Səfəvi tarixi ilə bağlı təkcə elmi-publisistik müstəvidə fəaliyyətlə kifayətlənmək olmaz.
İlk növbədə ədəbiyyat və incəsənət sahəsində Şah İsmayıl və Səfəvi mövzularına geniş işıqlandırılmasına nail olmalıyıq.
Məgər Şeyx Səfidən tutmuş, üzü bəri dörd yüz illik Səfəvi tarixi bizə hekayələr, roman povestlər, pyeslər yazmaq, filmlər çəkmək üçün azmı faktlar göstərir?
Məgər Şah İsmayıl Xətainin və ümumilikdə, Səfəvi dönəminin klassik poeziyası bizə azmı bədii təsir bağışlayır?
Yaxud, Səfəvi minatürləri, xalçaları, xəttatlıq- nəqqaşlıq nümunələri bizim müasir rəssamlar, dizaynerlər üçün azmı estetik tapıntılar qoruyub saxlayır?
Məgər Şah İsmayıl haqqında bu vaxta qədər yazılmış barmaqla sayılası əsərlər doğurdanmı onu bütün rakurslardan işıqlandırmağa kifayət edir?
Zənnimcə bu obraza təkrar-təkrar, dəfələrlə müraciət edilməlidir.
Əgər şair və yazıçılarımız, dramaturq və rejissorlarımız bu mövzunu müxtəlif müasir və maraqlı üslublarda, formalarda təkrar-təkrar işıqlandıra bilsələr, onda geniş xalq kütlələrinin, ələlxüsus gənclərin də Şah İsmayıl obrazına və Səfəvi mədəniyyətinə marağı və həvəsi artmış olar.
Məgər Şah İsmayıl şəxsiyyətinin bizim üçün dəyəri, Birinci Pyotrun ruslar üçün, ya Napoleonun fransızlar üçün olan dəyərindən əskikdirmi? Niyə adıçəkilən dövlət xadimləri barəsində yüzlərlə, hətta minlərlə bədii əsər, incəsənət nümunəsi yaradılıb? Biz niyə geri qalmalıyıq?
Yəni bizim tarix və mədəniyyətimiz bu qədər kasıbdır?
Nə vaxtacan qələm sahiblərimiz «filankəs filankəsi belə ittiham etdi», «filankəs filankəsə belə cavab verdi», «filankəsin arvadı ona xəyanət elədi», «Filankəsin yatağından filankəs çıxdı» kimi «bomba yazı»lara enerji sərf edib, ziyalı mühitin şüurunu zəhərləyəcək?
Niyə bizim yeniyetmələr qəhrəmanlığı «Spaydermen»lərdən, ağıllı olmağı «Meqamozq»lardan, vətən sevgisini «Vilyam Volos»lardan, poetik ruhu «Kələbək röyaları»ndan, cəngavərlik şərəfini «Ceday»lardan öyrənməlidi?
Hələ Azərbaycan tarixinin başqa parlaq səhifələrini, tarixi şəxsiyyətlərini kənara qoyuram, əgər bircə Şah İsmayıl Xətai şəxsiyyətində bütün bu keyfiyyətlər birləşirsə, niyə onu lazımi səviyyədə təbliğ etməyək?
Etməliyik. Və edəcəyik. Əgər iyirmi birinci əsrdə dünyanın, hər mənada böyük və bütöv xalqları sırasına çıxmaq istəyiriksə, geniş mənada, Səvəfi ağlı və Qızılbaş gücündən istifadə etməliyik… Zənnimcə, milli-ideoloji baza olaraq, bundan optimal variant görünmür.
İlqar Fəhmi
Comments are closed.