Maraqlı faktlar!
Qarabağın dilbər güşəsi olan Zəngilan, tarixən türk tayfalarının məskunlaşdığı ərazi olmuşdur və oradakı toponimlər bunu birmənalı təsdiq edir.
Rayonun adında qorunmuş türk mənşəli etnos Azərbaycandakı çoxsaylı türk boylarından biri olan, qədim çağlarda adı “sanqi” şəklində yazılan zəngilərdir.
Zəngibasar bölgə adının ortaya çıxmasına səbəb olan Zəngi çayı da vaxtilə öz adını ərazidə məskunlaşmış zəngi boyundan almışdır.
Ümumiyyətlə, İrəvan mahalının digər qədim tayfaları kimi, zəngi boyları da sonralar geniş ərazilərə yayılmışdır.
Britaniyalı şərqşünas Le Strencin(1854-1933) orta əsr mənbələrinə istinadən, Zəngilan haqqında qeydlərinə nəzər salaq:
“Arazın aşağısında Murdan Naim rayonunda Zəngiyan şəhəri yerləşir, burada Araz çayı üzərində ikinci körpü hələ də mövcuddur. Buna farsca Pul-i Xuda-Afərin, “Həmd-səna edilən Allahın körpüsü” deyilir. Müstəvfinin dediyinə görə, 15 (636) ildə Məhəmməd peyğəmbərin səhabələrindən biri tərəfindən tikilmişdir. Murdan (və ya Murad) Nəim ərazisi 30 kənddən ibarət idi.”
Eyni zamanda 15-ci əsrin əvvəllərində İspan səfiri Ruy de Klavixo öz qeydlərində yazırdı:
“Bazar günü səhər biz Santqelan (Zənqilan red.) adlı bir məntəqəyə gəldik və yeməyimizi Tuselar adlanan başqa bir kənddə yedik, orada özlərini türkman adlandıran bir tayfa yaşayırdı.”
Azərbaycanda Zəngəzur, Zəngilan, Sənqəçal, Zəngibasar toponimlərində izini qoymuş zəngilər bir zamanlar Türküstan çöllərinə qədər köç etmişlər. Böyük qazax mütəfəkkiri Çokan Valixanov qırğız mifologiyasında ilxını qoruyan haminin Kambar-Ata, qaramal hamisinin isə Zəngi-Ata adlanmasını qeyd edir.
Buradan görünür ki, zəngi sözü müqəddəs anlamlı ifadədir. Alim Firudin Cəlilov bu boy haqqında yazır:
“İrəvan mahalının güney periferiyaları barədə Asur mənbələrində məlumat vardır. Arazdan aşağı, Urmu gölünün quzey sahilləri Asur qaynaqlarında Sanqibut ölkəsi adlanır.
Qədim türk dilində but/bud “tayfa”, “boy” anlamında işlənən sözdür və “xalq” anlamlı budun sözü də bu kökdən yaranmışdır. Ona görə də Sanqibut adı “sanqi boyu” mənasını verir.”
P.S. Görünən odur ki, Zəngi tayfaları bu bölgədə qədimdən bəri yaşamış və Azərbaycan xalqının formalaşmasında mühüm rol oynamışlar.
İstinad:
1. Zənqilan fb/səh.
2. G. Le Strange, “The lands of the eastern caliphate : Mesopotamia, Persia and Central Asia from the Moslem conquest to the time of Timur.”
3. Ruy de Klavixo, “Diary of a journey to Samarkand to the court of Timur.”
Comments are closed.