Rusiyanın Ural bölgəsində Şamaxı məskənləri və Barda rayonu

Azərbaycanın qədim yaşayış məntəqələrindən və mədəniyyət mərkəzlərindən biri də Şirvanşahlar dövlətinin paytaxtı olmuş Şamaxı şəhəridir.

Yunan coğrafiyaçısı Klavdius Ptolomeyus (100–170) qeyd edirdi ki, “29 alban şəhərindən birinin adı Kamexiyadır”. Güman olunur ki, Kamexiya, əslində, elə Şamaxı şəhəridir.
Azərbaycan tarixçiləri Sara Aşurbəyli (1906–2001) və Qiyasəddin Qeybullayev (1934–2002) belə bir fikir irəli sürmüşdülər ki, “Şamaxı toponimi V və VII əsr ərmən mənbələrində adı çəkilmiş köçəri ijmax tayfasının adı ilə bağlıdır. IV əsrdə Məsqət (Massaget) hökmdarının qoşunu əsasən hunlardan və ijmaxlardan təşkil olunmuşdu”. Məsqət ölkəsi indiki Dağıstanın cənub hissəsindən və Azərbaycanın Şirvan bölgəsindən ibarət idi.

Ərəb tarixçisi Əhməd ibn Bəlazuri (820–892) yazırdı ki, bu şəhərə Şirvan məliki olmuş Şəmmax ibn Şucanın (VIII əsr) adı verilmişdir.

Bəzən Şamaxı şəhərinin adını qədim Şam (Suriya, İordaniya, Livan, Fələstin, indiki İsrail) ölkəsinin (vilayətinin) adı ilə də əlaqələndirirlər. Deyilənə görə, “Şam” və “əxi” sözlərindən yaranmış Şamaxı toponimi “Şamın qardaşı” anlamını ifadə edır.
Belə bir fərziyyə də vardır ki, Şamaxı şəhərinin adı “şah” titulundan və İran dillərindəki “max” (dayanacaq, düşərgə, məntəqə) sözündən əmələ gəlmişdir.

Şamaxı toponiminə bənzəyən yer adları başqa ölkələrdə də mövcuddur. Onlardan bəzilərinə nəzər salaq:
Şimaki – Polşanın Podlaskie və Masovian voyevodalıqlarında iki kənd. Polşa qədim alan–alban tayfasının köç edib məskunlaşdığı ölkələrdən biri olmuşdur.
Şamaki – Rusiya Federasiyasının Kirov vilayətinin Kiknur dairəsində “ölü” rus kəndi. Amma qeyd etməliyik ki, bu ərazilər əski zamanlarda tatar və mari xalqlarının yurd yerləri olmuşdur. Ola bilsin ki, Şamaki, əslində, tatar toponimidir.
Şamak – Ukrayna Respublikasının Krım (Qırım) MR-də keçmiş tatar kəndi. 1944-cü ildə Krım tatarlarını Orta Asiyaya sürgün etdikdən sonra ruslar onun adını dəyişib Baranovka qoymuşlar.
Şamaka – Qazaxıstan Respublikasının Semey vilayətinin Jarma rayonunda kənd.
Şomekey – Qazax xalqının Kiçik Juzunun qədim tayfalarından biri.
Şumhay, Şumxay, Şemkay – Ukrayna Respublikasının Krım MR-də keçmiş tatar kəndi. 1944-cü ildə Krım tatarlarını Orta Asiyaya sürgün etdikdən sonra ruslar onun adını dəyişib Zareçnoye qoymuşdular.
Şəməxə, Şemaxi – Rusiya Federasiyasının Çelyabinsk vilayətinin Nyazepetrovsk rayonunda kənd və onun yaxınlığından axan çay. Rəvayətə əsasən, 1713-cü ildə başqırdların xatay tayfasının qışlaq yerində salınmış bu kənd həmin tayfanın başçısı olmuş Şəməxullanın adını daşıyır. Deyilənə görə, Şemaxi adı əvvəlcə çaya, sonra isə onun onun sahilində salınmış kəndə verilmişdir.

Maraqlıdır ki, sözügedən xatay tayfasının altı əsas nəslindən biri yalan (alan–alban) adlanır. Başqırd dilində çölə, düzənlik əraziyə də “yalan” deyilir. Xatırladaq ki, bu söz digər türk dillərində “alan” formasındadır.
Haşiyə. Tanınmış rus yazıçıları İvan Katayev (1902–1937), Valentin Katayev (1897–1986), Pavel Katayev (1938–2019) və məşhur “On iki stul” əsərinin həmmüəllifi Yevgeni Petrov (1902–1942), riyaziyyatçı Andrey Kolmoqorov (1903–1987), bəstəkar İlya Katayev (1939–2009), kinooperator Pyotr Katayev (1930–1986) ruslaşmış başqırd xataylarının nəslindəndirlər.

“RF-nın genofondu” (генофонд.рф) portalının məlumatına əsasən, bugünədək DNT testindən keçmiş xatayların hamısı Y-xromosomlu R1A haploqrupunun Z2123 subkladının daşıyıcısıdır. Qeyd edək ki, qədim skiflərin, sarmatların və alanların əhəmiyyətli bir hissəsi R1A haploqrupunun Z93, Z2123 və Z2124 subkladlarına aid idi.
Araşdırma prosesində diqqətimizi daha bir maraqlı bənzərlik cəlb etdi… Çelyabinsk vilayətindəki Şemaxi çayı öz mənsəbini yerli başqırd xataylarının Bardı adlandırdıqları dağ silsiləsindən götürür. Xatırladaq ki, IV–VII əsrlərdə Qafqaz Albaniyasının paytaxtı olmuş digər qədim şəhərimizin adı Bərdədir.

Onu da vurğulamaq lazımdır ki, qədim tatar–başqırd torpaqlarında Barda toponimi geniş yayılmışdır. Məsələn, RF-nın Perm diyarının ən böyük rayonlarından birinin adı Bardadır. Rayon əhalisinin 91,3 faizi tatarlar və başqırdlardır.
Barda rayonunun inzibati mərkəzi və ən iri yaşayış məntəqəsi Barda adlı tatar–başqırd kəndidir. Perm diyarında yaşayan başqırdlar hər il Barda kəndinə yığışıb orada Barda-ziyen adlı yaz bayramını təntənə ilə qeyd edirlər.

Perm diyarında Bardabaşka adlı daha iki başqırd kəndi, Spaso-Barda adlı rus kəndi, Verxnyaya Barda və Nijnyaya Barda adlı iki kənd, Barda və Bardabaşka adlı dörd çay da vardır. Tatarlar və çuvaşlar bu toponimi Barda formasında, başqırdlar isə həm də Bardı şəklində tələffüz edirlər.

Nəticə. Azərbaycanın Şamaxı şəhərinin adı məhz qədim alan–alban tayfası ilə əlaqəlidir.

Müəllif: Milli Kimlik Araşdırmaları Qrupunun üzvü Araz Şəhrili

Comments are closed.