII əsr fransız səyyahı Şarden İrəvanda olarkən (1673) Səfiqulu xan Çuxursəd bəylərbəyi və İrəvan hakimi idi. Şarden onun incəsənəti və elmi sevdiyini, hamının ona hörmət etdiyini göstərir.
Səyyahın məlumatına görə, “…İrəvan qalası təxminən səkkiz yüz evdən ibarətdir. Orada ancaq təmizqanlı qızılbaşlar (yəni Azərbaycan türkləri) yaşayırlar”.
Bununla yanaşı, digər avropalı səyyah — 1700-cü ilin yazında İrəvanda olmuş alman səyyahı Kaspari Şillinger də təsdiq edir ki, İrəvan şəhərində sayca və siyasi cəhətdən Azərbaycan türkləri tam üstünlük təşkil edirdi. O yazır:

“İrəvan şəhərinin daxilində (yəni şəhərin qala divarları içərisində) yalnız iranlılar (Azərbaycan türkləri), şəhərin nisbətən iri qəsəbəsində (görünür, Üçkilsədə) və müxtəlif yerlərdə kilsəyə xidmət üçün erməni tacir və sənətkarları yaşayır. Onlar iranlılara (Azərbaycan türklərinə) vergi verirlər”.

“Qədim İrəvan” kitabında İrəvan əhalisindən bəhs edən Y.Şahəziz 1673-cü ildə İrəvanda olan fransız səyyahı Şardenin İrəvan qalasında yaşayan əhali haqda məlumatını bir daha təsdiq edir və daha maraqlı bir məqama toxunur. O yazır ki, ermənilərin orada (İrəvan şəhərində) yalnız dükanları var idi, onlar orada gündüzlər alver edir, axşamlar isə dükanlarını bağlayıb evlərinə gedirdilər.

İrəvan xanlığında dövlət (divan), xalisə (xana və ailə üzvlərinə məxsus), mülk, vəqf və camaat torpaq mülkiyyəti formaları mövcud idi. Kəndlilər onlarca vergi verir və müxtəlif mükəlləfiyyətlər daşıyırdılar.

Azərbaycan dövləti olan İrəvan xanlığını Azərbaycanın dövlət idarəçiliyi tarixində mühüm rol oynamış məşhur Qacarlar adlanan türk sülaləsindən olan xanlar idarə etmişlər. Xanlığın bütün idarəçilik sistemi, ictimai, siyasi, mədəni və təsərrüfat həyatı, burada yaşayan əhalinin məişət mədəniyyəti Azərbaycanın min illər boyunca davam etmiş ümumi tarixi inkişaf sisteminin ayrılmaz tərkib hissəsi idi. İrəvan xanlığı öz inkişaf xüsusiyyətlərinə görə həmin dövrdə mövcud olmuş digər Azərbaycan xanlıqlarından heç nə ilə fərqlənmirdi.

İrəvan xanlığının ərazisində, tarix boyu, Azərbaycan xalqına məxsus çoxsaylı yaşayış məskənləri — kəndlər, şəhərlər salınmış, minlərlə tarixi abidələr qalalar, məscidlər, minarələr ucaldılmış, karvansaralar, hamamlar inşa olunmuşdu. Bölgədəki bütün yer adları — toponimlər Azərbaycan xalqına məxsus idi. Bu inkarolunmaz həqiqəti hətta erməni mənbələri də təsdiq edir. Xanlığın ərazisində saysız-hesabsız qədim oğuz-türk qəbiristanlıqları və bu qəbiristanlıqlarda Azərbaycan xalqına məxsus külli miqdarda qoç heykəlləri, qəbirüstü abidələr vardı. Bütün bunlar Azərbaycan xalqının maddi mədəniyyət möhürləri idi…
Rus işğalı

İrəvan xanlığı çar Rusiyasının işğalçılıq planlarında xüsusi əhəmiyyətə malik idi. XIX əsrin əvvəllərindən etibarən Cənubi Qafqaz Rusiya və Qacarlar dövləti arasında hərbi əməliyyatlar meydanına çevrildi. 1804-1813 və 1826-1828-ci illəri əhatə edən iki mərhələdən ibarət müharibə İrəvan xanlığı üçün faciəvi sonluqla başa çatdı.
Çar Rusiyası qüvvələri hələ ilk müharibə dövründə İrəvan üzərinə hücuma keçsə də, rus orduları Üçkilsə və Qəmərli yaxınlığında məğlubiyyətə uğrayaraq, geri çəkilməyə məcbur olmuşdu.

1826-1828-ci illərin hərbi kompaniyasında İrəvan xanlığına diqqət daha da artırılmış, çar I Nikolay Qafqaz qoşunları komandanı general Yermolova İrəvan xanlığını işğal etməklə bağlı xüsusi tapşırıq vermişdir. İrəvan qalasını “İrəvan sərdarı” Hüseynqulu xan Qacar və qardaşı Həsən xan müdafiə edirdi. Uzunmüddətli mübarizəyə baxmayaraq, çar qoşunları 1827-ci il oktyabrın 13-də İrəvan xanlığını işğal etdilər.
1828-ci il 10 fevralda II Rus-Qacar müharibəsini sonlandıran Türkmənçay müqaviləsi imzalandı.

Müqavilənin üçüncü maddəsində İrəvan və Naxçıvan xanlıqlarının Rusiyaya ilhaqı təsdiqlənirdi. Çar hökuməti bu tarixi Azərbaycan torpaqlarının ilhaqından sonra I Nikolayın 1828-ci il 21 mart tarixli fərmanı ilə onların əsasında ― Erməni vilayəti yaradıldı.

Çavçavadze həmin vilayətə rəis təyin edildi. Beləliklə, tarixi Azərbaycan torpaqlarında “Erməni vilayəti” yaradılmış, gürcü isə ona rəis təyin edilmişdir. Erməni vilayəti adlandırılan qurum 1840-cı ildə ləğv edilmişdir. 1849- cu ildə keçmiş İrəvan və Naxçıvan torpaqları əsasında İrəvan quberniyası təşkil olunmuşdu.

İrəvan xanlığının işğalını həyata keçirmiş rus generalı Paskeviç, hətta ermənilərin köçürülüb gəlirilməsindən sonra belə, İrəvan bölgəsi əhalisinin dörddə üç hissəsinin Azərbaycan türkləri olduğunu etiraf edirdi.

Tanınmış rus tədqiqatçısı N.Şavrov ermənilərin Cənubi Qafqaza köçürülməsi prosesini və köçürülüb gətirilmiş ermənilərin sayını araşdırdıqdan sonra 1911-ci ildə yazırdı. “Hazırda Cənubi Qafqazda yaşayan 1 milyon 300 min erməninin 1 milyondan çoxu bu diyarın yerli əhalisi deyil. Onları bura biz (yəni ruslar) köçürüb gətirmişik”.

Azərbaycan xalqının qədim dövlətçilik ənənələrini və müstəqillik şüurunu məhv etmək üçün 1840-cı ildə daha bir addım atıldı:

“Erməni vilayəti” ləğv edildi və onun ərazisində bir neçə qəza yaradıldı: İrəvan, Yeni Bayazid, Gümrü, Sürməli və s.
1849-cu ildə isə həmin Azərbaycan torpaqlarmda yeni inzibati-ərazi vahidi – İrəvan quberniyası yaradıldı. İrəvan quberniyasının yaradılması, əslində, Qərbi Azərbaycan ərazisində ermənilər üçün dövlət yaradılması yolunda növbəti addım idi.

Bundan sonra ermənilərin İran və Türkiyədən İrəvan quberniyası ərazisinə, həmçinin digər Azərbaycan torpaqlarına köçürülməsi prosesi daha da sürətləndirildi. Bu proses İrəvanın 1918-ci ildə yaradılan erməni dövlətinin paytaxtı olması ilə nəticələndi.

Milli Kimlik qrupunun üzvü Kənan Rövşənoğlu
Sevinc Quluzadə “İrəvan xanlığının tarixi coğrafiyası”
Fuad Əliyev, Urfan Həsənov “İrəvan Xanlığı” kitabının materialları əsasında

Comments are closed.