Abbas Mirzə, Qacarlar dövlətinin banisi və ilk hökmdarı Ağa Məhəmməd şahın (1742-1797) sevimli qardaşı nəvələrindən biri idi.
Qacar yasasına görə hökmdardan sonra taxta çıxacaq vəliəhdin həm atası, həm də anası Qacar soyundan olmalı idi. Buna görə də atası Fətəli şah Qacardan (1768-1834) sonra şahlığa namizəd kimi Abbas Mirzə Qacar vəliəhd elan edilmişdi.

Gənc yaşlarından Azərbaycana olan sevgisi onu Qacarlar dövlətinin Azərbaycan bəylərbəyliyinə və Azərbaycan Ordusu komandanlığına qədər yüksəltmişdi.

1801-ci ildə Gürcüstan 18 il əvvəl Rusiya ilə imzaladığı Georgiyevsk müqaviləsini təzələyərək yenidən rus təbəəliyinə keçdi və rusların cənubi Qafqaza yolu açılmış oldu. İlk olaraq Car-Balakən ardınca isə Gəncə işğal edildi.

Gəncənin süqutu, Qacar nəslindən olan Cavad xan və oğlanlarının qətlə yetirilməsi Abbas Mirzənin komandanlığındakı Azərbaycan Ordusunu hərəkətə gətirdi. Beləliklə, tarixçilikdə yalnış olaraq yazılan I Rusiya-İran, əslində isə Rusiya-Azərbaycan savaşı başladı. Əminliklə deyə bilərik ki, bu müharibələr Rusiya-Azərbaycan arasında baş verib

Xatırlatmaq lazımdır ki, Rusiya ilə döyüşən Azərbaycan bəylərbəyi Abbas Mirzənin komandanlığı altında Azərbaycan ordusunun tamamını Azərbaycan türkləri təşkil edir, təchizat və təminatı Qacarlar dövlətinin Azərbaycan bəylərbəyliyinin (cənubi Azərbaycan) vəsaiti hesabına həyata keçirilirdi. Azərbaycan uğrunda Rusiya ilə müharibə aparan Qacarlar dövləti idi.

Müharibə Azərbaycan torpaqlarında gedirdi və nəticə olaraq Azərbaycan ərazisinin bir hissəsinin işğalı ilə başa çatdı.
Beləlilə, 1804-cü ilin baharında sərkərdə Abbas Mirzənin rəhbərliyində 60 minlik Azərbaycan Ordusu Araz çayını keçərək işğalçı rus ordusu ilə savaşa başladı. Savaşın ilk günləri Azərbaycan Ordusu üçün uğurlu oldu. İrəvan ətrafında Üçmüəzzin və Qəmərli döyüşlərində ruslar məğlub oldular. Ardınca 1806-cı ildə general Sisianov Bakıda öldürüldü və bu hadisə rus ordusu içərisində çaşqınlığa və xaosa səbəb oldu.
Lakin rusların modern ordusuna qarşı köhnə silahlarla silahlanmış Azərbaycan Ordusu düşmən qarşısında çox duruş gətirə bilmədi və nəticədə 1812-ci ildə Aslandüz döyüşündə Abbas Mirzənin ordusu məğlub oldu. Bu məğlubiyyət Qacarları Rusiya ilə Gülüstan müqaviləsini imzalamağa vadar etdi.

Birinci savaşdakı ağır məğlubiyyət, Abbas Mirzəni çoxdan arzusunda olduğu “ordu islahatını” həyata keçirməyə tələsdirdi. Avropa dövlətlərinə xas olan modern ordu yaratmaq, onu müasir silah-sursatla təchiz etmək məqsədilə Fransa ilə danışıqlar başlandı.
Çox keçmədən İranın bir çox şəhərlərində silah və toptökmə zavodları işə salındı. Eyni zamanda Azərbaycan Ordusuna döyüş təlimləri keçirilir və orduda nizam-intizam möhkəmləndirilirdi.
Abbas Mirzənin əmri ilə Azərbaycan əhalisi vergidən azad edilmişdi. O hesab edirdi ki, Rusiya ilə müharibənin bütün ağırlığı Azərbaycan bəylərbəyliyinin üzərində olduğu üçün əhali vergidən azad edilməlidir. Azərbaycan əhalisi arasında ona xüsusi hörmət, sayğı və inam var idi.

1825-ci ildə Rusiyada dekabristlər üsyanını fürsət bilən Fətəli şah Qacar Rusiya ilə yeni müharibəyə başlamaq və itirilən əraziləri geri qaytarmaq məqsədilə Abbas Mirzə komandanlığındakı Azərbaycan Ordusunu yenidən savaşa göndərdi. Müharibənin ilk günləri uğurlu olsa da sonrakı Gəncə və Şəmkir ətrafındakı döyüşlərdə Qacar ordusu məğlub oldu.
Eyni zamanda gərgin döyüşlərdən sonra Sərdarabad qalası da ruslara təslim edildi. Ruslar bu qələbədən bəhrələnərək Təbrizi ələ keçirdilər və Ərdəbilin işğalı təhlükəsi yarandı.
Savaşın ölkənin içərilərinə doğru genişlənməsi Qacarları Rusiya ilə yeni danışıqlara getməyə məcbur etdi və 1828-ci il Fevralın 10-da Təbriz yaxınlığındakı Türkmənçay kəndində iki ölkə arasında saziş imzalandı. Bununla da, Azərbaycanın şimal torpaqlarının Rusiya tərəfindən işğalı başa çatdı.

Bütün bunlara baxmayaraq Abbas Mirzə Qacar ətrafındakı qüvvələri toparlamağa və rusların ölkənin içərilərinə doğru hərəkətinə qarşı mübarizəyə başladı. Qısa müddətdə buna nail olan Abbas Mirzə Xorasanda baş verən üsyan səbəbindən ora getdi və üsyanı yatırdı. Lakin Xorasanda olarkən gəncliyində tutulduğu xəstəlik onu yaxaladı və 1833-cü ildə Azərbaycanın böyük sərkərdəsi Məşhəd şəhərində vəfat etdi.
Abbas Mirzənin qızı öz xatirələrində atasının son nəfəsində “Azərbaycan” deyərək vəfat etdiyini yazıb. Oğlu Feridun Mirzəyə yazdığı məktubunda da Abbas Mirzə “mənim evim Azərbaycandır” deyərək xitab etmişdi.
Göründüyü kimi, sərkərdə Abbas Mirzə, bütün ömrünü öz dövlətinə, xalqına, doğma Azərbaycanına həsr etdi və bu yolda 25 il əlində qılınc usanmadan döyüşdü.

Lakin Qacarların Azərbaycan uğrunda ruslarla mübarizəsi bununla bitmədi.
Abbas Mirzənin nəvələri (oğlu Bəhmən Mirzə Qacarın oğulları) Azərbaycan Cümhuriyyətinin milli ordusunda rus-sovet işğalına qarşı son nəfəslərinə qədər mübarizə apardılar.
Belə ki, 1920-ci ildə Gəncə üsyanının rəhbərləri arasında Bəhmən Mirzə Qacarın oğlanları da var idi. Onun oğlu general-mayor Məhəmməd Mirzə Qacar üsyan zamanı Gəncə şəhərinin hərbi komendantı idi və üsyan yatırılan zaman ruslar tərəfindən tikə-tikə doğranıldı.

Həmçinin digər oğlu general-mayor Əmir Kazım Mirzə Qacar üsyanın fəal iştirakçılarından olduğu üçün 1920-ci ildə güllələndi. Bəhmən Mirzənin nəticəsi general-mayor Feyzulla Mirzə Qacarda Gəncə üsyanında şəhadətə yüksəldi.

Mənbə:
Əminə Pakrəvan, Abbas Mirzə və Azərbaycan.
Yılmaz Karadeniz, Kaçarlar döneminde İran (1795-1925).

Araşdırmanın müəllifi: Elbrus Vahidov.
Tural Qaffarov

Comments are closed.