Xristianlığın müqəddəs kitabı “İncil”də belə bir maraqlı məlumat da vardır: İsa Məsih doğulduqdan sonra Şərqdən gəlmiş Melkior (və ya Melikior), Kaspar (və ya Gazaspa) və Baltazar (və ya Baltasar) adlı maqlar ona qiymətli hədiyyələr gətirmişdilər.

Xristianlıqda bu maqlar “üç müqəddəs çar” adlandırılır, onların xatirəsi böyük ehtiramla yad edilir.

Xristian inancına görə, həmin maqların cəsədləri Almaniyanın Köln şəhərindəki məşhur məbəddədir. Avropanın ən böyük kilsəsi olan bu məbəd məhz maqların qalıqlarının saxlanması üçün inşa edilmişdir.

Xristian rəvayətlərində deyilir ki, maqların müqəddəs cəsədlərini Şərqi Roma imperatoru I Konstantinin (272–337) anası Helena (250–330) tapmışdı. Onları əvvəlcə Konstantinopol şəhərindəki kilsələrdən birinə qoymuşdular.

IV əsrdə İmperator I Konstantinin tapşırığı ilə katolik müqəddəsi Eustorgius (?–350) həmin qalıqları İtaliyanın Milan şəhərinə aparmışdı. Müqəddəs Roma imperiyasının imperatoru I Frederik Barbarossa (1122–1190) 1164-cü ildə Milan şəhərini hücumla aldıqdan sonra maqların cəsədlərini Köln şəhərinə göndərmişdi. 1248-ci ildə isə Köln məbədinin əsası qoyulmuşdu.

Qeyd etmək lazımdır ki, İsa Peyğəmbərin dövründə (eramızın I əsrində) Yerusəlimdən şərqdə yerləşən ilk ölkə Ərsakilər imperiyası, onun mərkəzi vilayətlərindən biri isə Azərbaycan idi. Tarixdən bəllidir ki, Zərdüşt Peyğəmbərin dininə etiqad etmiş maq adlı tayfa məhz Azərbaycanda yaşamışdır.

Beləliklə, görünür, I Daranın Qaumata tərəfdarlarına qarşı həyata keçirdiyi sərt cəza tədbirləri qədim Midiyanın maq boyunun axırına çıxa bilməmiş, eramızın I əsrində məhz bu tayfanın nümayəndələri Yerusəlimə gəlib İsa Peyğəmbəri ziyarət etmişdilər.

P.S. Bütün bunlarla yanaşı onu da vurğulamalıyıq ki, tarix elmi dini mətnləri mənbə kimi qəbul etmir. Bu isə o deməkdir ki, üç müqəddəs maq barədə əhvalat inamla bağlı olan bir məsələdir.

Amma kim bilir, bəlkə də gələcəkdə elm inkişaf etdikcə yeni faktlar aşkara çıxacaq, bu maqların real tarixi şəxsiyyətlər olduqları, Yerusəlimə məhz Azərbaycandan getdikləri sübut olunacaqdır.

Ardı var…

Müəllif: Milli Kimlik Araşdırmaları Qrupunun üzvü Araz Şəhrili

Comments are closed.